Cəmiyyət 

Narkotiksiz gələcək naminə!

Bu gün narkomaniya bəşəriyyəti narahat edən ən aktual məsələlərdən biridir. Bəşəriyyətin sosial bəlası olan narkomaniya hər il çox sayda insanların məhvinə səbəb olur. Azərbaycan hökuməti narkomaniyanın yayılmasının qarşısının alınması məqsədilə dünya ölkələri və beynəlxalq təşkilatlarla birgə fəaliyyət göstərir.

Son illər ölkədə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarına  qarşı mübarizə daha da güclənmiş, bu sahəyə cavabdeh olan dövlət orqanları ilə yanaşı həmkarlar ittifaqlarının da fəallığı artırmışdır.

Narkotiklərin qanunsuz dövriyyəsinə dair ölkə başçısının sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üzrə Dövlət Proqramı”nda yer alan məsələlərlə bağlı ilk növbədə həmkarlar ittifaqı üzvü olan, o cümlədən işləyən və təhsil alan gənclər arasında qabaqlayıcı profilaktik tədbirlərin həyata keçirilməsi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyanın (AHİK), onun üzv və tabeliyində olan təşkilatların fəaliyyət istiqamətləri arasında xüsusi yer tutmuşdur.

Narkotik maddələrin gənc nəsillər arasında yayılması təhlükəsini nəzərə alaraq, bir çox sahə həmkarlar ittifaqları “Narkotiksiz gələcək naminə”, “Mən öz gələcəyimi seçirəm”, “Narkomaniya və onun doğurduğu fəsadlar”, “Narkomaniyaya yox deyək!”, başlığı altında tədbirlər  həyata keçirirlər. Buraya müəssisə və təhsil ocaqlarında, təşkilatlarda narkomaniyanın ziyanı haqqında  maarifləndirmə kampaniyaları daxildir. Bu kampaniyalar kütləvi informasiya vasitələri, o cümlədən internet şəbəkəsi vasitəsilə işıqlandırılır.

AHİK –in və sahə həmkarlar ittifaqı orqanlarının təşkilatçılığı ilə ölkədə və regionlarda gənclərin məşğulluğu və işədüzəlməsi sahəsində tendensiyalar öyrənilir, gənc əməkçilərin vəziyyətinin tədqiqi və təhlili aparılır. Həmkarlar ittifaqı təşkilatlarında gənclər təşkilatlarının yaradılmasına köməklik göstərilir, normativ-hüquqi, o cümlədən gənclərin həmkarlar ittifaqına daxilolma motivasiyasının izahatı olan materiallar işlənib hazırlanır, məqsədyönlü proqramlar gerçəkləşdirilir.

Yerlərdə, ilk növbədə əmək fəaliyyətinə yeni başlayan gənclərin mənafelərinin üstün tutulması, onların hüquqlarının və sağlamlığının qorunması, cəmiyyətdə fəal iştiraka

hazır olan şəxslər kimi formalaşdırılması, işləyərək təhsil alan tələbə – gənclər üçün lazımi şəraitin yaradılması, eləcə də hərbi xidmətdə olan gənclərə qayğı göstərilməsi nəzarətdə saxlanılır.

Qeyd etmək istərdik ki, AHİK və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandum imzalanmışdır. Burada xüsusilə şəhid ailələri və müharibə iştirakçılarına üstünlük verilmişdir. Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə bu kateqoriyalardan olan 8 min şəxsin özünüməşğulluq proqramına cəlb olunmasına AHİK tərəfindən dəstək göstərlimişdir.

AHİK-in dəstəyi ilə hər il yay aylarında həmkarlar ittifaqlarının gənc liderlərinin forumları keçirilir, rəhbər strukturlarında gənc kadrların sayını çoxaltmaq məqsədilə maarifləndirmə kursları təşkil olunur. İl ərzində 100-dən artıq gənc bu kurslarda öz bilik və bacarıqlarını artırır. Bundan başqa, ali və orta təhsil müəssisələrində əlaçı tələbə-gənclər üçün adlı təqaüdlər təsis edilir və onlara mükafatlar təqdim olunur. Həmçinin AHİK tərəfindən 2015 – ci ildə “İlin peşəkar gənci” fəxri adı təsis edilib. Hər il əməkdə, təhsildə və ictimai fəlaiyyətdə xüsusi nailiyyətlər əldə etmiş gənclər AHİK –in Fəxri Diplomu, döş nişanı və vəsiqəsi ilə təltif olunurlar. İndiyə kimi 27 sahə həmkarlar ittifaqı təşkilatından 400 nəfərə yaxın gənc bu fəxri ada layiq görülmüşdür.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 20 ildən çoxdur ki, Mülki Müdafiə Universitetinin C. Naxçivanski adına hərbi liseyə hamilik edir. Hər il burada gəncləri ləyaqətli xidmətə həvəsləndirən mədəni – kütləvi tədbirlər həyata keçirilir.  Bu tədbirlərdə fərqlənən kursantlardan 2 mindən çoxu AHİK-in diplomu və qiymətli hədiyyələri ilə mükafatlandırılmışdır.

Bir sıra sahə həmkarlar ittifaqı orqanları öz üzvlərinin, о cümlədən gənclərin asudə vaxtlarının təşkilində mühüm rol oynayan, öz xidmət əhatələrindəki mədəni-maarif və idman müəssisələrinin işinin canlandırılmasını, obyektlərinin maddi-texniki bazasının möhkəmləşdirilməsi istiqamətində tədbirlər görülməsini davam edirlər.

AHİK və onun üzv təşkilatları ümummilli səviyyədə narkomaniyaya qarşı mübarizəyə yönəlmiş strateji proqramların yerinə yetirilməsinə nail olacaq və daimi ictimai nəzarətini həyata keçirəcəkdir.

A. Yusifova,
AHİK-in zəhmətkeşlərin Mədəni – məişət problemləri üzrə analitik tədqiqat şöbəsinin mütəxəssisi

Daha çox xəbərlər