Cəmiyyət 

Ailədaxili münaqişələrin fəsadları: Tez-tez xəstələnmə, özünəqapanma

Valideynlər hər zaman övladlarını neqativ faktorlu hadisələrdən qorumağa çalışırlar. Onları bəzi cizgi filmlərindən, internetdən, musiqilərdən çəkindirirlər. Düşünürlər ki, bunlar uşaq psixologiyasına mənfi təsir edir. Ancaq ailədaxili münaqişələr azyaşlıların psixologiyasını pozan faktorlardan ən başlıcasıdır.

Psixoloqlar bildirirlər ki, ailədaxili münaqişənin təsiri hər uşağın individual xarakterindən asılıdır. Bu, uşağın temperamenti, stresə davamlılığı, təşviş pozuntusu, özünü qiymətləndirmə, yaşına aid aktivliyi və dünyaya baxışından asılıdır. Uşaq problemləri öz üzərinə götürərək valideynləri konfliktdən uzaqlaşdırmağa çalışır. Bu baxımdan uşaq ailədaxili münasibətlərin qurbanına çevrilir.

Psixoloqlar uşağın tez-tez xəstələnməyinin səbəbinin də ailədə gedən problemlərlə əlaqəli olduğunu bildiriblər. Məsələn, uşağınız yuxusuzluqdan, iştahsızlıqdan, tez-tez boğaz ağrısından, gecə enurezidən (altını islatma) əziyyət çəkirsə, dəyişkən əhval-ruhiyyədə olursa, daha diqqətli olmalısınız.

Ailədaxili münaqişələrin yaratdığı problemlərdən biri də uşağın zəif tərəf olaraq həmişə ananı görməsi, buna görə də onu müdafiə etməsi və bu sonda atadan imtinaya gətirib çıxarmasıdır. Nəticədə uşaq böyüdüyü zaman, qorxaqlıq və günahkarlıq hissi duyaraq, gələcəkdə özünə partnyor tapmaqda da çətinlik çəkir, get-gedə valideynləri ilə də məsafəli davranmağa başlayır və öz içinə qapanır. Sonralar isə bu davranış sosial sferada özünü büruzə verməyə başlayır. Bu problemləri yaşayan uşaq bağçada, məktəbdə və böyüdükdə iş həyatında da özünü təsdiq edə bilmir. Bu da uşaqda psixoloji problemlərə gətirib çıxarır. Özünə qapanma, depressiya emosional sferada donuqluqla müşahidə olunur.

Psixoloqlar məsləhət görürlər ki, əgər münaqişə uşağın gözü qarşısında baş verirsə, valideyn onunla söhbət etməli və hər iki valideyn onu çox sevdiyini söyləməlidirlər. Onlar bir-birini sevdiklərini və bu kimi konfliktlərin ailənin pozulmasına səbəb ola bilməyəcəyini övladlarına izah etməlidirlər.

Daha çox xəbərlər