Gündəm 

Yolumuz haqq yoludur…

Ermənilərin heç bir təxribat cəhdi, heç bir kənar qüvvə Azərbaycanı bu yoldan döndərə bilməz

Prezident İlham Əliyev: “Biz öz diyarımızı, Vətənimizi öz hesabımıza bərpa edirik və edəcəyik”

Azərbaycan-Ermənistan dövlət sərhədinin müxtəlif istiqamətlərində erməni ordusunun bölmələri tərəfindən yenidən atəşkəsin pozulması, növbəti təxribat cəhdləri düşmən ölkənin üzləşdiyi ağır məğlubiyyətdən, verdiyi çoxsaylı itkilərdən lazımi nəticə çıxarmadığını göstərir. Hələ də bütün fürsətlərdən, müxtəlif tribunalardan dünya ictimaiyyətini aldatmaq üçün istifadə edən Ermənistan rəhbərləri özlərini məzlum tərəf göstərərək Azərbaycana qarşı böhtan atmaqda davam edirlər. Digər tərəfdən isə düşmən qəsdən atəşkəsi pozmaqla, mövqelərimizə qarşı diversiya fəaliyyəti həyata keçirməklə ordumuzun bölmələrini cavab tədbirləri görmək məcburiyyətində qoyur. Cavab tədbirləri görülən kimi isə yenidən başlayırlar haray-həşir salmağa ki, Azərbaycan hücum etdi, bizi qırdı və s.

Atəşkəsin pozulmasının mütəmadi hal alması son məğlubiyyət də daxil olmaqla yaranmış reallıqlarla heç cür barışmaq istəməyən Ermənistan rəhbərliyinin növbəti təxribatlara hazırlaşdığını göstərir. Elə Ermənistanın baş naziri Nikol Paşinyanın iki gün öncə BMT Baş Assambleyasındakı çıxışını sərhəddə yenidən vəziyyəti gərginləşdirməyin, bəlkə də yeni hücumun anonsu saymaq olar. Çünki sentyabrın əvvəlində Vladivostok şəhərində Şərq İqtisadi Forumundakı çıxışı zamanı da Paşinyan “Azərbaycan Rusiya-Ukrayna müharibəsindən istifadə edərək, Ermənistana hücum edəcək” iddiasını ortaya atmaqla ictimai rəyi 12 sentyabr təxribatına hazırlamağa çalışmışdı. Ermənistan baş nazirinin BMT-dəki çıxışı ilə eyni vaxtda sərhəddə erməni diversiya qrupunun sızma təxribatı da daxil olmaqla atəşkəsin pozulmasının intensivləşməsi düşmənin mənfur niyyətindən xəbər verir. Ermənistan Azərbaycanı beynəlxalq ictimaiyyətdə “təcavüzkar” kimi təqdim etmək və üçtərəfli razılaşmaların icrasını arxa plana keçirmək ssenarisini davam etdirir.

Məlumat üçün bildirək ki, sentyabrın 22-si gecə saatlarında Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində növbəti dəfə təxribat törətməyə cəhd edib. Qarşı tərəf Kəlbəcər istiqamətində yerləşən bölmələrimizi iriçaplı silahlardan, qumbaraatan və minaatanlardan atəşə tutub. Eyni zamanda, düşmənin diversiya qrupu qeyd olunan ərazilərdə dərə boşluqlarını minalamaqla bölmələrimizə basqın etməyə cəhd göstərib. Ordumuzun bölmələri tərəfindən görülən cavab tədbirləri nəticəsində qarşı tərəf geri çəkilməyə məcbur edilib. Həmin günün axşamı ermənilər yenidən atəşkəsi pozub və sentyabrın 23-ü səhər saatlarınadək Azərbaycan-Ermənistan dövlət sərhədinin müxtəlif istiqamətlərindən ordumuzun Tovuz rayonunun Koxanəbi, Kəlbəcər rayonunun Keşdək və Barmaqbinə, Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqələri istiqamətlərindəki mövqeləri müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Ermənistanın xüsusilə Azərbaycan Silahlı Qüvvələrinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddaəlarına uyğun olaraq Laçın şəhəri, həmçinin rayonun ermənilərin qeyri-qanuni yaşadıqları Zabux və Sus kəndlərinə tam nəzarəti ələ keçirməsindən sonra aqressiv mövqe sərgiləməsi də diqqət çəkir. Niyə məhz indi? Görünür ki, düşmən öz ərazilərimizi geri qaytarmağımızla, işğaldan azad edilmiş torpaqlarımızda başladılan misli görünməmiş quruculuq işləri ilə heç cür barışa bilmir. Buna görə Laçını boşaltmaları üçün verilmiş möhlətdən də vandallıqla mina terroru törətmək üçün istifadə ediblər, bu gün isə sərhəd təxribatları səngimir.

