Vətən sevgisi, vətənpərvərlik Qələbəmizin əsas amilinə çevrildi
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bəyan etdiyi kimi, indi Cıdır düzü də, Şuşa da, Qarabağ da azaddır
Dövlət başçısı İlham Əliyev sentyabrın 21-də Laçın rayonuna səfəri zamanı Laçın şəhərində Azərbaycan Bayrağını ucaltdıqdan sonra çıxış edərkən söylədiyi «Biz şəhidlərimizin canı, qanı bahasına, qəhrəman əsgər və zabitlərimizin fədakarlığı sayəsində bu gün bu torpaqlardayıq. Heç kim bu torpaqları bizə bağışlamayıb, heç kim bu torpaqları bizə danışıqlar yolu ilə qaytarmayıb. Beynəlxalq təşkilatlar, o cümlədən BMT, onun Təhlükəsizlik Şurası, ATƏT işğalçı dövləti məcbur edib buradan çıxarmalı idi. Ermənistana qarşı sanksiyalar tətbiq edilməli idi. Bunların heç biri görülmədi. Əksinə, bu işğalı əbədiləşdirmək üçün Ermənistan, dünya erməniliyi və onların xaricdəki havadarları birləşərək bu çirkin niyyəti həyata keçirmək istəyirdilər. Mən isə həmişə deyirdim ki, Azərbaycan xalqı buna heç vaxt razı olmayacaq. Həmişə deyirdim ki, məsələ sülh yolu ilə həll olunmasa, bunu hərb yolu ilə həll edəcəyik və etdik» fikirləri ilə 30 illik işğal dövrünün reallıqlarının və İkinci Qarabağ müharibəsini şərtləndirən amillərin, tarixi Zəfərimizin bugünümüz və gələcəyimiz üçün yaratdığı reallıqların aydın mənzərəsini ortaya qoyur. Müzəffər Ali Baş Komandan bu məqamı da xüsusi qeyd etdi ki, cəmi 44 gün ərzində Ermənistan ordusunu darmadağın etdik. Alınmaz qala sayılan Şuşanı azad etdik. Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Hadrutu, Xocavəndi döyüş meydanında azad etdik. Düşmən diz çökdü.
10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanması Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi oldu. Eyni zamanda, bu sənəd postmünaqişə dövrünün reallıqlarını özündə ehtiva edərək onların icrası fonunda bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması mümkün olacaq ki, bu da öz növbəsində yeni əməkdaşlıq formatlarının yaradılmasına, işğaldan azad edilmiş ərazilərimizin malik olduğu iqtisadi imkanlardan səmərəli istifadəyə, bir sözlə, ölkəmizin dayanıqlı inkişafına geniş imkanlar yaradacaq.
Dövlət başçısı İlham Əliyev avqustun 26-da «Biz Laçına qayıtdıq» dedi və sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağını qaldırdı. Bildirildi ki, artıq Laçının bərpası və yenidən qurulması zamanıdır.
Son iki ilin reallıqları sırasında ilk olaraq bu tarixi hadisəni ona görə qeyd etdik ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan nəyi vəd edirsə onun reallığa çevrilməsi istiqamətində ciddi səylər göstərir.
Məlumdur ki, Prezident İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsi dövründə xarici mətbuata çoxsaylı müsahibələrində bu fikri xüsusi qeyd etmişdir ki, Şuşasız bizim işimiz yarımçıq olar.
Ermənistanın diz çökməsində əhəmiyyətli rol oynayan Şuşa əməliyyatı Azərbaycan Ordusunun gücünü, qüdrətini dünyaya nümayiş etdirdi. Şuşa əməliyyatı dastana çevrildi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın işğaldan azad edilməsi müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən ata vəsiyyətini yerinə yetirdiyi üçün xoşbəxt olduğunu bildirməklə yanaşı, bu əminliyi böyük qürur və fəxr hissi ilə bildirdi ki, əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz səni dirçəldəcəyik!
