Ekoloji terror siyasəti
Məğlubiyyətini həzm edə bilməyən işğalçı ölkə məskunlaşdığı tarixi Azərbaycan torpaqlarında öz barbarlığını davam etdirməkdədir
Erməni vandalları 30 il ərzində Azərbaycan xalqına qarşı soyqırımı törətməklə yanaşı, təbiətimizə də olmazın yaralar vurub, həmin ərazilərimizdə sözün əsl mənasında, ekoloji terror törədiblər. Hətta işğalçı ölkə 2020-ci ilin 10 noyabr Bəyanatından sonra da bu cür çirkin əməllərindən əl çəkmir. Beləliklə, məğlub ölkə kapitulyasiya aktını imzaladıqdan sonra onlara verilən vaxt ərzində Kəlbəcəri, Laçını tərk edərkən evləri, meşələri yandırdılar. Ağdamda və digər işğaldan azad edilmiş ərazilərimizdə təsəvvüredilməz dərəcədə vandallıq, barbarlıq törətdilər. Hətta Laçın şəhəri, Zabux və Sus kəndlərindən çıxarkən yenə də öz vəhşi əməllərindən geri qalmadılar. Son günlərdə isə ermənilərin Xocalı istiqamətində yanğın törətmələri məlum olub. Hər dəfə məğlub olduqda, həm hərbi, həm də danışıqlar masasında uduzduqlarını gördükdə belə alçaq əməllərə əl atan ermənilər hər şeydən əvvəl insanlıqdan kənar olduqlarını göstərirlər.
Xocalı istiqamətində törətdilən yanğınlara münasibət bildirən ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyir ki, ermənilər indi də Xocalı istiqamətində, dağlıq ərazilərimizdə yanğınlar törətməklə öz riyakarlıqlarını, təkcə insanlığa deyil, həm də təbiətə qarşı düşmən mövqedə olduqlarını bir daha göstərdilər. Nazir müavininin sözlərinə görə, bu cür hadisələr cinayətdir, ekoloji terror aktıdır: “Düşmən tərəfinin törətdiyi bu yanğınları ürəkağrısız izləmək mümkün deyil. Yanğınlar Xocalı istiqamətində olduqca zəngin bioloji müxtəlifliyi, nadir və nəsli kəsilmək təhlükəsi olan bitki və heyvan növlərinin yaşayış məskənini dağıdır, bu yerlərə xas olan palıd, vələs, fıstıq, qovaq, tozağacı kimi növlərə aid olan qiymətli meşələri məhv edir”.
Göründüyü kimi, ermənilərin ekoloji terror cinayətləri yalnız meşələrin, yaşıllıq ərazilərin yandırılması ilə bitmir. Eyni zamanda, işğalçı ölkə öz xəyanətkar əlini çaylarımıza da uzadıb. Vandallar tərəfindən Oxçuçayın ekoloji fəlakət zonasına çevrilməsini xüsusilə qeyd etmək lazımdır. Oxçuçay əslində Qafan və Qacaran dağ-mədən sənayesinin tullantılarını Ermənistan ərazisindən kənara çıxaran kollektor rolunda çıxış edir. Çünki bu mədənlərin tullantıları təmizlənmədən birbaşa Oxçuçaya buraxılır. Çayda zəhərli maddələrin miqdarı o qədər çoxdur ki, burada heç bir canlı yaşamır. Hətta bu çayın suyu ilə suvarılan torpaqlarda yetişdirilən məhsullarda da zərərli maddələr aşkarlanıb.
Ekspertlər və mütəxəssislər çayda apardıqları müşahidələrin, götürülən analizlərin nəticələrinə əsaslanaraq həyəcan təbili çalırlar. Onlar Ermənistanın Oxçuçayı ölü əraziyə çevirdiyini qeyd edirlər. Bildirirlər ki, çayda ən çox çirklənmə halları yay və qış aylarında baş verir. Oxçuçayda çirkləndirici maddələrin yüksək qatılıqları əsasən yuxarı axında, Ermənistanla sərhədə yaxın seçilmiş nöqtədə müəyyən edilib.
Yeri gəlmişkən onu da qeyd edək ki, Oxçuçayın çirklənməsində “xidmətləri” olan qurumlardan biri də Almaniyanı təmsil edən “Cronimet” şirkətidir. Sözügedən şirkət Ermənistandakı mis və molibden ehtiyatları ilə zəngin olan Kacaran mədənini idarə edir. Mütəxəssislərin hesablamalarına görə, Kacaranda 1 milyard tondan çox filiz ehtiyatı mövcuddur. Gündəlik olaraq buradan 24 min ton filiz və 5-6 min kubmetr boş süxur hasil edilir. Şirkət Ermənistanın mədənçıxarma sektorunda 1996-cı ildən təmsil olunur.
Yayılan xəbərlərə görə, “Cronimet”in Ermənistanın mədən sənayesindəki fəaliyyəti şəffaf olmayan prinsiplər üzərində qurulub. Bizim sözügedən şirkətə qarşı iddialarımız isə qurumun mədən sənayesinin tullantılarını heç bir təmizləmə əməliyyatları aparmadan Oxçuçaya axıtması ilə bağlıdır. Şirkət Azərbaycan ərazisindən keçən çayın ölü zonaya çevrilməsinə görə məsuliyyət daşıyır və əməllərinə görə cavab verməlidir. Ölkəmizin məsələ ilə bağlı qəti mövqeyini ifadə edən Prezident İlham Əliyev bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədəki nitqində Oxçuçayı çirkləndirən “Cronimet” şirkətinin cəzalandırılması məsələsini yenidən gündəmə gətirib: “Oxçuçay suyunu sarı rəngə boyayan “Cronimet” şirkəti gəlsin o zibilini təmizləsin. Yoxsa hesab edirlər ki, vaxt keçdi və biz hər şeyi unutduq. Biz heç nəyi unutmamışıq və unutmayacağıq”.

