Region Xəbərləri 

44 günlük müharibə ilə yazılan zəfər salnaməsi.

Azərbaycan xalqının tarixinə “Zəfər salnaməsi” kimi yazılan 44 günlük müharibənin başa çatmasından bizi 2 il ayırır. 2020- çi ilin sentyabrın 27-də Ermənistan tərəfinin genişmiqyaslı hərbi təxribatlarına cavab olaraq Azərbaycan ordusu əks-hücum əməliyyatlarına start verdi. Tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi. Ordumuz əks-həmlə əməliyyatları zamanı müasir texnoloji silahlarla düşmənin komanda-idarəetmə məntəqələrini, raket və artilleriya vasitələrini, döyüş texnikasını və təminatını sıradan çıxaraq onu fakti­ki olaraq iflic vəziyyətinə gətirdi. Müasir texnoloji silahlar Silahlı Qüvvələrimizin güc alətlərindən yalnız biri idi. Müharibənin taleyini müəyyənləşdirən başda Ali Baş Komandanımız olmaqla, döyüş meydanın­da əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri və onun cəsur komandirləri idi. Məhz onların səyi nəticəsində iflic vəziyyətə düşən Ermənistan ordusu arsenalında olan köhnə və istismar müddəti bitmiş silah sistemlərini də döyüşə cəlb etdi və nəticəsi rüsvayçı şəkildə uduzmaq oldu. Bununla da Silah­lı Qüvvələrimiz “Ermənistan ordusunun nəğlubedilməzliyi” mifini darmadağın etdi. Beləliklə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı. Azərbaycan Böyük Qələbənin ilk addım səslərini noyabrın 8-də Qarabağın ürəyi sayılan, incisi hesab olunan Şuşa şəhərinin işğaldan azad edildiyi ilk saatlarda eşitdi. Bəli, bu qədim yurd yerimizin xilası ilə tam qələbəmizə yol açıldı. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa yolu qalmadı. Döyüşlərdə bütün dünya Azərbaycan xalqının əzmini, Azərbaycan Ordusunun döyüş qabiliyyətini aydın gördü. Vətənpərvər xalqımızın öz Prezidentini necə dəstəklədiyi, onun ətrafında sıx birləşdiyi bir daha təsdiqləndi. “Ali Baş Komandanın bircə əmrinə müntəzirik”,– deyən Azərbaycan əsgər və zabitləri öz sözlərinin sahibi olduq­larını döyüşdə sübuta yetirdilər. 44 günlük Vətən müharibəsində Ədliyyə nazirliyi də qələbəmizin əldə olunması üçün bütün şəxsi heyəti ilə qüvvələrini səfərbər etmişdir. Müharibə dövrdə həmçinin, ədliyyə işçiləri Birinci vitse-prezidentin çağırışlarına fəal qoşularaq sosial şəbəkələrdə vətəndaş mövqeyindən çıxış etməklə ermənilərin yalan təbliğatının və dezinformasiyalarının qarşısının alınması məqsədilə müxtəlif dillərdə çoxsaylı məlumatlar və digər materiallar paylaşmışlar. Bununla yanaşı, nazirlik tərəfindən Azərbaycan həqiqətlərinin təbliği və geniş yayılması məqsədilə “Qarabağ Azərbaycandır!” elektron məlumat platforması yaradılmışdır.Üç dildə (Azərbaycan, ingilis və rus) olan, daim yenilənən və interaktiv rejimdə fəaliyyət göstərən platformada Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətləri və Ermənistanın işğalçılıq siyasəti, Azərbaycanın dinc əhalisinə qarşı yönələn müharibə cinayətləri ilə bağlı dünyanın nüfuzlu medialarına müsahibələri, Birinci vitse-prezident Mehriban Əliyevanın sosial çağırışları və çıxışları, dövlət başçısının və birinci xanımın azad edilmiş rayonlarımıza səfərləri və digər rəsmi xəbərlər, qanun və fərmanlar, tarixi sənədlər yerləşdirilmişdir. Bir sözlə, Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi. Biz Ermənistanın hərbi kaputilyasiyasına nail olduq. Bütün dünyaya haqqın, ədalətin böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin – Azərbaycanın var olduğunu sübut etdik.

Müəllif: Bərdə rayon icra və probasiya şöbəsinin rəisi, ədliyyə müşaviri Rusif Əlövsət oğlu Quliyev.

Daha çox xəbərlər