Şirkət rəhbəri eyni torpağı bir neçə nəfərə satır – Vətəndaşlar ETİRAZ EDİR – FOTO-VİDEO
Azərbaycanda özünü tikinti şirkətinin rəhbəri kimi qələmə verən iş adamı vətəndaşı aldadıb, başqa torpağı göstərərək qamışlıq ərazisini satıb.
Bunu Sonxeber.az-a müraciət edən Rəhimli Gülüzar Həsənağa qızı söyləyib.
O bildirib ki, özünü Hövsanda yerləşən “Günəşli İnşaat” tikinti şirkətinin rəhbəri kimi qələmə verən, lakin heç bir yerdə rəsmi qeydiyyatı olmayan Məmmədov Firutan Ələsgər oğlundan 9 il öncə (2014-cü ildə) torpaq sahəsi alıb:
“Firutan Məmmədov Hövsanda İbrahim adı ilə tanınır. Bir neçə ay öncə 9 ildir ki, külli miqdarda pul xərcləyib tikdiyim və hazırda yaşadığım evin çıxarışının başqa əraziyə aid olduğunu öyrəndim. Bundan başqa, mən Firutan Məmmədova 6000 min manat verib əlavə torpaq sahəsi almışam. Həmin torpaq sahəsində də ev tikmişəm. 6 aydır ki, bu insan 2 sot torpağın sənədlərini düzəltməkdən imtina edir. Nə zaman zəng edirəmsə, “bu gün-sabah” deyib, məni yola verir və ya zənglərimə cavab vermir.
6 aydır ki, Firutan Məmmədovla əlaqə saxlamağa çalışıram. Amma hər dəfə torpağı mənim adıma rəsmiləşdirməkdən imtina edir. Yaxın günlərdə eşitmişəm ki, mənə satdığı 2 sot torpağı və üzərindəki evi başqasına da satmaq istəyir. Hətta Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Abşeron Ərazi İdarəsinin nümayəndələri ilə gəlib ölçüb-biçmə işləri də aparıb. Görünən odur ki, Firutan Məmmədov növbəti dəfə dələduzluq edərək bir torpağı bir neçə dəfə satmağa çalışır.
Qeyd edim ki, Firutan Məmmədov məndən başqa, bir neçə nəfəri də bu formada aldadıb, Təbii ki, burada Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Abşeron Ərazi İdarəsinin əməkdaşlarının da səhlənkarlığı olub. Çünki onlar sənət verən zaman hər iki tərəfin, yəni torpaq satanın da, alanın da iştirakını tələb etməli idilər”.
Gülüzar Rəhimli vurğulayıb ki, onda bütün rəsmi sənədlər və torpağın çıxarışı var:
“Firutan Məmmədov hazırda bu cür dələduzluqla məşğuldur. Mən bu məsələ ilə bağlı bütün səlahiyyətli orqanlara müraciət edib, həmin şəxsin cəzalandırılmasını tələb edəcəyəm. Hətta cənab Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya da müraciət edəcəyəm. İnsanların inamından istifadə edib, dələduzluq etmək olmaz! Adiyyəti orqanlardan bu məsələni araşdırmağı və Firutan Məmmədovun qanun çərçivəsində cəzalandırılmasını, eləcə də ondan aldığım torpaq sahələrinin, üzərində tikdirdiyim evlərlə birlikdə mənim adıma sənədləşdirilməsini xahiş edirəm. Hazırda torpaq və üzərindəki evlər onun adınadır”.









