Qartal olub göylərində uçum mən – FOTO
Respublikamızın dilbər guşələrindən olan Laçın zəngin təbii sərvətlərə və əsrarəngiz gözəlliyə malik diyardır. Ana təbiət bu diyarın gözəlliyi üçün heç nəyi əsirgəməyib. Saf iqlimi, uca dağları, zəngin meşələri, buz kimi bulaqları, geniş yaylaları ilə könül oxşayan rayonun təbiəti ilin bütün fəsillərində insanı valeh edir. Burada maraqlı relyef formaları, qədim mağaralar görənlərin marağına səbəb olur.
Rayonun şərqində Qarabağ silsiləsinin cənub-qərb yamacları, şimalında Mıxtökən silsiləsi uzanır. Cənub-qərb hissəsini Qarabağ yaylası tutur. Ən yüksək dağ zirvəsi Qızılboğazın hündürlüyü 3594 metrdir. Bol su ehtiyatlarına malik olan rayonun ərazisindən axan Şəlvə və Minkənd çayları birləşərək Həkəri çayını (uzunluğu 113 kilometr) yaradır ki, bu çay da Araz çayına qovuşur. Ərazisində Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Tiqiq, Turş-tiqiq, Nurəddin, Nağdalı, Hacıxanlı kimi müalicəvi əhəmiyyətli bulaqlar, zəngin meşələr, yaylaqlar var.
ARANTV.AZ azərbaycanlı fotoqraf Lyokinin erməni işğalından azad olunan Laçın rayonunda çəkdiyi fotoları təqdim edir.


