Gündəm 

Təşəkkürlər, Türkiyə!..

Bu gün Türkiyə-Azərbaycan münasibətləri, dostluğu və qardaşlığı ən yüksək zirvədədir. Ölkələrimiz arasında əlaqələrin çox yüksək səviyyədə olması iki qardaş xalqın daha da güclənməsinə, tərəqqisinə, eləcə də regionda sabitliyin, əməkdaşlığın və təhlükəsizliyin bərqərar olmasına mühüm töhfələr verir. Qırx dörd günlük Vətən müharibəsi zamanı dünya bir daha bunun şahidi oldu. Müharibənin ilk günlərindən qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman onun yanında olduğunu bildirdi.

2021-ci il iyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşündən sonra Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında “Şuşa Bəyannaməsi”nin imzalanması bunun əyani təsdiqidir. Qarabağın tacı Şuşa şəhərində iki dost arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması tarixi hadisə kimi yaddaşlarımıza həkk olundu. İki qardaş ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinə, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənən saziş Azərbaycan və Türkiyənin liderliyi ilə yeni regional geosiyasi konfiqurasiyanın qurulmasının başlanğıcı kimi dəyərləndirilir. “Şuşa Bəyannaməsi”ndə diqqəti çəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Burada qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bir-birini qoruyacaqlar.

Sentyabrın 13-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə telefon danışığı zamanı bildirib ki, Türkiyə hər zamankı kimi, Azərbaycanın yanındadır. Prezidentimiz ölkəmizin də hər zaman bütün məsələlərdə qardaş Türkiyənin yanında olduğunu qeyd edib.

Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Azərbaycanın qələbəsi ilə nəticələnən müharibədən sonra bu vəziyyəti qəbuledilməz hesab edirik: “Bütün dünya bilməlidir ki, biz azərbaycanlı qardaşlarımızın yanındayıq. Təcavüzkar mövqeyini davam etdirən Ermənistan bu vəziyyətin nəticələrini görəcək. Bir daha şəhidlərimizə rəhmət diləyirəm. Başda qardaşım İlham Əliyev olmaqla bütün Azərbaycan xalqına başsağlığı verirəm”.

Qardaş ölkənin xarici işlər naziri bu barədə “Tvitter” hesabında yazıb: “Azərbaycan-Ermənistan sərhəd xəttində baş verən toqquşmalarda həyatını itirən Azərbaycan ordusunun qəhrəman şəhidlərinə başsağlığı, yaxınlarına səbr, qardaş Azərbaycan xalqına başsağlığı verirəm. Türkiyə hər zaman Can Azərbaycanın yanında olacaq”.

Həmin günlərdə Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycana dəstək videosu yayıb. Paylaşımda bildirilir: “Biz doğma qardaşıq, bir millət, iki dövlətik. Bakının düşmən işğalından azad olunmasının 104-cü ildönümünü qeyd etdiyimiz bu xüsusi gündə Ermənistanın təcavüzkar və təxribatçı hərəkətlərinə güclü şəkildə duruş gətirən Qəhrəman Azərbaycan Ordusunu və nəcib Azərbaycan türk qardaşlarımızı salamalayırıq!”.

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı bildirib ki, Azərbaycan terrorçu Ermənistan qarşısında tək deyil: “Can Azərbaycan terrorçu Ermənistan dövləti və onun arxasında duran zalımlar qarşısında heç vaxt tək deyil. Türk milləti öz soydaşlarının arxasındadır. Milliyyətçi Hərəkat Partiyası ermənilərin hücumlarını pisləyir və Qarabağın azad olunmasına qarşı uzanan əllərin qırılacağına inanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə qardaş ölkə Azərbaycan hər cür qəddar və nalayiq oyunları məhv etməyə qadirdir. Türkiyənin də dəstəyi tamdır”.

Türkiyənin aparıcı siyasi təşkilatlarından olan Böyük Birlik Partiyasının sədri Mustafa Destici bildirib: “Erməni hakimiyyətinə deyirik: Ağlınızı başınıza yığın, türk millətinin Ermənistanı tarixdən və regiondan silə biləcək qüdrətə sahib olduğunu və səbrimizin sərhədində dayandıqlarını təkrar xatırladıram”.

Qardaş ölkənin tanınmış siyasətçilərindən Atilla Kaya mətbuata müsahibəsində bildirib ki, Türkiyə, türk dünyası, hər birimiz sona kimi qardaş Azərbaycanın yanındayıq: “Allaha çox şükür ki, şəhidlərimizin olmasına rəğmən şanlı Azərbaycan Ordusu təcavüzkar, aqressiv erməni təxribatçılarına lazımı cavabı verib. Bizlər də şanlı Azərbaycan Ordusu ilə qürur duyduğumuzu da ifadə edirik. Biz könlümüz, qəlbimiz, hər şeyimizlə azərbaycanlı qardaşlarımızın yanındayıq. Allah Azərbaycanı qorusun. Azərbaycan Ordusu güclü, qüvvətli və haqlıdır. Ən sonda da qalib Azərbaycan olacaq”.

Bəli, qırx dörd günlük Vətən müharibəsində olduğu kimi, sentyabrın 12-dən 13-ə keçən gecə Ermənistanın silahlı qüvvələrinin ölkəmizə qarşı törətdiyi genişmiqyaslı təxribatların ilk saatlarından etibarən Azərbaycan xalqı dost, qardaş Türkiyənin dəstəyini hiss etdi. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir.

Təşəkkürlər, Türkiyə!..

Daha çox xəbərlər