Cəmiyyət 

Dəstək olmaq, yoxsa təhlükə yaratmaq?

Günümüzdə artıq hər kəs sosial şəbəkələrdən istifadə edir. Lakin bu istifadə müsbət və ya mənfi yönümlü ola bilər. Sosial şəbəkənin inkişafı informasiya bolluğuna və əlçatanılığına, ünsiyyət prosesinin daha optimal və rahat olmasına şərait yaradır. Son illər isə onlayn sosial şəbəkələr həyatımızın ayrılmaz bir parçasına çevirilib. Hətta bəziləri az qala həyatı ilə bağlı bütün detalları paylaşır. Ancaq anlamırlar ki, bu, onların həm fiziki, həm də informasiya təhlükəsizliyinə təhdid yaradır.

Bu günkü sosial media artıq bizi həm də dostlar, ailə, iş yoldaşları və hətta digər kənar insanlarla bağlayır. Lakin unutmamalıyıq ki, sosial mediadan istifadə edən sadəcə biz və bizim dostlarımız və ya qohumlarımız deyil. Müasir sosial şəbəkə təhlükələri məhz bu mühitə xasdır. Adətən, bu təhlükələrin hədəfi sosial şəbəkə istifadəçilərinin, həmçinin onların “dostlarının” fərdi məlumatlarıdır. Məsələn, kiberqruplar sosial şəbəkə istifadəçisinin fərdi məlumatlarına hücum etmək üçün saxta “dost” profili yaradır və ona sorğular göndərir. Əgər hədəf istifadəçi bu “dostun” sorğularını qəbul edərsə, onda onun fərdi məlumatları hücuma məruz qalır və onları əldə edə bilirlər. Elə buna göeə də sosial mediada yayımladığınız məlumatlar bizim təhlükəsizliyimizə təhdid yarada bilər. “Facebook” kimi bəzi sosial media hesabları üçün təhlükəsizlik parametrləri, “Twitter” və “Instagram” kimi digərlərində “Şəxsi” hesabı qurma imkanı mövcud olsa da, bloklanan informasiyanı əldə etmək istəyən insanlar çox vaxt bir yol tapa bilərlər.

Son günlər sosial şəbəkələrdə paylaşılan məlumatlar arasında Ermənistan-Azərbaycan sərhədində baş verənlərlə bağlı rəsmi olmayan məlumatlarla, video və ya fotolarla tez-tez rastlaşırıq. Çünki belə informasiyaları yayan şəxslər, fərqi yoxdur istər əsgərlərimiz, istərsə də vətəndaşlarımız bunu ya vətəpərvər hisslər altında, qürur hissi keçirdikləri üçün, ya da mövcud müharibənin zəfəri ilə bağlı xəbəri ictimaiyyətə məhz özləri çatdırsınlar deyə paylaşırlar. Lakin o sevinc və qürur hissi ilə unutduqları bir şey var, bu da həmin paylaşımların ordumuz üçün təhlükə yaratmasıdır. Bir çox hallarda isə yayılan belə xəbərlər ya yalan olur, ya da təxribat xarakteri daşıyır. Bütün bunların nəticəsidir ki, ölkəmizdə də geniş istifadə olunan sosial şəbəkələrdən biri olan “Tik-tok”un fəaliyyəti rəsmi olaraq dayandırıldı.

Unutmayaq ki, arxa cəbhədə də informasiya müharibəsi gedir və bu, çox ciddi məsələdir. Müharibə zamanı heç bir əlavə məlumat paylaşılmamalıdır. Sosial şəbəkələrdə paylaşılan hər hansı bir şəkil və videonun çəkildiyi yerin kordinatlarının tapılması asanlaşıb. Bu da düşmən tərəfin artıq informasiya almasına səbəb olur. 44 günlük Vətən müharibəsini xatırlayaq. Həmin günlərdə də bu tip paylaşımlar çox olurdu və neçə zabitimizin, əsgərimizin həlakı ilə nəticələndi. Əgər Azərbaycan hakimiyyəti bu məsələyə ciddi nəzarət etməsəydi itkilərimiz daha çox ola bilərdi. Bunun üçün ölkədə sosial şəbəkələrə çıxış məhdudlaşdırılmışdı, bəzi messengerlər bloklanmışdı. Ermənistan hakimiyyəti sosial şəbəkələri azad buraxaraq, hakimiyyətin addımları və ordunun müdafiə qabiliyyəti ilə bağlı tənqidi məlumatların dərc olunması ilə bağlı cinayət məsuliyyəti tətbiq etmişdi. Çox sayda xəbərlər arasında həmin ərəfədə tam uydurma və ya qismən təhrif olunmuş xəbəri həqiqidən ayırd etmək çətin idi. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, bu, çox vacib məsələdir. Bununla bağlı Müdafiə Nazirliyi, digər dövlət orqanları tərəfindən əhaliyə dəfələrlə xəbərdarlıqlar edilib. Lakin sosial şəbəkələrdə videolar, fotolar paylaşılmağa davam edir. Paylaşılanların bir qismi yalan, heç bir əsası olmayan xəbərlərdir. Müharibə ilə bağlı xoş xəbəri tez çatdırmaq, qabağa düşmək istəyənlər yaydıqları xəbərin mahiyyətini nəzərə almalıdırlar. İnsanlar aldıqları xəbərin yalan olduğunu öyrəndikləri zaman onlarda müəyyən ruhu düşkünlüyü, məyusluq yarana bilir.

Məlumdur ki, düşmən tərəf təxribat xarakterli məlumatlar yaymağa davam edir. Hər hansı bir məlumat, yaxud xəbər şüphəli görünərsə, əsaslı mənbələrdən təsdiq gəlmədikcə paylaşmaq olmaz. Bu baxımdan hamımız ehtiyatlı olmalıyıq. Ona görə də gəlin ordumuza bu baxımdan dəstək olaq və nə onları təhlükəyə atmayaq, nə də həmin günlərə geri dönməyək.

Daha çox xəbərlər