Gündəm 

Ölkəmizin artan gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Füzuli rayonunun Qaraxanbəyli kəndində  Anım Gününə həsr olunmuş xatirə lövhəsinin qarşısındakı çıxışında bir daha bildirdi ki,  qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, igidliyi  sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və həm də şanlı Zəfərimizlə fəxr edirik

Son iki ilin reallıqlarına diqqət yetirsək hər bir tarixi günün, bayramın işğaldan azad edilmiş ərazilərimizdə qeyd olunduğunu görərik. Bu, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırır, birliyimizi, həmrəyliyimizi daha da artırır, yeni hədəflərə doğru inamla addımlamağımıza əsas verir. Hər bir səfər yeni çağırış, Böyük Qayıdışın daha da  sürətlənməsi üçün bir addım olmaqla yanaşı,  bu torpaqların sahibi olduğumuzun və burada əbədi olacağımızın təsdiqidir. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə  İkinci Qarabağ müharibəsinin başlandığı tarix- 27 sentyabr ölkəmizdə Anım Günü kimi təsis olundu.  Təbii ki, bu tarixi hadisə  Zəfərimizin qəhrəmanlarını unutmamağı, onların  vətənpərvərlik məktəbi kimi dəyərləndirilən  həyat yolunu  daim vərəqləməyi  bir tələbə çevirir.  Hər zaman səsləndirilən bu  reallığı yada salmaq istərdik: «Heç kim dünyaya qəhrəman kimi gəlmir. Qəhrəmanlar döyüşdə doğulur.» Aforizmə çevrilən bu fikirlərə onu da əlavə etmək istərdik ki,  qəhrəmanları şərait formalaşdırır, onlar isə tarix yazır. Necə ki,  44 günlük İkinci Qarabağ müharibəsində  3 mindən artıq şəhidimiz öz qanı ilə tarix yazdı.  Vətən müharibəsi yüzlərlə qəhrəmanımızı dünyaya təqdim etdi.  Bu qəhrəmanlığın  əsasında isə vətənpərvərlik, torpaq sevgisi dayanırdı. Azərbaycan gəncləri dövlət başçısı İlham Əliyevin «İrəli!» əmrini məhz torpağa, Vətənə bağlılıqları, sevgiləri ilə cavablandırdılar.  Artıq «Yetər!» deyib silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək, 30 ilin işğalına son qoymaq üçün ayağa qalxdıdar.  Əbəs yerə deyilmir ki, torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva  sentyabrın 27-də Anım Günündə Füzuli rayonuna səfər etdilər.  Prezident İlham Əliyev Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoyduqdan sonra çıxışında bir daha bildirdi ki,  44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Azərbaycan xalqı bütün gücünü səfərbər edib, yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu. Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və həm də şanlı Zəfərimizlə fəxr edirik. Eyni zamanda, fəxr edirik ki, biz – bu torpaqların sahibləri bu torpaqlara yenidən həyatı qaytarırıq.

