“Narkomaniyaya qarşı mübarizəyə sən də qoşul”
Müasir dövrümüzün ümumbəşəri bəlası olan narkomaniya son dərəcə təhlükəli, qlobal problemlər sırasında qalmaqdadır. BMT-nin hesablamalarına görə, bu gün dünyada təxmini 250 milyona qədər insan narkotiklərdən bu və ya digər formada əziyyət çəkir. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, dünyada “ağ ölüm” kimi tanınan bu bəşəri bəla ölkəmizdən də yan keçməmişdir və bu bəlaya dücar olanların sayı ildən-ilə artmaqdadır. Bu dəhşətli xəstəlik dinindən, dilindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq hamı üçün eyni təhlükəni yaradır. Bəlaya düçar olmuş insanlara cəmiyyətin hər bir təbəqəsində rast gəlmək olur və bu dəhşət doğuran, cəmiyyətimizin məhvinə yönələn xəstəliklə hər bir qurum öz sahəsində mübarizə aparmalıdır. İstər maarifləndirmə, istərsə də inzibati qaydada mütəmadi tədbirlər görülməlidir. Çünki narkomaniyanın təkcə tibb sahəsi işçilərinin gücü ilə aradan qaldırılması qeyri-mümkündür. Bir daha qeyd etməliyik ki, cəmiyyətin bütün qüvvələri narkomaniya ilə mübarizədə səylərini əsirgəməməlidirlər.
Ölkəmizdə ilk dəfə ümummilli lider Heydər Əliyevin 1996-cı il 26 avqust tarixli Fərmanında sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması, narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilmiş, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində dövlət siyasətinin strateji istiqamətləri dəqiq göstərilmişdir.
Bu strateji kurs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək sayca beşinci olan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024 cü illər üçün Dövlət Proqramı”nın qəbul edilməsi “ağ ölüm” bəlasının, onun fəsadlarının aradan qaldırılması istiqamətində nəzarətin gücləndirilməsi və onun icrası zamanı işlərin müvafiq yerli orqanlarla əlaqələndirilməsi əsas vəzifələrdən birinə çevirilmişdir.
Bu sahədə mübarizə Tovuz Rayon İcra Hakimiyyəti tərəfindən də proritet məsələ kimi daim nəzarətdə saxlanılır. Belə ki, Tovuz Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Komissiyası və Müsadirə edilmiş narkotik vasitələrin və onların prekursorlarının məhvetmə komissiyası yaradılmış, hər bir komissiya üzvünün mobil və iş telefonları rayonu nəşr olunan “Tovuz” qəzetində dərc edilərək əhalinin nəzərinə çatdırılmış, müraciət edən hər bir vətəndaşa komissiya üzvləri ilə əlaqə saxlamaq üçün lazımi şərait yaradılmışdır.
Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Komissiya rayon Polis şöbəsi, Təhsil şöbəsi, Mərkəzi Xəstəxanası, Gənclər və idman idarəsi, Ağstafa Regional Mədəniyyət İdarəsinin rayon nümayəndəliyi ilə birgə əlaqə quraraq narkomaniya və onun doğurduğu fəsadlar barədə əhalinin maarifləndirilməsi məqsədi ilə bir sıra tədbirlər həyata keçirmişdir. Komissiyanın təsdiq edilmiş İş Planına uyğun olaraq narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunvericiliyin müddəalarının və tələblərinin öyrənilməsi, həyata keçirilən tədbirlərin lazımi effekt verməsi, qarşıya çıxan problemlərin həll edilməsi və aidiyyəti təşkilatların imkanlarının əlaqələndirilməsini təmin etmək məqsədi ilə keçirilən iclaslarda aidiyyəti dövlət, idarə və təşkilatlar tərəfindən görülmüş işlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilərək onların icrası nəzarətdə saxlanılmışdır.
Tovuz Rayon Gənclər və İdman idarəsi narkomaniyaya meyilliliyin aradan qaldırılması üçün gənclərin asudə vaxtlarının daha səmərəli təşkil etmək üçün şəhər və kəndlərdə, idman məktəblərində və ümumtəhsil müəssisələrində müxtəlif görüşlər keçirmiş və maarifləndirmə işləri aparmış, gənclərin təklifləri dinlənilmiş, onların problemləri ilə maraqlanılmış, yerli icra nümayəndələri, bələdiyyələr, hüquq-mühafizə orqanları, təhsil və səhiyyə şöbələri ilə birlikdə müxtəlif tədbirlər və seminarlar keçirilmiş və bu xarakterli tədbirlər mütəmadi olaraq davam etdirilir.
Rayonun ümumtəhsil məktəblərində “Narkomaniya və QİÇS-ə qarşı mübarizənin yolları və maarifləndirmə” mövzusunda seminarlar təşkil edilmişdir. Keçirilən tədbirdə ictimaiyyət nümayəndələri ilə yanaşı, din xadimləri də iştirak etmişlər..
Tovuz rayonunda mütəmadi olaraq “Narkomaniya – ağ ölüm” adlı maarifləndirici tədbirlər keçirilir.
Rayonda hüquqpozmalara meyilli olan yetkinlik yaşına çatmayanlar və gənclər yaşayış yeri və təhsil aldığı məktəbdə profilaktik qeydiyyata götürülür, onlarla mütəmadi olaraq rayon Polis şöbəsi, Gənclər və idman idarəsi və Təhsil şöbəsi tərəfindən söhbətlər aparılır, qabaqlayıcı profilaktik tədbirlər həyata keçirilir.Narkomanlığın yaşadığımız cəmiyyətə ziyanı, bu bəla ilə mübarizə, təbliğat və maarifləndirmə işinin gücləndirilməsi, narkomanlığın müalicəsi və sağlam mühitə qaytarılması, eləcə də digər aktual problemlərlə bağlı rayonun ümümtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinə bir sıra mühazirələr oxunmuşdur.
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Tovuz Rayon Komissiyası tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın, habelə qarşıya qoyulmuş digər vəzifələrin icrası istiqamətində məqsədəmüvafiq tədbirlər davam etdirilir.
Rəşad Zeynalov,
Tovuz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Komissiyanın sədri