«İndi müharibə bitib, münaqişə həll olunub, bu baş verənlər haqda danışılası heç bir məsələ qalmayıb. Biz artıq gələcəyə baxmalıyıq və hazırda bizim əsas narahatlığımız dağıdılmış, tamamilə viran qoyulmuş ərazilərin bərpasıdır» söyləyən dövlət başçısı İlham Əliyev atdığı hər addımı ilə sözlə əməl birliyini təsdiqləyir. Buna əmin olmaq üçün son iki ildə görülən bərpa və quruculuq işlərinin miqyasına diqqət yetirmək kifayətdir. Məlum olduğu kimi, Ağdam şəhərinin ardınca Şuşa şəhərinin Baş planı təqdim edildi. Şuşa şəhərinin Baş planı hazırlanarkən onun tarixi əzəmətinin qorunması əsas götürülüb. Mədəniyyət paytaxtımızda həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulur və tezliklə keçmişdə olduğu kimi, Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. Baş planda Şuşanın orta, yüksək və qarışıq sıxlıqlı olan yaşayış binalarının inşa edilməsi, şəhər mərkəzinin, yeni tikiləcək və qorunub saxlanılacaq tarixi binalar və abidələrin yerləri də öz əksini tapıb.
Qarabağın tacı Şuşamızda görülən və görülməsi nəzərdə tutulan işlərin miqyasının genişliyi fonunda ümumi olaraq işğaldan azad edilmiş ərazilərimizin gələcəyi barədə aydın təsəvvür yaratmaq mümkündür. Hər kəsə məlumdur ki, bu torpaqlarda «ağıllı şəhər» və «ağıllı kənd» layihələri çərçivəsində kənd və şəhərlərin bərpası həyata keçirilir. Bu layihələr çərçivəsində ilk olaraq Zəngilan rayonunun Ağalı kəndlərində bərpa işlərinə start verildi və bu il həmin kənd sakinlərini qarşıladı. Bununla da Böyük Qayıdışın ilk addımları atıldı.
Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə, xüsusilə Şuşaya 10-a yaxın səfərinə diqqət yetirsək, hər birinin tarixi hadisə olmaqla yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qaldığını görərik. Məhz bu işlərin qısa zamanda görülməsinin nəticəsidir ki, mədəniyyət paytaxtımız, o cümlədən işğaldan azad edilmiş ərazilərimiz tez-tez qonaqlarını qarşılayır, onlara erməni vəhşiliklərindən, görülən işlərdən bəhs edirlər. Bu torpaqlarımızın hər birinin daşı, qayası tarixdir, onların qorunması, gələcək nəsillərə çatdırılması vacibdir. 30 illik işğal dövründə ermənilər Şuşamızı nə qədər erməniləşdirmək üçün cəhdlər göstərsələr də bunun mümkünsüzlüyünün şahidinə çevrildilər. Bu gün Şuşa həm bərpa-quruculuq işlərinin miqyasına, həm də ev sahibliyi etdiyi tədbirlərin mahiyyətinə görə diqqətdədir. Mədəniyyət paytaxtımızı iqtisadi, siyasi, humanitar mərkəzə çevrilib. Şuşada, Cıdır düzündə «Xarıbülbül» musiqi festivalı, Vaqif Poeziya Günləri ənənəsi bərpa edildi. Görülən və görüləcək işlərin miqyası o qədər genişdir ki, onların xronologiyasını təqdim etmək mümkün deyil. Dövlət başçısı İlham Əliyev bu əminliyi ifadə edir ki, düşməni qısa müddət ərzində necə torpaqlarımızdan qovduğumuz kimi, tarixi dədə-baba torpağımız olan Qarabağı, Şərqi Zəngəzuru da az vaxtda bərpa edəcəyik. Artıq deyilən hər bir vəd realığa çevrilir. Ötən ilin sentyabrında Zəfər yolu istifadəyə verildi. Oktyabr ayında Füzuli Beynəlxalq Hava Limanının açılışı oldu. Bununla yanaşı, yaxın günlərdə Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi nəzərdə tutulur. 2024-cü ildə isə Laçın Beynəlxalq Hava Limanı istifadəyə veriləcək. İşğaldan azad edilmiş ərazilərimizdə üç aeroportun tikilməsi gələcək üçün böyük imkanlar vəd edir. Ümumiyyətlə, hər bir bölgənin inkişafında yol-nəqliyyat infrastrukturunun yenilənməsi, beynəlxalq standartlara uyğun bərpa olunması mütləqdir. Bu, eyni zamanda, həmin bölgələrin malik olduğu iqtisadi potensialdan səmərəli istifadəyə də geniş imkanlar açır. Həmçinin həmin ərazilər, turist axınının sürətlənməsinə stimul olacaq.
