İlham Əliyev xalqın bütün arzularını gerçəkləşdirir, Paşinyan, bəs sən nə etmisən?.. – Etirazçı xalq
Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin təxribatına qətiyyətli cavabı gözlənildiyi kimi, Ermənistanda ictimai-siyasi vəziyyəti gərginləşdirib. İndiki vəziyyətdən istifadə etməyə çalışan müxalifət Nikol Paşinyan iqtidarını devirməyə çalışırlar.
Etirazlarda səsləndirilən fikirlərdən aydın olur ki, xalq birmənalı şəkildə nəinki Paşinyan, hətta Sarkisyan-Koçaryan koalisiyasına da yox deyir. Aksiyada iştirak edən Orik Ovanisyan adlı erməni deyib ki, səsləndirilən fikirlər niyə bəzilərini narahat edir: “Biz yalan danışmırıq. Öz vətəndaş mövqeyimizi nümayiş etdiririk. Bizlərə keçmiş hakimiyyət nümayəndələrinin adamları deyirlər. Çəkinmədən fikrimi bildirirəm. Sarkisyan da, Paşinyan da, hər ikisi eyni zibildir”.
Anton Melkumyan adlı etirazçı isə deyib ki, Paşinyan Ermənistana xəyanət etdi: “Bundan əvvəlki dövrdə Sarkisyan vətənimizi, zavodlarımızı, torpaqlarımızın yarısını quldur oliqarxlara, yarısını da xaricilərə satdı. Onun rəhbərliyi altında Ermənistan xaricilər üçün gəlir mənbəyinə çevrildi. Paşinyan gəldikdən sonra da dəyişən bir şey yoxdur. Hər ikisi xalqı yox, öz gələcəklərini fikirləşiblər”.
Son qarşıdurma zamanı həlak olan əsgər Manvel Qasparyanın atası Henrix Nikol Paşinyana müraciət edərək soruşub ki, bütün milləti aldatdığına və övladlarımızın ölümünə səbəb olunduğuna görə nə zaman həbs olunacaqsan: “Müharibə edə bilmirsənsə, bunu açıq söyləyərdin. Boş yerə övladlarımızı qırdın. Mən mühakimə tələb edirəm. Bizə “Artsax” (Qarabağ-red.) lazım deyil. Təmiz İrəvanlıyam. Övladımın o torpaqlarda nə işi var idi axı? Səni yandırmaq kifayət deyil!”
“4rd.am” saytı aksiyada “Facebook” sosial şəbəkəsindəki səhifəsindən canlı yayım açaraq etirazçılara “Sülh müqaviləsi Ermənistan üçün təhlükəli sayıla bilərmi” sualını ünvanlayıb. Bir çox etirazçı qorxmadan, çəkinmədən müstəqil şəkildə fikirlərini ifadə ediblər. Onların sırasında müəllim, həkim, iqtisadçı, mühəndis, biznesmen, usta, idmançı fikirlərinə belə rast gəlmək mümkündür.
Məsələn, ixtisasca iqtisadçı olan Stepan Qriqoryan bildirir: “Acı həqiqət olsa da demək lazımdır. İlham Əliyev yenə Paşinyanı qorxuya salıb. O, hər zaman bizim rəhbərdən çox öndə olduğunu göstərə bilib. Azərbaycan Prezidenti hər gün müxtəlif bəyanatlar verir, bizimki də qorxudan dediyi fikirləri təkzib edir. Hələ üstəlik qorxusundan evinə də gedə bilmir. Acı mənzərədir”.
Robert Mkrtçyan adlı birisi isə açıqlamasında deyib: “İlham Əliyev xalqın bütün arzularını gerçəkləşdirir, Paşinyan, bəs sən nə etmisən?.. Əslində, sülh müqaviləsinin imzalanması hər birimiz üçün möhtəşəm olardı. Bu gün etirazlara yığışanlar heç də müharibə, “Artsax” istəmirlər. Yaxşı gələcək arzulayırlar. Etiraf etmək lazımdır ki, o torpaqlar Azərbaycanındır. Biz daha ölüm istəmirik”.
Parlamentin “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan da bildirir ki, Ermənistan Paşinyan iqtidarı sayəsində sürətlə məhvə gedir: “Türkiyə və Azərbaycanın maraqlarına xidmət edən Paşinyan Zəngəzur dəhlizinin verilməsi tələbindən başqa, onların bütün tələbləri ilə praktiki olaraq razılaşıb. Amma biz görürük ki, üzük daralır, çünki ordunun bərpası və diplomatiya sahəsində addımların atılması üçün qiymətli vaxt itirilib. Nə qədər ki, Ermənistan məğlubiyyət simvolu kimi təmsil olunacaq, itkilər və təhlükələr durmadan artacaq. Paşinyan öz hakimiyyətini saxlamaq məqsədi ilə Brüssellə Moskva arasında oynayıb, Ermənistanı çətin vəziyyətə salıb, ölkəni geosiyasi qarşıdurmalar teatrına çevirib. Bütün bunlara paralel olaraq Bakının mövqeləri güclənib, çünki heç kim zəif Ermənistanı nəzərə almır. Əksinə, Azərbaycan tələblərini bizim istəyimiz hesabına təmin etməyə cəhdlər edilir”.
Göründüyü kimi, sonuncu təxribatları zamanı da hərbi məğlubiyyətə uğrayan Ermənistan özünün ən ağır və əzablı günlərini yaşayır. Hazırda ölkədə bütün sahələrdə dərin xaos hökm sürür. Bütövlükdə, proseslərin gedişi işğalçı ölkəni qarşıdakı dövr ərzində daha çətin günlərin və qarşıdurmaların gözlədiyini göstərir.

