Yeganə rəqibimiz zamandır
Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri
Azərbaycan dünya hərb tarixində çox az rast gəlinən bu mühüm məqamda – müharibədən sonra dərhal bərpa-quruculuq işlərinin aparılmasında da öz təcrübəsini nümayiş etdirir. Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından dərhal sonra dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə ilk səfəri məhz 16 noyabrda Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə oldu. Prezident İlham Əliyev bərpa-quruculuq işləri çərçivəsində ilk olaraq infrastrukturun yenilənməsini, yolların çəkilişini qarşıya mühüm vəzifə kimi qoydu. Həmin səfər çərçivəsində dövlət başçısı İlham Əliyevin Zəfər yolu kimi dəyərləndirdiyi Füzuli-Şuşa yolunun tikintisi ilə bağlı göstəriş verildi. Zəfər yolu qısa zamanda istifadəyə verildi. Bu yolun böyük rəmzi mənası vardır. Zəfər yolu Vətən oğullarını Şuşanı işğaldan azad etməyə apardı.
Təbii ki, quruculuq işlərini sürətlə həyata keçirmək üçün ərazilərin minalardan təmizlənməsi vacib şərtlərdəndir. Dövlət başçısı hər zaman çıxışlarında bərpa işlərinin hansı zamana başa çatacağı ilə bağlı fikirlərini açıqlayarkən zamanın yeganə rəqib olduğunu bildirir. Ərazilərimizin minalardan təmizlənməsi böyük vaxt itkisidir.
Tarixi Zəfərimizdən ötən iki ilə yaxın dövrdə bu torpaqlarda görülən işlərə diqqət yetirsək miqyasının nə qədər geniş olduğunu böyük inamla qeyd edə bilərik. Cəmi 8 ayda inşa olunan Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verildi, Zəngilan Beynəlxalq Hava Limanının yaxın zamanlarda istifadəsi gözlənilir. Qarabağ və Şərqi Zəngəzur hava qapısını dünyaya açmaqla tarixi Zəfərimizin beynəlxalq miqyasda qəbuluna öz töhfəsini verir. Prezident İlham Əliyevin Fərmanına əsasən iqtisadi rayonların yeni bölgüsünün aparılması, onların sayının 14-ə çatdırılması da işğaldan azad edilmiş ərazilərimizin malik olduqları potensialdan səmərəli istifadəni təmin etmək üçün yeni hədəflərin müəyyənləşdirilməsində əhəmiyyətli rola malikdir.
Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə səfərləri mütəmadi xarakter daşıyır. Artıq hər bir bayram, tarixi gün bu torpaqlarda qeyd edilir. Şuşaya, Ağdama və Füzuliyə təşkil olunan avtobus reysləri bu torpaqlarda görülən işləri, həmçinin erməni vəhşiliklərini görmək imkanları yaradır. Zəfər yolu xalqımızı Şuşaya qovuşdurmaqla 28 illik əsarətin sıxıntılarını, bugünkü çal-çağırını tarixi sahibləri ilə bölüşməsinə şərait yaradır. Müzəffər Ali Baş Komandan hər bir səfərində bu əminliyi ifadə edir ki, bu torpaqlarda bundan sonra əbədi olacağıq.
Bərpa işlərinin daxili imkanlar, heç bir beynəlxalq maliyyə təşkilatından kredit, yardım alınmadan, ölkəmizin büdcəsi hesabına həyata keçirilməsi Azərbaycanın gücünün, qüdrətinin göstəricisidir. İşğaldan azad edilən ərazilərə səfər edən hər kəs şahidi olur ki, düşmənlərimiz bu torpaqlarda daşı-daş üstə qoymayıb, şəhər və kəndlərimizi dağıdaraq yaşayış üçün tamamilə yararsız hala salıblar. Vəhşi düşmən, hətta, qəbir daşlarını belə söküb aparıb. Törədilən vəhşiliklərdən, vandalizmdən ruhdan düşməyən xalqımız Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirmək üçün birliyini daha da gücləndirir. Hazırda Prezident İlham Əliyevin təşəbbüsü ilə bu yerlərin hamısında eyni zamanda irimiqyaslı tikinti-bərpa işləri sürətlə gedir. Müzəffər Ali Baş Komandanın bu ərazilərə hər bir səfəri yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Şəhərlərin Baş planları hazırlanıb. Bir qisminin isə üzərində işlər davam edir. Bütün şəhər və kəndlərimiz müasir tələblər səviyyəsində, “ağıllı şəhər” və “ağıllı kənd” strategiyası əsasında yenidən bərpa edilir. Hərbi hissələr üçün binalar tikilir, yaşayış evləri, muzeylər, məscidlər bərpa olunur, infrastruktura aid olan kommunikasiyalar və digər obyektlər inşa edilir.
Bir sözlə, bərpa işlərinin uğurla həyata keçirilməsi üçün bütün qüvvə və bacarıqlar səfərbər olunub. Dövlət başçısı İlham Əliyevin bu günə qədər verdiyi bütün vədlər həyatda öz əksini tapıb. İkinci Qarabağ müharibəsindəki parlaq Qələbəmiz buna əyani sübutdur. Ölkəmiz yenə də Cənubi Qafqazın ən güclü dövləti statusunu qoruyub saxlayır, beynəlxalq aləmdə söz sahibidir və dünyada ən islahatçı ölkələrdən biri kimi tanınır. İqtisadiyyatını düzgün əsaslar üzərində quran Azərbaycanın büdcəsi Qarabağı yenidən abadlaşdırmağa imkan yaradır. İşğaldan azad edilmiş bütün ərazilərimizin əvvəlki simasının özünə qaytarılması üçün atılan addımlar hər birimizi qürurlandırır. Görülən işlər Azərbaycan xalqının qurucu xalq olduğunu təsdiqləyir.