Gündəm 

Tarixə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsi

XX əsrin 80-ci illərinin sonlarından başlayaraq Ermənistan Azərbaycanın tarixi torpaqlarına ərazi iddiaları ilə çıxış edərək, açıq formada təcavüzə başlamışdır. Həmin dövrdə ölkədəki siyasi hərc-mərclikdən istifadə edərək torpaqlarımızın 20%-ni işğal etmişdir. 1 milyondan artıq Azərbaycan vətəndaşı öz doğma yurd-yuvasından didərgin düşmüşdür. Ermənistanın hərbi təcavüzünün nəticələrini aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar, Ermənistanın təcavüzkar mövqeyinə görə nəticə verməmişdir.

Ermənistanın ölkəmizə qarşı 2020-ci il 27 sentyabrdan başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanının rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsi başladı. Müasir dünya tarixinə qızıl hərflərlə yazıldı Vətən müharibəsi. Vətənpərvər oğullarımız erməni təcavüzünü qəhrəmancasına dəf edərək, əks-hücuma keçib düşmənə sarsıdıcı zərbələr endirdi. Ordumuzun Qarabağda başladığı əks-hücum əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Azərbaycan böyük qələbəni noyabrın 8-də Qarabağın ürəyi sayılan, incisi hesab olunan Şuşa şəhərinin işğaldan azad edildiyi ilk saatlarda eşitdi. Düşmənin kaputilyasiya yolunu seçməkdən başqa çarəsi qalmadı. Döyüşlərdə bütün dünya Azərbaycan xalqının əzmini, iradəsini, Azərbaycan ordusunun döyüş qabiliyyətini aydın gördü. Vətənpərvər xalqımızın öz prezidentini necə dəstəklədiyi, onun ətrafında sıx birləşdiyi bir daha öz təsdiqini tapdı.

Vətən müharibəsi, “Dəmir yumruq” əməliyyatı, 2-ci Qarabağ savaşı, Böyük Qələbə kimi də adlandırılan bu 44 günlük şanlı zəfər tarixindən artıq iki il ötür. Bu 44 gündə Azərbaycan bütün dünyaya səs saldı. O elə bir səs idi ki, heç bir beynəlxalq təşkilat tərəfindən, heç bir bəyanat və danışıqlar nəticəsində həll yolunu tapa bilməyən gerçəkləri,  bu 44 günün tamamında öz həqiqətlərini dünya birliyinə hayqırdı. Vətən müharibəsi xalqımızın 30 illik həsrətinə 44 gündə son qoydu. Hər kəs Vətən fədaisi oldu o gün. İllərlə yaşadığımız ağrı-acılar bir andaca sevincə çevrildi. Ordumuzun bu qalibiyyəti bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan xalqı qarşısına qoyduğu hər bir vəzifəni yerinə yetirə bilmək qüdrətindədir.

Azərbaycan torpaqları qarış-qarış, kənd-kənd işğaldan azad edildi. Uzun illərdən sonra doğma torpaqlarımızda yenidən üçrəngli şanlı bayrağımız ucaldıldı. Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı.

Ermənistan silahlı qüvvələrinə qarşı başlanılmış əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında kitablar yazılacaq, filmlər çəkiləcək. Qələbəmizin payında vətənə canını fəda edən şəhidlərimiz, öz sağlamlıqlarını qurban verən qazilərimiz, bu cür mərd oğulları yetişdirən valideynlərin, heç nəyə baxmadan onları gözüyumulu cəbhəyə yola salan mərd xanımların, ata yolu gözləyən uşaqların da böyük rolu var idi. Amma bu gün tam əminliklə deyə bilərik ki, bu qələbələrin, cəbhə uğurlarının ən başlıca səbəbi Prezident,  Ali Baş Komandan, dahi sərkərdə İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin yüksək  ruh yüksəkliyi oldu. “Dəmir Yumruq” əməliyyatı bir daha göstərdi ki, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Selcan Novruzova,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Daha çox xəbərlər