Gündəm 

Ordumuz Ermənistan ordusunu diz çökdürdü

Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu mümkünsüzü mümkünə çevirdi

Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan düşmənin məkrli planlarını yaxşı bilirdi. Buna görə də ölkəmiz sülh danışıqlarının aparılması ilə bərabər, müharibəyə də hazırlaşırdı. Bir sözlə xalqımız işğal və saysız-hesabsız təxribatlar törədilən illər ərzində torpaqlarının tapdaq altında qalması ilə heç vaxt barışmadı. Bunun üçün siyasi-iqtisadi sahələrdə ardıcıl islahatlar aparıldı. Mövcud potensialın, ilk növbədə, iqtisadi müstəqilliyin möhkəmləndirilməsini diqqətdə saxlanıldı. Maliyyə vəziyyətinin getdikcə yaxşılaşması isə silahlı qüvvələrin gücləndirilməsini, modernləşdirilməsini şərtləndirdi. Ölkə rəhbəri ordumuzun qüdrətlənməsi, döyüş qabiliyyətinin artırılması üçün texniki vasitələrin alınmasına xüsusi önəm verdiyini diqqətə çatdırıb: “Bu, onunla nəticələndi ki, biz çox güclü hərbi tərkib hissə yaratdıq və İkinci Qarabağ müharibəsi bunu göstərdi…”.Bu dövrdə düşmən ölkənin Azərbaycana qarşı atdığı digər addımlar da onun gələcəkdə də bu təxribatlara sadiq qalacağından xəbər verirdi. Prezident İlham Əliyev “Nasionalnaya oborona” jurnalına müsahibəsində bu barədə deyib: “Buna görə hər şey bu istiqamətdə gedirdi. Hərbi əməliyyatların başlanmasından əvvəlki hadisələrin xronologiyasına nəzər salsaq, iyul ayında dövlət sərhədində təxribat törədildi, bizim dinc sakinlər və hərbi qulluqçular həlak oldular, avqust ayında ermənilər tərəfindən göndərilmiş təxribat qrupu Goranboy rayonunda zərərsizləşdirildi, sentyabr ayında nələrin olması isə artıq hamıya məlumdur…”.

İkinci Qarabağ müharibəsində Ermənistan hər zaman olduğu kimi, yenə də Azərbaycanın tarixi, müqəddəs missiyasına kölgə salmaqdan belə çəkinmirdi. Bütün dünyaya silahlı qüvvələrimiz tərəfindən guya fosfor tərkibli sursatların tətbiqi iddiasını yayırdı. Halbuki Azərbaycan Ordusunun silahlanmasında beynəlxalq hüquqla qadağan olunan heç bir silah və sursat yox idi. Bu kimi əsassız xəbərlər yaymaqla işğalçı ölkə dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi hərbi cinayətləri gizlətmək, ört-basdır etmək məqsədi güdürdü.Ermənistan təkcə Vətən müharibəsi günlərində deyil, uzun illər davam edən işğal zamanı da faşizm siyasəti yürüdüb, şəhər və kəndlərimizi tamamilə dağıdıb, Azərbaycan xalqına məxsus daşınmaz tarix və mədəniyyət abidələrini yerlə-yeksan edib, mənimsəyib. İslam dini abidələrini – məscidlər, türbələr və digər inanc yerlərini xarabalığa çevirib. Düşmən məscidlərin içərisində ev heyvanları saxlamaqla azərbaycanlılara qarşı öz nifrətlərini ortaya qoyub. Azərbaycan Ordusu erməni ordusunu məğlub etdi, demək olar ki, bütün texnikaları məhv edildi, düşmənin illərlə qurduqları istehkamlar Azərbaycan əsgərləri tərəfindən keçildi. Şuşada, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Ağdamda, Kəlbəcərdə, Laçında üçrəngli bayrağımızın dalğalanması ilə Azərbaycan tarixinin ən parlaq səhifələri yazıldı. Bölgəmizdə yeni reallıq yarandı. Bu reallığı Azərbaycan yaratdı. Ali Baş Komandan İlham Əiyevin rəhbərliyi ilə qazanılan möhtəşəm Qələbə xalqımızın bütün dünyaya haqqı uğrunda mübarizə aparmaq əzminin nümayişi oldu. Azərbaycan Ordusu dünya hərb tarixində qalib Ordular sırasına daxil oldu. Bu gün Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir. Vətən  müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər. Vətən müharibəsi xalq-iqtidar birliyindən güc alan Azərbaycanın qüdrətinin, milli birliyinin sarsılmazlığının göstəricisi oldu. Eyni zamanda, Azərbaycan xalqının qazandığı zəfərin möhtəşəmliyi Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun mümkünsüzü mümkünə çevirmək qüdrətindən bəhrələndi. Bu qələbə son əsrlərin ən böyük qalibiyyəti, dünya azərbaycanlılarının bir yumruq kimi birləşməsi ilə tarixə yazıldı.

Aynur Həsənova
YAP-ın gənc fəalı

Daha çox xəbərlər