Gündəm 

Bu bayraq burada əbədi dalğalanacaq! Biz burada əbədi yaşayacağıq!

2020-ci il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı növbəti irimiqyaslı hərbi əməliyyatlara başlamasına, Ordumuzun mövqelərinə və mülki yaşayış məntəqələrinə atəş zərbələri endirməsinə cavab olaraq əks-hücum əməliyyatı başladı. Sonradan “Dəmir Yumruq” adını alan bu əməliyyat Vətən müharibəsinə çevrildi. Bundan öncə,  2020-ci ilin iyul ayında Ermənistan Azərbaycanla dövlət sərhədinin Tovuz istiqamətində növbəti hərbi təxribat törətdi. Təxribatın məqsədi regionda yeni gərginlik mənbəyi yaratmaq, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı məsələsini ikinci plana keçirmək, üçüncü dövlətləri münaqişəyə cəlb etmək və Azərbaycanın strateji infrastrukturuna zərər vurmaqdan ibarət idi. Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə endirərək ona layiqli cavab verdi. 2020-ci ilin avqust ayında Ermənistan daha bir hərbi təxribata əl ataraq, terror aktları törətmək məqsədilə Azərbaycana diversiya qrupu göndərdi. Lakin Azərbaycan Ordusu bu təxribat planını da pozdu.

Azərbaycan 30 ilə yaxın müddətdə ərazisinin 20%-ini işğal edən Ermənistanla danışıqlar apararaq münaqişəni sülh yolu ilə nizamlamağa çalışdı. Danışıqlar heç bir nəticə vermədi, əksinə, aydın şəkildə müşahidə edildi ki, Ermənistan tərəfi, sadəcə olaraq, vaxt udmaq istəyir, status-kvonu möhkəmləndirməyə, əbədi etməyə çalışır. Azərbaycan işğalla barışa bilməzdi və barışmadı.

Münaqişənin həllinin  30 il uzanmasında belə ikili siyasətlərin rolu inkaredilməz idi. Bir tərəfdən Ermənistana maddi və mənəvi dəstək göstərilir, silahlandırılır, işğalçı dövlət olduğu dilə gətirilmir, digər tərəfdən də  münaqişənin sülh yolu ilə həllinin mümkünlüyü barədə fikirlər söylənilirdi. Prezident İlham Əliyev sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağını ucaldıqdan sonra etdiyi çıxışında qeyd edib: “Beynəlxalq təşkilatlar, o cümlədən BMT, onun Təhlükəsizlik Şurası, ATƏT işğalçı dövləti məcbur edib buradan çıxarmalı idi. Ermənistana qarşı sanksiyalar tətbiq edilməli idi. Bunların heç biri görülmədi. Əksinə, bu işğalı əbədiləşdirmək üçün Ermənistan, dünya erməniliyi və onların xaricdəki havadarları birləşərək bu çirkin niyyəti həyata keçirmək istəyirdilər.” Azərbaycan Prezidenti 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinin gedişində xalqa ilk müraciətində bütün cəmiyyəti qəti qələbəyə köklədi: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixinə qızıl hərflərlə Zəfər günü kimi yazıldı. Prezident İlham Əliyev xalqa sayca yeddinci müraciətini Şəhidlər xiyabanından edərək Şuşa şəhərinin işğaldan azad olunmasını Azərbaycan xalqına, bütün dünya azərbaycanlılarına elan etdi: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! …Bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq… Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”.

Şuşanın işğaldan azad edilməsi Azərbaycan xalqının gücünü, Ordunun peşəkarlığını, hərbiçilərin cəsarətini və qəhrəmanlığını göstərən şanlı Qələbənin rəmzidir.

Bu hadisə müasir hərb tarixinin parlaq bir səhifəsidir. 44 gündə 6 şəhər, 5 qəsəbə, 300-ə yaxın yaşayış məntəqəsi işğaldan azad edildi. Dünyaya səs salan,  dastana çevrilən əfsanəvi Şuşa əməliyyatından sonra mənfur düşmən diz çökdü. Bunun məntiqi nəticəsi olan 10 noyabr  2020-ci il tarixli üçtərəfli Bəyanat Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın  kapitulyasiyasının  təsdiqi, dünyaya təqdimatı oldu. Müharibədən ötən son iki il isə  üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərin yerinə yetirilməsi mərhələsidir.  Bu Bəyanata uyğun olaraq  Kəlbəcər, Ağdam və Laçının  bir güllə atılmadan, şəhid vermədən azad edilməsi Prezident İlham Əliyevin qətiyyətinin,   siyasi-diplomatik fəaliyyətinin təntənəsi, tarixi hadisə kimi yaddaşlarda qaldı. Azərbaycan şanlı bayrağı işğaldan azad edilən torpaqlarımızda əbədi dalğalanacaq. Prezident İlham Əliyev sentyabrın 21-də Laçın şəhərində bildirib: “Bir daha demək istəyirəm, fəxr edirəm ki, Laçın şəhərinin mərkəzində milli bayrağımızı ucaltdım. Bu bayraq burada əbədi dalğalanacaq! Biz burada əbədi yaşayacağıq! Yaşasın Laçın! Yaşasın Azərbaycan!”

Gəncəli Rəhimzadə,
Xətai Rayon İcra Hakimiyyətində məsləhətçisi,
YAP Xətai rayon təşkilatının fəalı

Daha çox xəbərlər