Gündəm 

Ürəyi Vətən uğrunda döyünən hər bir azərbaycanlı qəhrəmanlarımızı dərin ehtiramla yad edir

Azərbaycana qarşı Ermənistan höküməti tərəfindən törədilən uzunmüddətli terror aktları, işğal və anti-humanist siyasət 2020-ci ilin sentyabr ayında gərginliyi ən yüksək həddə çatdırdı. Müxtəlif mənbələrdə “Vətən müharibəsi”, “44 günlük müharibə”, “İkinci Qarabağ müharibəsi” kimi adlandırılan 2020-ci ilin 27 sentyabrından 10 noyabr tarixinədək davam etmiş müharibə simvolik olaraq dünya mətbuatında “Dəmir yumruq” əməliyyatı kimi işıqlandırılmışdır.

Zəfərə aparan cığır 2016-cı ildə “Aprel döyüşləri”ndə, 2020-ci ilin iyul ayında Tovuz hadisələrində özünü göstərir, düşmən tərəfindən işğal edilmiş müxtəlif strateji yüksəkliklər azad edilirdi. “Yeni torpaqları üçün yeni müharibə” kimi aqresiv çağırışlar edən erməni höküməti tərəfindən yaradılan miflərin qısa müddətdə darmadağın ediləcəyi inancı hər bir azərbaycanlı gəncin ürəyində işıq kimi parıldayırdı 30 ildən çoxdur mənfur düşmən tərəfindən işğal edilmiş Qarabağın müzəffər Ali baş komandanın rəhbərlik etdiyi rəşadətli Azərbaycan ordusunun apardığı Dəmir yumruq əməliyyatı nəticəsində azad edilməsi şanlı bayrağımızı yenidən Qarabağda, Şuşada qürula qaldırdı.

Şanlı qələbəni Azərbaycan mərd oğullarının, igid övladlarının qanı və canı bahasına əldə etdi. Düşmən əsgəri səngərdən qaçarkən, Azərbaycan igidi səngərə – qarış-qarış addım-addım vətən torpağına qaçdı. Əsgərimizin hər bir addımı sanki bir haray idi vətən torpağına, sanki pıçıldayırdı Qarabağa ki, oğulların, övladların qayıtdı vətən!

Bu Azərbaycan əsgərinin – vətən övladının elə bir şanlı və parlaq rəşadəti idi ki, şəhadəti də, qaziliyi də sevinclə, böyük qürur və məhəbbətlə qarşılayırdı.

Bugün hər bir azərbaycanlı, ürəyi vətən uğrunda döyünən hər bir can vətən müharibəsi qəhrəmanlarını dərin ehtiramla yad edir, qazilərə Allahdan can sağlığı və möhkəmlik arzulayır.

Heç şübhəsiz ki, Azərbaycan ordusu, xalqı və gəncliyi qalib müzəffər Ali Baş Komandanın İlham Əliyevin ətrafında sıx birləşərək, ondan gələcək hər bir çağırış hazırdırlar. Bunu 2022-ci ilin avqust ayında baş vermiş “Qisas” əməliyyatında, 2022-ci ilin 12-15 sentyabrındakı hadisələrdə açıq-aydın görmək mümkündür.

Nəbi Xəzrinin dediyi kimi,

Şəhidlərin al qanından,

Lalə açmış yollar ilə,

İstiqlalın sabahına

Qürurla get, Azərbaycan!

Aytac Rüstəmli,
YAP-ın gənc fəalı

Daha çox xəbərlər