Müzəffər Ali Baş Komandanın Anım Günündə Füzuli rayonuna səfəri təbii ki, səbəbsiz deyil. Ermənistan üzərində Zəfərinə Füzuli şəhərinin azad olunması ilə başlayan, Şuşanın işğaldan azad edilməsi  ilə işğalçı dövləti kapitulyasiya aktını imzalamağa  məcbur edən Azərbaycan 44 günün hər gününü bir rayonun, şəhərin, neçə-neçə yaşayış məntəqəsinin, strateji yüksəkliyin işğaldan azad edilməsi ilə tarixə yazdı. İkinci Qarabağ müharibəsinin ilk günündə Füzuli rayonunun  Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri  və Cəbrayıl rayonunun  Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edildi.  Müzəffər Ali Baş Komandan sözügedən  çıxışında  bu məqamı  qeyd etdi ki, ilk  şəhidləri  məhz burada, bu yerdə vermişik: «Bu abidənin yanında düşmənin səngəri yerləşirdi. Bu istiqamətdə beş-altı müdafiə xətti mövcud idi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bu müdafiə xəttini və bundan sonrakı müdafiə xətlərini yarmaq üçün ölümə gedirdi. Sözün əsl mənasında ölümə gedirdi, öz canını fəda edirdi ki, üçrəngli Bayrağımız Şuşada və o vaxt işğal altında olan digər bütün torpaqlarda dalğalansın. Öz canını fəda edirdi ki, Azərbaycan xalqı ləyaqətini bərpa etsin, ədaləti bərpa etsin və xalqımız öz torpaqlarına qayıtsın.» 44 günlük İkinci Qarabağ müharibəsi zamanı  5 şəhər, 4 qəsəbə, 300-ə yaxın yaşayış məntəqəsi işğaldan azad edildi.  Ermənilərin illərdir  himayədarlarının dəstəyi sayəsində ərazilərimizdə qurduqları istehkamları dağıdan Azərbaycan Ordusu  zəfər yürüşünü davam etdirməklə  ilk gündən qarşısına qoyduğu hədəfə nail olmaq üçün səylər göstərdi.  Dövlət başçısı İlham Əliyevin xalqa müraciətlərinin, həmin dövrdə xarici mətbuata müsahibələrinin mahiyyətində dayanan «Şuşasız bizim işimiz yarımçıq olar» bəyanatı özündə bütün məqamları, ən əsası məqsədi birləşdirdi. Alınmaz  qalanın mənfur düşməndən azad edilməsi  böyük bir möcüzə idi. Şuşa əməliyyatı dastana çevrildi, dünyaya səs saldı. Hazırda  beynəlxalq hərbi  ekspertlər  bu əməliyyatı öyrənmək, düzgün araşdırmaq üçün səylər göstərirlər. İkinci Qarabağ müharibəsi zamanı  istifadə olunan döyüş taktikası  dünya hərb tarixində yenilik hesab olunur və müvafiq  ali hərbi məktəblərin  dərsliklərinə salınaraq  öyrənilir. Bəzi aparıcı Qərb mətbu  orqanlarında,  habelə  ABŞ-ın  Milli müharibə  Kollecinin  və  Seton  Hall  Universitetinin  diplomatiya  və beynəlxalq  münasibətlər məktəbinin  analitik nəşrlərində  Azərbaycan Ordusunun hərbi taktikası  öyrənilir.  ABŞ Hərbi  Akademiyası və  Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının  öyrənilməsi  zərurətini qeyd  edirlər.

Azərbaycanın hər bir sahədə yeniliklərə imza atmasında iqtisadi imkanları əhəmiyyətli rol oynayır. Belə ki, iqtisadi və maliyyə imkanlarının genişlənməsi fonunda təkmil islahatların həyata keçirilməsi, yeni təcrübələrin tətbiqi  qaçılmazdır. Bu baxımdan ki, hər bir  işin əsasında  konkret Proqramın icrası nəzərdə tutulur ki, bu da özlüyündə maliyyə  məsələsini, icra mexanizmini aktuallaşdırır. Təkmil inkişaf modelini nümayiş etdirən Azrbaycan  dünyada ən islahatçı ölkə kimi tanınır. 44 gün davam edən İkinci Qarabağ müharibəsində istər döyüş meydanında, istərsə də informasiya cəbhəsində üstünlüyünü nümayiş etdirən Azərbaycan son iki ildə iqtisadi və siyasi müstəqilliyin möhkəmliyi fonunda dünya hərb tarixində yenilik olan bu mühüm addımı atmağa nail oldu.  Müharibənin bitməsindən dərhal sonra işğaldan azad edilmiş ərazilərin bərpasına və yenidən qurulmasına start verilməsi, cənab İlham Əliyevin mütəmadi olaraq bu ərazilərə səfərləri, bu torpaqların malik olduğu  iqtisadi imkanlardan səmərəli istifadə etmək üçün  Fərman və sərəncamlar imzalaması, Milli Prioritetlərin təsdiqlənməsi və sair kimi mühüm addımlar  Azərbaycanın öz tarixi torpaqlarına qovuşmasını necə səbirsizliklə gözlədiyini nümayiş etdirir. İki ildə görülən işlərin miqyasının genişliyi də deyilənlərin bariz nümunəsidir. Beynəlxalq standartlara cavab verən  hava limanlarının qısa  müddətdə   tikilməsi, Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, avtomobil, dəmir yollarının çəkilişi   Azərbaycanın bərpa işlərini qısa zamanda başa çatdırmaq üçün nə qədər səy göstərdiyini  ortaya qoyur. Bu yollar həm soydaşlarımızı, həm də qonaqları işğaldan azad edilmiş  ərazilərimizə qovuşdurur. Bu yollar böyük inkişaf, tərəqqi, genişmiqyaslı  bərpa və quruculuq deməkdir.  Erməni vandallarının viran qoyduqları ərazilərdə hazırda vəziyyət tamamilə fərqlidir.

