Neftçalada tərəvəz sahələrindən 1500 tona yaxın məhsul yığılıb
Neftçalada kənd təsərrüfatının əsas sahələrindən olan tərəvəzçilikdə uğurlu nəticələr əldə edilib. Dövlət tərəfindən kənd təsərrüfatı sahəsinə göstərilən diqqət və qayğıdan, o cümlədən subsidiya və güzəştlərdən yararlanan fermerlər bol məhsul tədarük ediblər. Hazırda yığım davam edir.
Rayon Statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Neftçalada 148,3 hektar sahədə tərəvəz bitkiləri əkilib. Hələlik 137,2 hektar sahədən 1496,7 ton məhsul toplanılıb. Bu göstərici keçən illə müqayisədə 151 ton və ya 11,2 faiz çoxdur. Ayrı-ayrılıqda tərəvəz bitkiləri məhsulu üzrə 134,9 ton bibər, 360,4 ton xiyar, 529 ton badımcan, 311,2 ton pomidor, 44,9 ton qabaq, 31,9 ton sarımsaq, 24,6 ton soğan və 59,8 ton digər tərəvəzlər tədarük olunub.

