Ulu Öndər xalqımızın gələcəyini təhlükələrdən qurtardı
Azərbaycan Respublikasının müstəqilliyinin ilk günlərindən etibarən ölkəmizdə xaos və anarxiya hökm sürürdü. Ərazisinin 20%-i işğal edilən, AXC-Müsavat iqtidarı tərəfindən xalqımızın vətəndaş müharibəsinə sürükləndiyi və milli dövlətçiliyin əldən getməsi təhlükələri ilə üz-üzə qalan Azərbaycanda prezident seçkisi keçirilmiş və xalq öz seçimini etmişdi. Azərbaycan xalqı Ulu öndər Heydər Əliyevin zəkasına, müdrikliyinə güvənmiş və öz taleyini, gələcəyini böhranlardan qurtarmaq üçün məhz Ulu Öndərə etibar etmişdi. Bu qarşılıqlı inam və etimadın nəticəsi idi ki, Azərbaycanda baş qaldıram milli azadlıq hərəkatını qan içində boğmaq istəyən sovet rəhbərləri Bakıya qoşun yeridib, günahsız insanları qıranda xalqa dəstək verən ilk siyasətçi məhz Heydər Əliyev olmuşdu.
Qardaş qırğını, milli dövlətçiliyin əldən getməsi kimi təhlükələrlə üz-üzə qaldığımız günlərdə xalq xilaskar kimi məhz onu seçmiş və Naxçıvandan Bakıya dəvət etmişdi. Azərbaycan xalqı istəyirdi ki, ölkəmizi çoxsaylı bəlalardan xilas etmiş Heydər Əliyev bütövlükdə Azərbaycana qurtuluş gətirsin. Heydər Əliyev milli dövlətçiliyin qorunması və xalqın gələcəyinin təmin edilməsi məqsədi ilə ona müraciət edənləri cavabsız qoymadı.
Ümummilli lider Heydər Əliyev 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəldi və xalqımız cəmi bir neçə gündən sonra həmin möhtəşəm qayıdışın nəticəsini gördü. Ulu Öndər iyunun 13-də Bakıdan Gəncəyə getdi. Ümumilli Liderimizin həmin səfəri təkcə qardaş qırğınının qarşısını almadı, həm də möhtəşəm qurtuluşun ola biləcəyinə ümid, inam yaratdı. Məhz həmin inamın, ümidin təcəssümü olaraq Heydər Əliyev iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Çox qısa müddətdən sonra şahidi olduğumuz həqiqətləri dəqiq qiymətləndirən parlamentarilər həmin günün Milli Qurtuluş Günü adlandırılması üçün müzakirələr açdılar və tarixi bir qərar qəbul etdilər.
3 oktyabr 1993-cü il prezident seçkilərində Ulu öndər Heydər Əliyevin böyük səs çoxluğu ilə qalib gəlməsi nəinki ölkəmizdə, hətta beynəlxalq aləmdə də hamı üçün gözlənilən idi. 1993-cü il oktyabrın 10-da Ulu öndər Heydər Əliyevin andiçməsindən sonra ölkədə daxili sabitlik bərpa edildi, cəbhədə atəşkəsə nail olundu, hərtərəfli islahatlara start verildi, beynəlxalq aləmə inteqrasiya sürətləndirildi, “Əsrin müqaviləsi” kimi nəhəng neft sazişi imzalandı. Ümummilli liderimiz Heydər Əliyev bütün bu addımları böyük peşəkarlıqla həyata keçirdi.
Azərbaycan Prezidenti İlham Əliyev ötən əsrin 90-cı illərinin əvvəlində yaşadığımız məhrumiyyətlər barədə dəfələrlə ən müxtəlif tribunalardan söz açıb. Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illiyinə həsr olunmuş təntənəli mərasimdəki nitqində həmin günləri belə xarakterizə edir: “Təsadüfi deyildir ki, 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi başlanan dövrdə cəmiyyətimizin bütün ümidləri yenə də Heydər Əliyevin dühası ilə bağlı idi. O vaxt xalqın tələbi ilə hakimiyyətə gələn Ulu Öndər qısa müddət ərzində vəziyyəti sabitləşdirdi və bu, imkan verdi ki, ölkəmiz inkişaf yoluna qədəm qoysun. O ildən bu günə qədər Azərbaycan yalnız və yalnız inkişaf yolu ilə gedir”.
Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışının nəticələrini yada salan Prezident İlham Əliyev qeyd edir ki, həmin tarixdən sonra ölkəmizdə çox ciddi islahatlar aparıldı: “Bütün xoşagəlməz halların qarşısı alındı, sabitlik bərpa edildi, vətəndaş müharibəsinə son qoyuldu. Azərbaycan dünya birliyinə inteqrasiya etməyə başladı. Bizim xarici siyasətimiz nəhayət ki, məqsədyönlü siyasətə çevrildi və bu gün bu siyasət davam etdirilir. O illərdə vacib olan islahatlar bu gün də ölkəmizin inkişafına xidmət göstərir. Həm demokratik, siyasi islahatların dərinləşməsi, eyni zamanda, iqtisadi sahədə islahatlar demək olar ki, bugünkü Azərbaycan reallıqlarını şərtləndirir. Eyni zamanda, onu da qeyd etməliyəm ki, Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanda əslində siyasi sistemin yaradılması demək idi. Çünki o vaxta qədər bizdə siyasi sistem mövcud deyildi. Yeni Azərbaycan Partiyasının siyasi mədəniyyəti, siyasi mübarizə qaydalarının təbliği, ümumiyyətlə, siyasətin sivil yollarla aparılması ideyaları da cəmiyyətdə böyük əks-səda yaratdı və cəmiyyət tərəfindən dərhal dəstəkləndi. Biz bu ideyalara bu gün də sadiqik. Bütün siyasi mübarizələri sivil qaydalarla aparırıq və bütün siyasi məsələlərdə daim qələbə qazanırıq”.
Bu gün ölkəmizin həm daxili, həm də xarici siyasətdəki uğurları bütün beynəlxalq təşkilatlar tərəfindən dəfələrlə qeyd edilib. Bu isə Ümummilli lider Heydər Əliyev siyasi kursunun təntənəsidir.
Cavid Mehdizadə,
YAP Xətai rayon təşkilatının fəalı