Tarixi Zəfərimizdən bəhs edərkən «Füzuli şəhərinin azad edilməsi bizə əlavə mənəvi güc verdi. Onu da deməliyəm ki, bizim uğurlu əməliyyatlarımız məhz Füzuli rayonundan başlamışdır» söyləməklə  tarixi Zəfərimizin   27 sentyabr tarixində məhz  Füzuli rayonunun bir neçə yaşayış məntəqəsinin azad edilməsi ilə başlandığını önə çəkən dövlət başçısı İlham Əliyev  müharibə bitdikdən sonra ilk səfərini də məhz  Füzuli və Cəbrayıl rayonlarına, həmçinin Füzuli və Cəbrayıl şəhərlərinə etmişdir. İlk infrastruktur layihələrinin həyata keçirildiyi Füzuli şəhərinin Baş planı, rayonun kəndlərinin inkişaf konsepsiyası hazırlandı.  Füzuli rayonunda  icra edilən layihələr həm ölkəmizin məqsədini, həm də potensialını ortaya qoydu. Öncə Füzuli-Şuşa, yəni dövlət başçısı İlham Əliyevin Zəfər  yolu  adlandırdığı  yol istifadəyə verildi. Sonra  Füzuli Beynəlxalq Hava Limanı Azərbaycan və Türkiyə Prezidentlərinin  iştirakı ilə  istifadəyə verildi. Bəlkə də dünya praktikasında, dünya tarixində belə  qısa müddət ərzində  beynəlxalq hava limanları tikilməmişdir.  Prezident İlham Əliyev bərpa işləri arasında ən vacib infrastruktur olan yolların çəkilməsinə xüsusi diqqət göstərir.

«Müharibə artıq tarixdə qaldı, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı, biz gələcəyə baxmalıyıq. Bu gün biz gələcəyi yaradırıq, öz əllərimizlə yaradırıq. Əminəm ki, bütün planlarımız, – bu günə qədər bəyan edilən bütün hədəflər necə təmin edilmişdisə, – növbəti dövr üçün nəzərdə tutulmuş hədəflər də təmin ediləcək. Biz bu hədəflərə çatacağıq, ölkəmizi gücləndirəcəyik, ordumuzu yenə də gücləndirəcəyik və Azərbaycan xalqının təhlükəsiz həyatını təmin edəcəyik» sözləri ilə tarixi ədalətin bərpa olunduğunu, ermənilər tərəfindən dağıdılan dini-mənəvi abidələrimizə yeni həyat verildiyini, Qarabağın bütün güşələrinin turizm mərkəzinə çevriləcəyini bildirən dövlət başçısı İlham Əliyev bu mühüm məqamı da diqqətə çatdırır ki,  bu ərazilərimiz inkişafı ilə dünyanın diqqətində olacaq.

Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsindən sonra Zəngilanda  «ağıllı kənd» layihəsi çərçivəsində görülən işlərlə tanış olmaq, həmçinin  «Dost Aqropark»ın  təməlinin qoyulması məqsədilə  bu rayonda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın söylədiyi bu fikirləri yada salmaq istərdik: «Bugünkü səfərimiz zamanı Azərbaycanın işğaldan azad edilən bu bölgələrinin qısa müddət ərzində həqiqətən necə dirçəldiyini, necə sürətlə inkişaf etdiyini gördük. Bu, hər igidin, hər siyasətçinin işi deyil.»  Türkiyə Prezidenti, eyni zamanda bildirmişdir:  «Azərbaycan bütün dünyaya örnək olacaq inkişaf modeli ilə bu bölgənin inkişafı üçün fəaliyyətini davam etdirir… İqtisadi və ticari sahələrdəki əməkdaşlığımızın genişləndirilməsi ilə enerji, nəqliyyat və Qarabağın inkişafı ilə bağlı layihələrdə mövcud durumu və gələcəklə bağlı planları da dəyərləndirmək imkanı əldə etdik. Ən önəmlisi, Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə çatdırdığımız əlaqələrimizi daha necə inkişaf etdirə biləcəyimizi müzakirə etdik. Bir millət, iki dövlət olmağın verdiyi ortaq şüur və ruhla hərəkət edirik.»

