Gündəm 

Vətən müharibəsi şanlı Zəfər tariximizdir

1988-1994-cü illərdə xarici havadarları tərəfindən açıq və gizli şəkildə silahlandırılan ermənilər Azərbaycan ərazisinin 20%-ni işğal etmişdir. İşğal zamanı yaşayış məntəqələri dağıdılıb, dinc əhali amansızcasına qətl edilib. Ağdaban, Başlıbel, Bağanis-Ayrım, Qaradağlı kəndlərində törədilmiş vandallıqlar erməni faşizminin əsl simazsızlığını göstərir. Dinc azərbaycanlılara qarşı törədilən qətliamlar içərisində 26 fevral – Xocalı Soyqırımı xüsusi qəddarlığı ilə seçilir.

27 sentyabr 2020-ci ildə atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəbrayılın işğalda olmayan yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq ölkəmizə qarşı növbəti təcavüz aktına başladı. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədi ilə Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək Əmri verdi. Vətən Müharibəsi və tarixi Zəfər 44 günlük müharibədə Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın başçılığı ilə tarixi ədaləti bərpa etdi. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Silahlı Qüvvələri I Qarabağ müharibəsi zamanı Ermənistanın işğal etdiyi əraziləri işğaldan azad etməyə başladı. 44 gün davam edən II Qarabağ müharibəsi Şanlı Ordumuzun gücünü, dövlət-xalq birliyinin təntənəsini göstərdi.

Vətən müharibəsində qəhrəmancasına döyüşüb,Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalgalandırmış,ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan əsgər və zabitlərinə,bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında ANIM GÜNÜ kimi qeyd edilməsi qərara alınmışdır. 2022-ci il sentyabrın 27-si Füzulidə Vətən müharibəsinin ilk şəhidlərinin xatirəsinə həsr olunmuş abidənin açılışı olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Ölkəmizin artan gücü müstəqilliyimizin, rahat həyatımızın qarantıdır. Bu gün şəhidlərimizin əziz xatirəsini yad edərək, bir daha hər birimiz özünə söz verməlidir, vəd verməlidir, and içməlidir ki, biz müstəqilliyimizin və ərazi bütövlüyümüzün keşiyində əbədi duracağıq deyə, Azərbaycan Respublikasnin Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Füzuli rayonunun Qaraxanbəyli kəndində Anım Gününə həsr olunmuş xatirə lövhəsinin qarşısındakı çıxışında söyləyib.

“44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Azərbaycan xalqı bütün gücünü səfərbər edib, yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu. Bütün Azərbaycan xalqı birlik, iradə göstərmişdir. Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və həm də şanlı Zəfərimizlə fəxr edirik. Eyni zamanda, fəxr edirik ki, biz – bu torpaqların sahibləri bu torpaqlara yenidən həyatı qaytarırıq” deyərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr  Anım gününə həsr olunan xatirə lövhəsinin önündə çıxış etmişdir.

Həmidə Ələfsərova,
Kimya-Biologiya təmayüllü respublika liseyinin həkim-pediatrı

Daha çox xəbərlər