Müzəffər Ali Baş Komandanın işğaldan azad edilmiş ərazilərimizə hər səfəri yeni bir bir çağırış, yeni mesajdır. Hər bir səfərində bu ərazilərdən qayıdarkən “Hələlik» deməklə bu torpaqlarda daimi olacağımızı, bu torpaqların sahibinin biz olduğumuzu dünyaya bəyan edir. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə üçrəngli bayrağımız dalğalanır və bundan sonra da əbədi dalğalanacaq.
Artıq 44 günlük İkinci Qarabağ müharibəsi, eyni zamanda, xalqımızın vaxtilə itirilmiş qürurunu özünə qaytardı. İşğalçı qüvvələr bizim üçün müqəddəs Şuşamızda heysiyyətimizə toxunmaq, Azərbaycan xalqını təhqir etmək üçün eybəcər hərəkətlər etmişdilər. Bütün dünya artıq bundan xəbərdar idi. Ermənistanın baş naziri Nikol Paşinyan Cıdır düzündə “Yallı” getmişdi. Bu gün izi-tozu da qalmayıb burada. İndi Cıdır düzü də, Şuşa da, Qarabağ da azaddır. Vətən sevgisi, vətənpərvərlik Qələbəmizin əsas amilinə çevrildi.
44 günlük İkinci Qarabağ müharibəsi regionda vəziyyəti dəyişdi. Müharibə bitib, növbəti səhifəyə keçmişik. Ağrını, yaraları heç vaxt unutmayacağıq. Yaralar heç vaxt sağalmayacaq. Qəhrəmanlarımızı daim xatırlayacağıq. Dövlətimizin başçısı İlham Əliyev bununla yanaşı bildirir ki, biz gələcəyə baxmalıyıq. Azərbaycan gələcəyə baxıb, işğalçı dövlətə təkmil sülh modelini tədim etdiyi halda, Ermənistan hələ tərəddüd içərisində çabalayır. Yenə də ATƏT-in Minsk qrupundan təklif gözləyir. Bu təkliflərin son 30 ildə Ermənistanı sonda hansı duruma saldığı göz önündədir. 30 illik danışıqlar ərzində Ermənistanın yalnız bir məqsədi olmuşdur. Bu da danışıqları sonsuz və faydasız etmək idi. Bu da təcavüzkara işğal olunmuş ərazilərin tarixi, mədəni və dini mənşəyini dəyişməyə cəhd etmək imkanı verirdi.
