Antimillilərin hərraca qoyulan vicdanları
2020-ci ilin 27 sentyabrında Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində İkinci Qarabağ müharibəsinin başlanması ilə bağlı xalqa müraciət edən Prezident, Ali Baş Komandan İlham Əliyev bildirmişdi ki, düşmən qüvvələr bir neçə istiqamətdən, müxtəlif növ silahlardan, o cümlədən ağır artileriyadan istifadə edərək yaşayış məntəqələrimiz, hərbi mövqelərimiz atəşə tutuldu. Erməni faşizminin növbəti təzahürü olan döyüş əməliyyatlarının başlandığı ilk günlərdən mülki əhali və hərbçilər arasında itkilər, yaralananlar oldu. Qızışdırıcı mövqeləri ilə artıq tarixin arxivinə göndərilən «Dağlıq Qarabağ respublikası» ilə bağlı status-kvonun əbədi qalmasına rəvac verənlər «Qarabağ Ermənistandır və nöqtə» söyləyən, Şuşada qondarma kriminal separatçı xunta rejiminin başçısının «andiçmə”» mərasimini keçirən Ermənistanın baş naziri Nikol Paşinyanı sirk arenasında tryüklar göstərən ayı kimi təlimatlandırıb, meydana atdılar. «Nöqtəsi ilə Qarabağı özününküləşdirdiyini» zənn edən Paşinyan həmin vaxt sərsəmləmələrinin verəcəyi acı nəticələri, kiminlə qarşı-qaşıya durduğunu təsəvvür etmək təfəkküründə olmasa da, Prezident İlham Əliyevin qətiyyətli cavabı olan «Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə”. Birincisi, yumşaq desək, bu, yalandır. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi» sözlərinin xəbərdarlıq olduğunu dərk etməsə də İkinci Qarabağ müharibəsinin davam etdiyi müddətdə işğal altında qalan torpaqlarımızın azad edilməsi Qarabağın Azərbaycana aid olduğunu təsdiqlədiyi kimi, Nikolu da qəflət yuxusundan ayıltdı. Bu yuxunun xoş xəyallarına 10 noyabr 2020-ci ildə son qoyuldu. Kapitulyasiya aktını imzalamaqla Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiqləyən Paşinyanın tarixi anı əks etdirən «nöqtə»si daha inandırıcı idi.
Vətən müharibəsinin ilk günlərindən Azərbaycan Silahlı Qüvvələrinin rəşadəti qarşısında geriyə addım atan Paşinyanı ayıldan bir məqam isə Prezident İlham Əliyevin «Qarabağ Ermənistandır”, bu, yalandır. Mən deyəndə ki, «Qarabağ Azərbaycandır»”, bu, həqiqətdir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Tarixi ədalət bizim tərəfimizdədir. Çünki bu, bizim doğma, dədə-baba torpağımızdır. Beynəlxalq hüquq bizim tərəfimizdədir. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır» sözləri oldu. İkinci Qarabağ müharibəsini Zəfərlə başa çatdıran, xalqla bir olan Silahlı Qüvvələrimizin hərbçiləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin «Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!» sözlərini hərb meydanlarında düşmənə vurduqları öldürücü zərbələri ilə təsdiqləyib, kəsik qulaqları babaları Andranikə göndərdilər.
Artıq ikinci ildir ki, 27 sentyabr 2020-ci il tarixi bütün dünya azərbaycanlıları tərəfindən Anım Günü kimi qeyd edilir. Birinci, İkinci Qarabağ müharibələrində, 2022-ci il 12 sentyabrdan 13 sentyabra keçən gecədə Ermənistan silahlı birləşmələrinin dövlət sərhədində törətdiyi təxribatlar nəticəsində həlak olan şəhidlərimizin xatirələri hər yerdə qeyd olunur. Şəhid ailələrinə dövlət səviyyəsində qayğı göstərilir.