Bölgənin əsl potensialının ortaya qoyulmasına  mane olan Ermənistanın işğalçılıq siyasətini Zəfəri ilə sona çatdıran, BMT Təhlükəsizlik Şurasının illərdən bəri həll olunmayan qətnamələrini Azərbaycanın öz gücü ilə həyata keçirdiyini qürur hissi ilə diqqətə çatdıran Rəcəb Tayyib Ərdoğanın «Gün gələcək Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik, İğdıra, Qarsa gedə biləcəyik və bölgənin tranzit, logistika mərkəzinə çevrilmə imkanı möhkəmlənəcək» sözləri dünyanın bu gözəl bölgəsində sülh içində yaşanacaq parlaq bir gələcəkdən xəbər verir.

Tarixi Zəfəri ilə yeni reallıqlar yaradan Azərbaycan  yeni əməkdaşlıq formatlarının  gerçəkləşməsi, kommunikasiyaların açılması üçün bölgədə  dayanıqlı sülhün və təhlükəsizliyin vacibliyini önə çəkərək müharibədən dərhal sonra işğalçı Ermənistana sülh təklifini etdi. Azərbaycanın sülh müqaviləsinin imzalanması təklifi  keçmişi, ermənilərin zaman-zaman başımıza gətirdikləri faciələri  unutması demək deyil. Dövlət başçısı İlham Əliyev hər bir çıxışında   bu tarixi unutmamağa çağırışlar edir. Cənab İlham Əliyev   Füzuli rayonuna səfəri zamanı Qaraxanbəyli kəndində  Anım Gününə həsr olunan xatirə lövhəsinin qarşısında çıxışı zamanı bir daha  bu məqamları diqqətə çatdırdı:  «Bu gün şəhidlərimizin əziz xatirəsini yad edərək, bir daha hər birimiz özünə söz verməlidir, vəd verməlidir, and içməlidir ki, biz müstəqilliyimizin keşiyində əbədi duracağıq, biz ərazi bütövlüyümüzün keşiyində əbədi duracağıq. Qoymayacağıq ki, bir daha düşmən başını qaldırsın, qoymayacağıq ki, bir daha bizim üçün təhdid yaratsın. Əgər bunu görsək, dərhal hərəkətə keçəcəyik. Əminəm ki, buna ehtiyac olmayacaq. Çünki ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır.»

Anım Gününü tarixi Zəfərimizə gedən yolun başlandığı Füzuli rayonunda qeyd edən   Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, həmçinin  Şuşada oldular,  Yuxarı Gövhər Ağa məscidini ziyarət edərək, burada aparılan yenidənqurma və bərpa işləri ilə tanış oldular. Onu da qeyd edək ki,  ötən il dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə 32 səfəri olmuşdur ki, bunun 7-si Şuşaya idi. Cari ildə bu sayın daha da artdığı göz qabağındadır. İşğaldan azad edilmiş ərazilərimizdə infrastrukturla  yanaşı, tarixi və dini abidələrimizin  bərpası da prioritetdir. Bu işlər Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir. Dövlət başçısı İlham Əliyev çıxışlarında  bərpa və quruculuq işlərində Heydər Əliyev Fondunun xidmətlərini yüksək dəyərləndirir.

Ümumilikdə Müzəffər Ali Baş Komandanın işğaldan azad edilmiş  torpaqlara hər səfəri tarixə çevrilərək mühüm addımların atılması ilə yadda qalır. Böyük Qayıdışın tamamilə reallaşacağı, bu torpaqlarda yeni həyatın başlanacağı gün uzaqda deyil.

Daha çox xəbərlər