Gündəm 

Dəmir yumruq, milli birlik və həmrəylik

2020-ci il dövlətçilik tariximizə qızıl hərflərlə yazıldı, Zəfər ili kimi həkk olundu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz işğalçı Ermənistan üzərində möhtəşəm Qələbə qazandı, xalqımızın 30 illik həsrətinə son qoyuldu. 44 günün hər günü şanlı tarixdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Azərbaycan xalqı 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini və Qələbə gününü gözləyirdi. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi. Ali Baş Komandanımızın düşünülmüş strategiyası, siyasi iradəsi və qətiyyəti sayəsində ordu ilə xalqın sarsılmaz birliyi təmin olunaraq qazanılan tarixi Zəfərdən sonra qərinələr keçəcək, illər ötəcək, tarix isə bu şanlı Qələbəni xalqımızın taleyinin ən parlaq səhifəsi kimi heç vaxt unutmayacaq.

Azərbaycanın tarixinə Qələbə səhifəsi yazmış Prezidentə xalqın etibarı və ehtiramı sonsuzdur. Azad edilmiş ərazilərə səfərləri ilə Prezident İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirmişdir.

İşğaldan azad edildikdən sonra rayonumuzun ərazisində gedən geniş tikinti-quruculuq işləri, reallaşdırılan nəqliyyat və iri infrstruktur layihələr hər birimizi sevindirir. Füzuli Beynəlxalq Hava Limanı kimi regional və beynəlxalq əhəmiyyətli obyektin məhz bizim rayonun ərazisində tikilməsi qürurverici olmaqla yanaşı, rayonumuzun gələcək inkişafından xəbər verir. Bütün bu görülən işlər eyni zamanda ölkəmizin iqtisadi gücünün və potensialının göstəricisidir.

Ən əsası, Ali Baş Komandan bir daha bütün dünyaya sübut etdi ki, heç bir qüvvə Azərbaycanı özünün haqq yolundan döndərə bilməz. Beləliklə, həm tarixinin ən güclü dövlətinə çevrilməsi, həm də tam müstəqil siyasət yürütməsi Azərbaycanın Vətən müharibəsindən qalib kimi çıxmasını şərtləndirən əsas amillər oldu.

Rəna Süleymanlı,
YAP-ın gənc fəalı

Daha çox xəbərlər