YAP Bərdə rayon təşkilatının kollektivi Kəlbəcər ərazisində şəhid olmuş Məmmədli Namiq Ağaməmməd oğlunun ailəsində olmuşlar.
YAP Bərdə rayon təşkilatının kollektivi sentyabrda Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması zamanı Kəlbəcər ərazisində şəhid olmuş Məmmədli Namiq Ağaməmməd oğlunun ailəsində olmuşlar.Bu günlərdə YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya başda olmaqla təşkilatın məsul işçiləri – Elməddin Əsgərxanov, Əlövsət Məmmədov, Coşqun Tapdıqlı, Vasif Mehdizadə və Təhlə kənd ƏPT fəalları ilə birlikdə “PAŞA sığorta”ASC-nin dəstəyi ilə rayonun Mehdili kənd sakini, Ermənistanın sentyabr geniş miqyaslı hərbi təxribatının qarşısının alınması zamanı şəhid olmuş Məmmədli Namiq Ağaməmməd oğlunun ailəsinə baş çəkmişlər. İxtisasca ali təhsilli müəllim olan Namiq Məmmədli Vətənə hərbi xidmətdə qulluq etməyi hər şeydən uca tutdu, könüllü olaraq müddətdən artıq həqiqi hərbi xidmətə yazıldi. Türkiyə Respublikasında keçirilən hərbi təlimlərdə yüksək nailiyyətlər əldə etdiyinə görə “Güclü döyüşçü” medalı ilə mükafatlandırılıb. Vətən muharibəsi zamanı ilk gündən ön cəbhədə döyüşlərə atılmış, igidliklər göstərmişdir.Ölkə Prezident cənab İlham Əliyevin sərəncamı ilə “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə təltif edilmişdir.Ermənistan ordusunun 2022-ci il sentyabr genişmiqyaslı təxribatına cavab olaraq Namiq Məmmədli yenidən döyüşlərə atılmış, müəyyən postların alınmasında və möhkəmləndirilməsində iştirak etmişdir. Lakin gərgin döyüş zamanı igid, qəhrəman çavuş Məmmədli Namiq Ağaməmməd oğlu şəhid olmuşdur.Şəhid Namiq Məmmədlinin ailəsində olarkən YAP Bərdə rayon təşkilatın sədri Fəqət Şadlinskaya bildirmişdir ki, ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, güclü Komandanlığı, xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində 30 illik həsrətə son qoyuldu. 2020-ci il ölkəmiz üçün Qələbə ili kimi tarixə düşdü. Ancaq bunu həzm edə bilməyən düşmən öz hərbi təxribatlarını törətməkdə davam edir. Namiq kimi igid oğullarımızın sayəsində düşmən ordusu darmadağın edilərək yenidən geriyə çəkilməyə məcbur edildi. Bugün qəhrəman oğullarımızın Vətən uğrunda göstərdiyi fədakarlıqları dövlətimiz və xalqımız unutmur. Qəhrəman Namiqin Vətən sevgisi və şanlı döyüş yolu bütün nəsillərə örnəkdir.Ailədə olarkən şəhid Namiqin valideynləri, qohum və qonşuları igid şəhid Namiqin hərbidəki xidmətlərindən və döyüş yolundan danışmış, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun torpaqlarımızı mənfur düşməndən azad edərək şəhidlərimizin intiqamını aldığından söhbət açmışlar.





