Zəruri dərs!
Azərbaycan öz təhlükəsizliyinin təmin edilməsi üçün adekvat addımlar atmaq məcburiyyətində idi…
Müzəffər Azərbaycan Ordusu cəmi 7 saat davam edən unikal “Qətiyyətli cavab” əməliyyatını gerçəkləşdirməklə Ermənistanın uzun müddətdir qurduğu planları alt-üst etdi. Qısa vaxt ərzində düşmənin dövlət sərhədimizin Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurduğu və Azərbaycanın təhlükəsizliyinə təhdid yaradan bütün hərbi təyinatlı obyektləri darmadağın edildi.
Vətən sevgisini öz canından artıq bilən qəhrəman əsgər və zabitlərimiz doğma torpağımızın müdafiəsi zamanı müqəddəs şəhidlik zirvəsinə ucaldılar. Canlarını doğma Azərbaycan uğrunda qurban verən şəhidlərimiz həm düşmənə, həm də bütün dünyaya nümayiş etdirdilər ki, bu böyük xalqın general Polad Həşimov kimi qəhrəmanları hər zaman olub, bu gün də var və sabah da olacaq!
Sentyabrın 12-dən 13-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən dövlət sərhədimizin müxtəlif istiqamətlərində atəşkəsin növbəti dəfə kobudcasına pozulması düşmənin avantürist planlarının bir hissəsi idi. Belə ki, hadisələrin ardıcıllığı Ermənistanın siyasi-hərbi rəhbərliyinin açıq şəkildə təxribatların baş verməsində maraqlı olduğunu göstərirdi. Xüsusilə son vaxtlar düşmən ölkədə revanşist əhval-ruhiyyə qızışdırılır, “torpaqların qaytarılması”, “Qarabağın müstəqilliyinin təmin edilməsi” və digər danışıqlar və sülh prosesinə zərbə vuran bu kimi iddialar süni şəkildə stimullaşdırılırdı. Paralel olaraq, düşmənin davam edən hərbi təxribatlarının nəticəsində son bir ay ərzində demək olar ki hər gün Azərbaycanın Kəlbəcər, Laçın, Zəngilan, Daşkəsən və Gədəbəy rayonları istiqamətlərində ordumuzun mövqeləri intensiv şəkildə atəşə tutulurdu. Bununla da ermənistan hakimiyyəti açıq şəkildə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli bəyanatların müddəalarını, həmçinin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Belçikanın paytaxtı Brüsseldə keçirilmiş görüşlər zamanı əldə edilmiş razılaşmalara əhəmiyyət vermədiklərini nümayiş etdirirdilər. Məqsəd məlum idi: Sülh danışıqlarını ləngitmək və pozmaq, üçtərəfli bəyanatlarla üzərinə götürmüş olduğu öhdəliklərdən yayınmaq və mümkün olarsa tam imtina etmək, kommunikasiyaların açılması, ümumilikdə regionda təhlükəsizliyin təmin olunması istiqamətində irəli sürülən bütün təşəbbüsləri və atılan addımları sabotaj etmək, Azərbaycan sərhədləri yaxınlığında gərginlik mühitini saxlamaq, işğaldan azad edilmiş sərhədyanı rayonlarımızda həyata keçirilən genişmiqyaslı mülki infrastruktur layihələrinin icrasına hər vasitə ilə mane olmaq.
Ermənistan hakimiyyəti 44 günlük İkinci Qarabağ müharibəsi zamanı darmadağın edilmiş ordusunu bərpa etmək istiqamətində də iş aparır, Rusiya, ABŞ, bəzi Avropa ölkələrindən silah alınmasına və silahlı qüvvələrin təchizat məsələlərinin həllinə çalışırdı. Bundan əlavə, Azərbaycanın Qarabağ iqtisadi rayonunun Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərə də Ermənistandan qeyri-qanuni olaraq hərbçilər və silah, eyni zamanda, beynəlxalq konvensiyalarla qadağan edilmiş piyadalar əleyhinə minalar göndərilir, orada yeni müqavimət nöqtələrinin yaradılmasına cəhdlər olunurdu. Halbuki 10 noyabr Bəyanatının müddəalarına görə, Ermənistan ordusunun birləşmələri Azərbaycan ərazilərindən dərhal çıxarılmalı idi. Digər tərəfdən, düşmən sərhədimizdə yeni hərbi obyektlər yaradır, Kəlbəcər və Laçın istiqamətində gələcək hücum üçün plasdarm formalaşdırılırdı.
