Media Reyestri jurnalistlərin hüquqlarının daha yüksək səviyyədə müdafiəsini təmin edəcək
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə olduğu kimi, media ilə bağlı aparılan islahatlar da keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Demokratiya və hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyən ölkəmizdə söz və ifadə, mətbuat azadlığı təmin olunub. Hazırda respublikamızda çoxsaylı media şəbəkəsi, o cümlədən internet televiziyaları fəaliyyət göstərir. Əhalinin 85 faizindən çoxu internet istifadəçisidir, sosial şəbəkələr üzərində heç bir nəzarət, yaxud məhdudiyyət yoxdur. Azərbaycan mediasının xaricdə böyük izləyici auditoriyası var. Ölkəmizdə fəaliyyət göstərən KİV orqanlarının beynəlxalq əlaqələri getdikcə genişlənir.
Hazırda bu istiqmətdə genişmiqyaslı islahatların həyata keçirilməsi, o cümlədən Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) yaradılması, ölkəmizdə media siyasətində ciddi dəyişikliklərin edilməsi çox mühüm əhəmiyyətə malikdir. Medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə belə bir sənədin imzalanması media ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı.
Təbii ki, ölkəmizdə media üçün yaradılmış bu cür əlverişli, azad şərait fonunda jurnalist məsuliyyəti, peşə etikası əsas şərtlərdən biridir. Bu mənada Prezident İlham Əliyevin 2022-ci il sentyabrın 26- da təsdiq etdiyi “Media Reyestrinin aparılması Qaydaları” respublikamızda media mühitinin sağlamlaşdırılmasına, onun rəqabət qabiliyyətinin artırılmasına şərait yaradan vasitələrdən biri kimi diqqət çəkir. Reyestr keyfiyyətli informasiya istehsalını dəstəkləməyə, bu sahədə stimullaşdırıcı tədbirlər görməyə imkan yaradacaq. Bu da öz növbəsində hazırkı rəqabət mühitində peşəkar medianın inkişafına əlverilşli şərait yaradacaq.
Media Reyestrində media subyektləri, onların redaksiyaları və jurnalistlərə dair elektron hökumət portalında mövcud olan məlumatlar inteqrasiya, digər məlumatlar isə istifadəçi tərəfindən daxil edilməklə sistemləşdirilir. Əsas diqqəti cəlb edən məslələrdən biri də odur ki, jurnalistlərin Media Reyestrinə daxil edilməsi könüllülük prinsipi əsasında həyata keçiriləcək. Təbii ki, Media Reyestrinə daxil edilmiş jurnalistlərə jurnalist vəsiqəsinin təqdim olunması media mühitinin sağlamlaşmasına müsbət təsir göstərəcək. Media subyektləri onlarla işləyən jurnalistlərə özlərinə məxsus vəsiqələri verməkdə tam müstəqil olacaqlar. Media Reyestri media subyektlərinin və media sahəsində işləyən şəxslərin fəaliyyətinin, eyni zamanda, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılmasına şərait yaradacaq.
Reyestr medianın inkişafına dəstək layihələrinin iqtisadi və hüquqi əsaslandırmasının formalaşdırılmasına imkan verəcək. Belə ki, media subyektləri və jurnalistlərin hüquqlarının daha yüksək səviyyədə müdafiəsi təmin ediləcək. Həmçinin Reyestrə daxil edilmiş media subyektləri və jurnalistlər müxtəlif xarakterli güzəşt və imtiyazlardan yararlana biləcəklər. Keyfiyyətli xəbər istehsalının təmin edilməsi, müəlliflik hüquqlarının qorunması mümkün olacaq. Media Reyestri jurnalistlərin akkreditasiya prosedurunun daha sürətli və səmərəli həyata keçirilməsini təmin edəcək.
Reyestrə daxil edilmək üçün müraciət etmiş şəxslərin, o cümlədən jurnalistlərin Reyestrə daxil edilməsindən imtina edildikdə, bu barədə MEDİA tərəfindən əsaslandırılmış qərar qəbul olunur və beş iş günü müddətində elektron qaydada onlara göndərilir. Həmçinin Reyestrə daxil edilmiş məlumatlarda dəyişiklik edildikdə, dəyişiklik baş verdiyi tarixdən 14 iş günü müddətində bu məlumatlar müvafiq təsdiqedici sənədlərlə birlikdə elektron kabinet vasitəsilə Agentliyə təqdim olunur və aparılmış dəyişikliklərin yenidən Reyestrə daxil edilməsi bu Qaydaların müddəaları nəzərə alınmaqla həyata keçirilir. Reyestrə daxil edilmiş media subyektlərinə və jurnalistlərə elektron informasiya ehtiyatı vasitəsilə müvafiq olaraq elektron sənəd formasında şəhadətnamə və vəsiqə verilir.
Həmçinin Şəhadətnamə Reyestrdə müvafiq qeydin edildiyi tarixdən müddətsiz olaraq, vəsiqə isə 3 il müddətinə verilir. Şəhadətnamə və vəsiqələrə rəqəmlərin və hərflərin kombinasiyasından ibarət unikal qeydiyyat nömrəsi verilir. Vəsiqə Reyestrə daxil edilmiş jurnalistin müraciəti əsasında 3 iş günü müddətində kağız daşıyıcıda ona təqdim olunur. Vəsiqədəki məlumatlar dəyişdikdə, məlumatların səhv olduğu aşkar edildikdə, vəsiqə yararsız hala düşdükdə və ya itirildikdə onun sahibinin müraciəti əsasında 3 iş günü müddətində yeni vəsiqə verilir.
Jurnalist vəsiqənin etibarlılıq müddəti bitdiyi gündən ən geci 3 iş günü müddətində həmin vəsiqəni MEDİA-ya təhvil verməklə vəsiqənin yenidən alınması üçün müraciət etmək hüququna malikdir. Əmək müqaviləsinə xitam verilmiş jurnalist sonuncu iş günündə öz vəsiqəsini işəgötürənə (media subyektinə) təhvil verməli, media subyekti isə həmin vəsiqəni təhvil aldığı gündən ən geci 3 iş günü müddətində məhv edilməsi üçün Agentliyə təqdim etməlidir. Fərdi olaraq müəllif hüquqları əsasında fəaliyyət göstərən jurnalistlər Reyestrdən çıxarıldığı gündən ən geci üç iş günü müddətində vəsiqəni məhv edilməsi üçün Agentliyə verməlidirlər.
Bütün bunların fonunda əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin təsdiq etdiyi “Media Reyestrinin aparılması Qaydaları” bundan sonra da ölkəmizdə mətbuatın inkişafına, dövlətçiliyimizin möhkəmlənməsinə, milli maraqlarımızın qorunmasına böyük töhfələr verəcək.

