Azərbaycan-Türkiyə birliyi: Əzəli, əbədi və sarsılmaz!
Bu qardaşlıq körpüsü gündən-günə daha da möhkəmlənərək ən uca zirvələrə qalxır
Bu gün Azərbaycan-Türkiyə birliyi dünyada tayı-bərabəri olmayan nümunədir. İki ölkənin ictimai-siyasi həyatında cərəyan edən mühüm proseslər fonunda görürük ki, Zəfərdə də, quruculuqda da, dünyanı heyran edən layihələri gerçəkləşdirməkdə də iki qardaş dövlət birlikdədir, eyni amal, məqsəd uğrunda birlikdə addımlayırlar.
Qardaş ölkələrin bir-birini dəstəklədiyi məqamlar saysız-hesabsızdır və sadalamaqla bitməz. Sarsılmaz birliyin gücünə 44 günlük şanlı Vətən müharibəsində bütün dünya bir daha şahidlik etdi. Tarixi torpaqlarımızın işğalçılardan azad edilməsi üçün qalxdığımız Vətən savaşında qardaş ölkə Türkiyə haqq işimizi müdafiə edərək Qarabağın azadlığa qovuşdurulmasında Azərbaycana həm mənəvi, həm də siyasi dəstək oldu. Həmin dövrdə nə qədər beynəlxalq təzyiqlərlə qarşılaşsa da, qardaş ölkə bu mövqeyindən bir addım belə geri çəkilmədi, daim Azərbaycanın yanında, onun dayağı olduğunu nümayiş etdirdi.
2020-ci il dekabrın 10-da isə iki ölkənin prezidentlərinin Azərbaycanın Vətən müharibəsində Qələbəsinə həsr olunmuş Zəfər paradında iştirakı türk dünyasında qürur doğuran hadisə olmaqla yanaşı, beynəlxalq aləmə türkün birliyini və qüdrətini bir daha nümayiş etdirdi. İki qardaş ölkə möhtəşəm Qələbə qürurunu birlikdə yaşadı.
Eyni zamanda, Türkiyə Azərbaycanın Böyük Qayıdışla bağlı planlarının reallaşdırılmasında da dəstəyini əsirgəmir. Bu gün Qarabağda və Şərqi Zəngəzurda Azərbaycanın apardığı genişmiqyaslı bərpa-quruculuq işlərində Türkiyə şirkətləri fəal iştirak edirlər.
Bu qarşılıqlı əməkdaşlığın ən yüksək göstəricisinin nəticəsidir ki, 2021-ci il iyun ayının 15-də Şuşada Azərbaycan və Türkiyə prezidentləri 1921-ci il 13 oktyabr tarixli Qars müqaviləsinə sadiq olduqlarını bildirərək “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzaladılar. Tərəflər Şuşa Bəyannaməsi imzalamaqla müttəfiqlik münasibətlərinin strateji xarakterini və ən yüksək səviyyədə olduğunu bir daha təsdiqləyiblər. Bəyannamənin imzalanmasının birinci ildönümündə məhz Şuşada “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfrans keçirildi.
2021-ci ilin noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (indiki Türk Dövlətləri Təşkilatı) VIII Zirvə Görüşündə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Prezident İlham Əliyevə “Türk dünyasının Ali Ordeni”nin təqdim olunması dövlət başçımızın bölgədə davamlı sülhə və sabitliyin əldə olunmasına yol açan Zəfər tarixini yazmasının və dünya türklüyünə misilsiz töhfələr verməsinin layiqli qiymətidir.
Azərbaycan və Türkiyə prezidentləri vaxtaşırı rəsmi səfərlər və işgüzar təmaslar vasitəsilə görüşür, qarşılıqlı maraq doğuran məsələləri müzakirə edir, faydalı nəticələr əldə edirlər. Təkcə bir il ərzində dövlətlərimiz üçün əlamətdar günlərdə liderlərin qarşılıqlı səfərləri, o cümlədən Füzuli Beynəlxalq Hava Limanının, Rize-Artvin Hava Limanının açılışlarında Türkiyə və Azərbaycan prezidentlərinin birgə iştirakı böyük rəmzi məna kəsb edir. Prezident İlham Əliyevin Rizə-Artvin Beynəlxalq Hava Limanının açılışına qatılması, möhtəşəm tədbirdəki çıxışının böyük coşqu ilə qarşılanması bütün türk dünyasına səs saldı. Dünya bir daha iki ölkənin sarsılmaz, əbədi və əzəli birliyinə şahid oldu. Mayın 28-də – Azərbaycanın Müstəqillik Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri və Bakıda keçirilən “TEXNOFEST Azərbaycan” festivalının qaliblərinin iki dövlətin liderləri tərəfindən mükafatlandırılması Türkiyə və Azərbaycan bir daha dünyaya qardaşlıq, dostluq və müttəfiqlik nümunəsi göstərdi.