İşğaldan azad edilən ərazilərdə aparılan quruculuq işlərindən heyrətlənən, layihə və islahatların həyata keçirilməsində iştirak edən Azərbaycanın dostları, müttəfiqləri də şəhidlərimizin ruhunu həmişə hörmətlə yad edirlər. Strateji, geosiyasi əhəmiyyəti baxımından əlverişli mövqedə yerləşən Cənubi Qafqazda gərginliyin qalmasında maraqlı olan qüvvələr, Ermənistanın havadarları isə hələ də işğalçını silahlandırmaqla, onları yeni təxribatlara şirnikləndirirlər. Siyasi, iqtisadi qüdrəti ilə artıq təkcə bölgədə deyil, beynəlxalq aləmdə sayılıb-seçilən, qlobal layihələri ilə dünyanın enerji və nəqliyyat xəritələrini dəyişən, Avropanın bəzi ölkələrinin enerjiyə tələbatını ödəyən Azərbaycanın bütün uğurlarına kölgə salmaq üçün mümkün vasitələrdən yararlanan bəzi beynəlxalq təşkilatlar, erməni havadarları müxtəlif ölkələrə sığınan, yaddellilərin süfrəsinin artığına göz dikən antimillilərdən də istifadə edirlər.
İkinci Qarabağ müharibəsinin davam etdiyi müddətdə belə vicdanlarını xarici məddahlarının dollarlarına satan, erməni dəyirmanına su tökən milli xəyanətkarlar- Sevinc Osmanqızı, Qənimət Zahid, Tural Sadıqlı, Vidadi İgəndərli, Məhəmməd Mirzəli, Orduxan Teymurxan, Ərəstun Oruclu, Qurban Məmmədov kimiləri Milli Ordumuzun uğurlarına sevinmək əvəzinə düşmənlə birgə göz yaşı tökürdülər. Torpaqlarımızın işğaldan azad olunmasına sevinmək əvəzinə yalanları və böhtanları ilə erməni havadarlarına xidmət edən «söz pəhlivanları» milli təəssübü, duyğuları, qeyrəti, şərəfi unudaraq manqutlaşanlar ataların doğma torpağın əvəzsizliyini əks etdirən bu müdrik kəlamlarını belə yada salmırlar: « Baş əyilər daşa, diz əyilər torpağa dəyər.» Çünki bu şərəfsizlərin başlarının, dizlərinin rahatlıq tapacağı daşları, torpaqları belə yoxdur. Yadellilərin torpağı isə heç kimə məlhəm ola bilməz. Xalq şairi Məmməd Arazın yazdığı «Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı» sözləri elini, obasını satan, varlığını, şəxsiyyətini hərraca çıxaran bu xəyanətkarların milli dəyərlərə dönüklük etiketidir.
Böyüyüb boya-başa çatdıqları torpaqların düşmən tapdağından azad olmasına sevinməyən bu satqınlar erməninin əlindən öpməyə belə hazırdırlar. O erməninin ki, 20 Yanvar faciəsində, Xocalıda, Başlıbeldə, Qaradağlıda… törədilən qırğınlarda əlləri günahsız azərbaycanlıların qanına batıb. Adları uşaq qatili olan ermənilərin 30 il ərzində qətlə yetirdikləri azərbaycanlıların kütləvi məzarlıqlarda inildəyən ruhları simalarını itirmişlərin qara rəngə boyanmış vicdanlarını belə tərpətmir. Ölkəmizdə baş verən hadisələrə, siyasi-iqtisadi, diplomatik uğurlarımıza qara pərdə çəkməkdə mahir olan antimillilərin Azərbaycanla bağlı xarici ölkələrdə keçirilən tədbirlərdə ermənilərlə birgə etiraz aksiyalarında iştirakları, anti-Azərbaycan şüarlar səsləndirmələri şərəfsizlikdir. 44 gün davam edən Vətən müharibəsində qəhrəmanlıq dastanına çevrilən tarixi hadisələri, postmüharibə dövründə işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri xarici qonaqları heyrətləndirsə də məscidlərimizdə donuz saxlamaqla dinimizi təhqir edən ermənilərin xaçını öpən, inancını belə dəyişən səbatsızları kar, kor edib.