Çıxışlarında diqqəti ermənilərin dini abidələrimizi, məscidlərimizi dağıtmalarına, burada donuz saxlamalarına yönəldən cənab İlham Əliyev bunun təkcə azərbaycanlılara deyil, bütün müsəlmanlara qarşı təhqir olduğunu da diqqətə çatdırır. Dünya bu illər ərzində necə vəhşi millətlə üz-üzə olduğumuzu görürdü. Ermənistan silahlı qüvvələrinin Vətən müharibəsi dövründə məğlubiyyətlərini həzm etməyərək cəbhə bölgəsində xeyli uzaqda olan yaşayış məntəqələrimizi raket atəşinə tutmaları, mülki insanların ölümünə və yaralanmasına səbəb olan təxribatlar törətmələri, yaşayış məntəqələrini dağıtmaları dünyanın göz qarşısında baş verdiyi halda susmaları diqqətdən kənarda qalmadı. Bu gün də eyni ab-hava yaşanmaqdadır. Amma 30 ilin reallıqlarından fərqli olaraq bu gün Azərbaycan ərazi bütövlüyünü bərpa edən, torpaqlarının əsl sahibi kimi onları cənnət məkana çevirən, regionda diktə edən tərəf kimi çıxış edən ölkədir. Törədilən hər bir təxribatın qarşısı qətiyyətlə alınır. «Qisas» və «Qətiyyətli cavab» əməliyyatları bunun bariz nümunəsidir.
Xalqımız hər zaman olduğu kimi, sentyabrın 27-dən başlanan və 44 gün davam edən əks-hücum əməliyyatları dövründə də ölkə Prezidentinin hər sözünün arxasında oldu, ona inanaraq ətrafında sıx birləşdi. Xalqımız bir daha əmin oldu ki, cənab İlham Əliyev hansı məqamda nəyi necə etməyi bilir və istər danışıqlar masasında, istərsə də hərb meydanında bütün addımlarını ən xırda detalınadək hesablayaraq atır. Dövlət başçısı İlham Əliyev xalqa müraciətlərində də bildirirdi ki, düşmənə layiq olduğu yeri yumruğumuzla göstərdik. Bu yumruq təkcə düşmənin başına vurulan zərbə deyil, birliyimiz, həmrəylimizdir.
İşğaldan azad edilmiş torpaqların bərpası və inkişafı konsepsiyası uğurla icra edilir. Bu istiqamətdə dövlət tərəfindən həyata keçirilən tədbirlər və həmin rayonların iqtisadi potensialı ölkəyə, xüsusilə də qeyri-neft sektoruna yeni yerli və xarici investisiyaların cəlb olunmasına zəmin yaradacaq. Hər bir bölgəmizin təbii ehtiyatlarını, ənənəvi iqtisadiyyat sahələrini, nəqliyyat qovşaqlarını, o cümlədən yenidən bərpa olunan nəqliyyat dəhlizlərinə və artıq tikintisinə başlanılmış və hətta icrası başa çatmaqda olan avtomobil və dəmir yollarına yaxınlığı nəzərə alınaraq, hər bir iqtisadi rayonun profili, ixtisaslaşması həyata keçirilir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, biz dünyaya göstərəcəyik ki, nəinki bu əraziləri bərpa etdik, həm də dünyanın ən gözəl məkanlarından birinə çevirdik.
Ölkə Prezidentinin “Müharibə bitib, biz növbəti səhifəyə keçməliyik» fikrinə istinadən qürurla deyə bilərik ki, ordumuz əzəli Azərbaycan torpaqlarını işğaldan azad etməklə milyonlarla azərbaycanlının arzularını həyata keçirdi. Bu, ədalətin təntənəsidir! Xalqımız tam əmin idi ki, işğal altında olan bütün torpaqlarımız azad olunacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, Azərbaycan davamlı inkişafı ilə dünyanın diqqətində olacaq. Artıq bu istəyimiz reallıqda öz əksini tapıb.
Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə İkinci Qarabağ müharibəsinin başlandığı tarix- 27 sentyabr Anım Günü kimi təsis olunub. Məqsəd Zəfər yolunu daim təhlil etmək, Qələbəni bizlərə yaşadan, qanları, canları ilə tarix yazan şəhidlərimizi unutmamaq, onların həyat yolunu bir vətənpərvərlik məktəbi kimi daim öyrənməkdir.