Bütün bu təxribat cəhdlərinə Azərbaycan təkcə hərbi yolla deyil, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində genişmiqyaslı infrastruktur layihələri, yeni kəndlərin, şəhərlərin, yaşayış binalarının, məktəb və xəstəxanaların, həmçinin ən müasir tələblərə cavab verən hava limanlarının tikilməsi ilə də cavab verir. Yalnız bir faktı xatırlatmaq kifayətdir ki, dövlətimizin bərpa-quruculuq işlərinə nə qədər diqqət ayırdığı daha aydın olsun: 2022-ci il sentyabrın 7-dən bu günə kimi Azərbaycan Respublikasının Prezident İlham Əliyev “Qarabağ iqtisadi rayonuna daxil olan Ağdam, Füzuli, Xocavənd və Tərtər rayonlarının işğaldan azad olunmuş ərazilərinin yaşayış məntəqələrində (şəhər, kənd, qəsəbə) tikinti, təmir və bərpa işləri ilə bağlı tədbirlər haqqında”, “Şuşa şəhərində Sadıqcanın yaşadığı evin layihələndirilməsi və bərpası ilə bağlı tədbirlər haqqında”, “Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının işğaldan azad olunmuş ərazilərinin yaşayış məntəqələrində (şəhər, kənd, qəsəbə) tikinti, təmir və bərpa işləri ilə bağlı tədbirlər haqqında”, “Kəlbəcər şəhərində məktəb binasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında”, “Zəngilan şəhərində məktəb binasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında”, “Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunun işğaldan azad olunmuş Şükürbəyli kəndinin layihələndirilməsi və tikintisi işləri ilə bağlı tədbirlər haqqında”, “Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun işğaldan azad olunmuş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikintisi işləri ilə bağlı tədbirlər haqqında”, “Laçın şəhəri, 2 nömrəli tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında” və “Laçın rayonu, Zabux kənd tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında” sərəncamlar imzalayıb. Bütün bu və bundan əvvəl imzalanmış çoxsaylı sərəncamlar bir daha sübut edir ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərinin sürətlə və yüksək keyfiyyətlə aparılması dövlətimizin proritet fəaliyyət istiqamətlərindəndir.

Qeyd edək ki, Azərbaycanın 2022-ci il üçün dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitin kifayət qədər böyük olması da görülən işlərin miqyasının böyük olmasına şərait yaradır. 2023-cü ilin dövlət büdcəsinin layihəsində isə həmin məqsədlərə daha artıq – 3 milyard manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub.

Göründüyü kimi, ermənilərin heç bir təxribat cəhdi, heç bir kənar qüvvə Azərbaycanı öz haqq yolundan döndərə bilməz. Biz düşmənin bütün təxribatlarına layiqli cavab verdiyimiz kimi, işğaldan azad etdiyimiz torpaqlarımıza sahib çıxmağa, yurdumuzu yenidən qurub-yaratmağa da qadirik. Sentyabrın 21-də Laçın şəhərində şanlı üçrəngli bayrağımızı ucaldan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin dediyi kimi: “Vətən müharibəsindən sonra bu günə qədər keçən dövr ərzində gördüyümüz işlər – genişmiqyaslı quruculuq və bərpa işləri göstərir ki, biz öz diyarımızı, Vətənimizi öz hesabımıza bərpa edirik və edəcəyik.”

Daha çox xəbərlər