Avqust ayında Konya şəhərində keçirilmiş V İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı dünyada bənzəri olmayan münasibətlərə daha bir nümunədir.
Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarətinə keçməsinin sevincini türk qardaşlarımız bizimlə birgə yaşadı. Türkiyənin Zəfər bayramını isə Azərbaycan öz bayramı kimi qeyd etdi.
Türkiyə Qarabağ münaqişəsinin ilk günlərindən, eləcə də 2 il əvvəl tarixi Zəfərlə başa çatmış Vətən müharibəsinin ilk saatlarında olduğu kimi, son zamanlar ağrı-acısını yaşadığımız növbəti qanlı erməni hərbi təxribatının ilk dəqiqələrindən “Can Azərbaycanın yanındadır”. Qardaş ölkənin ən sıravi vətəndaşlarından, tanınmış ictimai xadimlərindən tutmuş dövlətin ən ali məqamında yer alan şəxslərinə qədər hər kəs Vətən uğrundakı savaşımızda bizimlə birlikdə həmrəy olduqlarını bir daha ifadə etdi. Prezident Rəcəb Tayyib Ərdoğan Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması zamanı hərbi qulluqçularımızın şəhid olması ilə əlaqədar Prezident İlham Əliyevə, onların yaxınlarına və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verdi. Rəcəb Tayyib Ərdoğan qardaş Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu qeyd etdi və ölkələrimizin həmrəy olduqlarını vurğuladı.
İşğalçı tərəfin sonuncu təxribatının baş verdiyi gündən Türkiyə kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılmaqdadır. Türkiyədəki bütün nüfuzlu KİV, sosial seqmentdəki paylaşımlarda Ermənistanın Azərbaycana qarşı təxribatları haqqında yazılar dərc olundu, paylaşıldı, ölkəmizə haqlı mövqeyində dəstək sərgiləndi. Hər zaman olduğu kimi, qoşa ay-ulduzlu bayraqlarımız birlikdə qürurla dalğalandırıldı.
Sentyabrın 15-də Səmərqənddə Azərbaycan Prezidenti ilə Türkiyə Prezidenti arasında keçirilən görüşdə də cənab Rəcəb Tayyib Ərdoğan Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması zamanı hərbi qulluqçularımızın şəhid olması ilə bağlı dövlət başçımız İlham Əliyevə, Azərbaycan xalqına və həlak olanların yaxınlarına başsağlığı verdi.
Görüşdə Azərbaycanın və Türkiyənin daim bir-birinin yanında olduqları bir daha qeyd edildi. Ölkələrimizin strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı. Dövlət başçıları energetika, nəqliyyat, logistika və digər sahələrdə əməkdaşlığa dair birgə layihələri müzakirə etdilər və gələcək təmaslarla bağlı fikir mübadiləsi apardılar.
Azərbaycan və Türkiyəni bir-birinə bağlayan strateji layihələr iki ölkə arasındakı birliyin, qardaşlığın möhtəşəm təntənəsidir. Ölkələrimiz arasında əlaqələrin dinamik inkişafının göstəricisi olan qlobal iqtisadi layihələr Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz , TANAP, TAP kimi enerji layihələri, prezidentlərimizin iştirakı ilə Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin açılması, Türkiyədə “STAR” neft emalı zavodunun işə salınması, 2020-ci ilin dekabrın sonunda Azərbaycan kommersiya qazının Trans-Adriatik Boru Kəməri vasitəsilə Avropaya tədarükünə başlanması və s. ölkələrimizin monolit birliyinin nümayişi kimi fərəh doğurur.
Həm Azərbaycanın, həm də Türkiyənin siyasi-diplomatik və iqtisadi imkanlarının artması, regional və beynəlxalq müstəvidə mövqelərinin möhkəmlənməsi xalqlarımız, dövlətlərimiz üçün iqtisadi, siyasi və hərbi-təhlükəsizlik nöqteyi-nəzərdən yeni strateji üstünlüklər yaradır. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir.
Türkiyə ilə Azərbaycanın sarsılmaz birliyinə misal olaraq gətirdiyimiz bütün bu nümunələrdən də aydın göründüyü kimi, iki qardaş ölkə xoş gündə də, dar gündə də bir-birlərinə dayaq olduqlarını, eləcə də birlikdə yeni tarixi nailiyyətlər qazanmaq niyyətini və əzmini əks etdirir.