Ən acınacaqlısı isə antimillilərin ölkəmiz əleyhinə tribuna kimi istifadə etdikləri TV-lər vasitəsi ilə əxlaqa sığmayan, başqalarının şəxsiyyətini təhqir edən ifadələrin işlədilməsi, əsası olmayan ailə-məişət məsələləri ilə bağlı böhtanlara geniş yer verilməsidir. Bu sahədə «Hüseyn TV» liderlik edir. Əxlaqdan kənar ifadələr işlətməklə, siyasəti jarqonlaşdırmaqla daxili çirkinliklərini ortaya qoyanlar unudurlar ki, sosial şəbəkə istifadəçiləri arasında qadınlar, yeniyetmələr də vardır. Daha çox söyüş söyməklə, reytinq qazandıqlarını düşünən əxlaqi dəyərlərdən uzaq olanlar unudurlar ki, belələrinin heç bir cəmiyyətdə yeri ola bilməz. Antimillilər yaxşı bilirlər ki, məqsədləri naminə belə satqınlardan istifadə edən havadarları məqamı gələndə onları qapı arxasında qoyacaqlar. Bu yolla ermənilərə, Azərbaycana qarşı düşmən mövqedə dayanan qüvvələrə xidmət edənlər elə başa düşürlər ki, nə qədər söysən, çirkin ifadələr işlətsən izləyiçilərin də o qədər çox olar. Amma unudurlar ki, belə ucuz yolla diqqətdə qalmaq müvəqqətidir. Hamilərindən, erməni dayılarından daha çox dollar qoparmaq üçün pulun əsirinə çevrilənlərin izləyiciləri də elə özləri səviyyəsində olanlardır.
Qaranlıq düşüncə tərzlərinə görə sığındaqları ölkələri nümunə hesab edən milli satqınlara ABŞ-da qara dərililərə, Fransada «sarı jiletlilərə», bəzi Avropa ölkələrində miqrantlara göstərilən zorakılıqları, aksiyaların su şırnaqları, gözyaşardıcı qazlarla dağıdılmasını xatırladaq. İslamofobiyanı qızışdıranların müsəlmanlara qarşı apardıqları soyqırımları, daşnakların türk diplomatlara, azərbaycanlılara qarşı törətdikləri qətliamları yada salaq. Onda kimin demokrat , kimin terrorçu, quldur olduğu aşkarlanar. AXCP sədri Əli Kərimlinin siyasi mühacir bazarından yararlanaraq müxtəlif ölkələrin künc-bucaqlarında veyillənən bu səbatsızlar ermənipərəst «islahatçı» rəhbərlərindən aldıqları təlimat əsasında fəaliyyət göstərdikləri üçün bu «xidmətlərinə» görə də mükafatlandırılırlar.
Zəhərli düşüncələri ilə Azərbaycan həqiqətlərinə kölgə salacaqlarını zənn edənlərin yalanlarına ən real cavab xarici jurnalistlərin ölkəmizlə bağlı yazdıqları həqiqətlər, əvvəllər olduğu kimi bu gün də dünya siyasətçiləri arasında ön sıralarda yer alan, hərb və informasiya cəbhəsində qazandığı liderliyi ilə həmkarlarını qabaqlayan Prezident İlham Əliyevin ünvanına deyilən xoş sözlərdir. Xarici jurnalistlərə müsahibələrində dəqiq faktlar əsasında açıqlamaları ilə diqqəti cəlb edən Prezident İlham Əliyev iqtidarı ilə bağlı sərsəmlərə cavab Böyük Britaniyanın müstəqil jurnalistinin dövlət başçımız haqqında söylədiyi sözləridir: « Mən 25 ildir ki, jurnalistika ilə məşğul oluram, ancaq hər hansı Prezidentin 4 dildə bu cür mətbuat konfransı apardığının şahidi olmamışam.» Bu etiraf 50-dən artıq xarici və yerli media nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında səslənib və ehtiramla qarşılanıb. Antimillilərin çılız, həqiqəti əks etdirməyən fikirləri ilə müqayisədə bu ifadələr beynəlxalq səviyyədə ölkəmizə xoş münasibəti əks etdirən daha dolğun, inamlı, qətiyyətli yanaşmadır. Burada deyiblər ki, «Bəyə, xana yaradı, keçəl qıza yaramadı.»

