Ağdamda heyvandarlıq məhsulları istehsalı artıb
Ağdam rayonunda kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlıq stabil inkişaf edir. 2022-ci ilin yanvar-avqust aylarında da heyvandarlıq sahəsində uğurlu nəticələr əldə olunub. Mal-qaranın cins tərkibi daha da yaxşılaşıb, heyvandarlıq məhsulları istehsalında artım qeydə alınıb.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari ilin yanvar-avqust aylarında rayonda diri çəkidə ət istehsalı 3347,4 ton olmaqla 2,8 faiz, süd istehsalı 28 min 777,8 ton olmaqla 5,2 faiz, yumurta istehsalı 13.567 min ədəd olmaqla 5,1 faiz, yun istehsalı 203,4 ton olmaqla 0,3 faiz artıb.
Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların cins tərkibinin yaxşılaşdırılması mühüm rol oynayır. Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir. 2022-ci ilin səkkiz ayında 3775 baş inək və düyələr süni mayalandırılıb, 2029 baş cins tərkibi yaxşılaşdırılmış buzov alınıb.