Ermənistanın baş naziri Nikol Paşinyanın sentyabrın 7-də Vladivostokda keçirilmiş 7-ci Şərqi İqtisadi Forumunda çıxışı zamanı açıq şəkildə yeni hərbi qarşıdurma iddiası səsləndirməsi isə düşmənin məqsədini bir daha ortaya qoydu və faktiki olaraq sentyabrın 12-də başlanan gərginliyin siyasi anonsu oldu. Bütün bu baş verənlər göstərirdi ki, Ermənistan uzun müddətdir revanşa hazırlaşır və bunun üçün həm siyasi, həm hərbi, həm də informasiya zəmini yaradır. Görünür, Laçının təhvil verilməsi Ermənistan hakimiyyəti üçün növbəti ağır zərbə olduğundan Paşinyan çıxış yolu olaraq daxil təzyiqləri neytrallaşdırmaq, ictimai rəyi dəyişmək üçün yeni hərbi-siyasi avantüraya başlamağa qərar verdi. 2020-ci il iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində ermənilərin atəşkəsi pozması nəticəsində baş verən qarşıdurmanı xatırladan bütün bu reallıqlar cavab tədbirlərinin görülməsini zərurətə çevirdi. Azərbaycan öz təhlükəsizliyinin təmin edilməsi üçün adekvat addımlar atmaq məcburiyyətində idi, əks halda, düşmənin daha kəskin təxribatları ilə üzləşəcəkdi…
Xatırladaq ki, Azərbaycan Ermənistanın revanşist siyasətini dəfələrlə ən müxtəlif səviyyələrdə ifşa edib, həyata keçirilən hazırlıqların hansı məqsədə xidmət etdiyini faktlar əsasında göstərib və bu cəhdlərin düşmən ölkənin özü üçün ağır nəticələrə gətirib çıxaracağını bildirib. Sentyabrın 12-dən 13-ə keçən gecə ermənilərin növbəti avantürasının nəticələri bir daha göstərdi ki, regionda formalaşmış yeni reallığın dəyişdirilməsi isitqamətində atılan istənilən addım Ermənistanın özü üçün yeni faciələrə səbəb olacaq.
Məlum olduğu kimi, müzəffər Azərbaycan Ordusu cəmi 7 saat davam edən unikal “Qətiyyətli cavab” əməliyyatını gerçəkləşdirməklə Ermənistanın uzun müddətdir qurduğu planları alt-üst etdi. Qısa vaxt ərzində düşmənin dövlət sərhədimizin Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurduğu və Azərbaycanın təhlükəsizliyinə təhdid yaradan bütün hərbi təyinatlı obyektləri darmadağın edildi. Çoxlu sayda hərbi texnika, ümumi dəyəri yarım milyard ABŞ dollarından artıq olan iki S-300 zenit-raket kompleksi, 200 nəfərdən artıq canlı qüvvə, müxtəlif hərbi obyektlər və onlarla post məhv edildi. Hazırda erməni hərbi hospitallarında və mülki xəstəxanalarında yüzlərlə yaralı var. Darmadağın edilmiş həmin hərbi obyektləri bərpa etmək üçün Ermənistana ən azı 4-5 il vaxt lazımdır. Ən əsası isə əks-hücum əməliyyatı zamanı Silahlı Qüvvələrimizin bölmələri həmin bölgədə bütün nəqliyyat-kommunikasiya sistemini, çox mühüm yüksəklikləri vizual və atəş nəzarətinə götürüb. Bununla da düşmənin ölkəmizə qarşı hər hansı real təhlükə imkanları yox edilib.
“Qətiyyətli cavab” əks-hücum əməliyyatı Ermənistanın ölkəmizə və hərbi bölmələrimizə qarşı ardıcıl həyata keçirdiyi təxribatların hansı acı nəticələrə gətirib çıxaracağını bir daha göstərmiş oldu. Odur ki, düşmən nəhayət başa düşməlidir ki, hər belə hərbi təxribat yalnız onun özünə ziyan vuracaq və heç bir zaman kiməsə, hansı qüvvələrəsə arxalanıb ölkəmizi şantaj edə bilməz. Düşmən anlamalıdır ki, bu gün Azərbaycanın təkcə Cənubi Qafqazda deyil, bütün dünyada öz qüdrəti ilə seçilən güclü ordusu, layiqli dost və tərəfdaşları var. Bu gün həm də 2020-ci il Tovuz hadisələri baş verən vaxtdan fərqli olaraq ərazi bütövlüyümüzü təmin etmişik, işğal altındakı sərhəd rayonlarımızda indi qəhrəman sərhədçilərimiz Vətənin keşiyində dayanıblar və düşmənin istənilən təxribatlarına layiqli cavab vermək iqtidarındadırlar.
Təəssüf ki, Ermənistanın son təxribatı nəticəsində həyata keçirilən “Qətiyyətli cavab” əməliyyatı itkisiz ötüşmədi. Vətən sevgisini öz canından artıq bilən onlarla qəhrəman əsgər və zabitimiz doğma torpağımızın müdafiəsi zamanı müqəddəs şəhidlik zirvəsinə ucaldılar. Canlarını doğma Azərbaycan uğrunda qurban verən şəhidlərimiz həm düşmənə, həm də bütün dünyaya nümayiş etdirdilər ki, bu böyük xalqın general Polad Həşimov kimi qəhrəmanları hər zaman olub, bu gün də var və sabah da olacaq! Torpağımıza göz dikənləri, yurdumuza kəm gözlə baxanları da hər zaman və hər yerdə “Təki Vətən sağ olsun!” deyən Vətən oğulları qarşılayacaq – onların “Qətiyyətli cavab”ını vermək üçün!

