Bal kimi yarmarka: Qiymətlər necə, şirindir, yoxsa?..
Ölkənin 47 rayonundan 250 fermer 120 ton arıçılıq məhsulunu satışa çıxarıb
Oktyabrın 1-dən etibarən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə paytaxtda arıçılıq məhsullarının 22-ci Respublika Sərgi-Satış Yarmarkası fəaliyyətə başlayıb.

Builki yarmarkada 14 iqtisadi zonadan 47 rayondan 250 fermer 120 ton bal və arıçılıq məhsullarını satışa çıxarıb. Bunun 100 tonu süzmə bal, 20 tonu isə şan şəklində olan məhsullardır.
“İki sahil”in Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanındakı ənənəvi bal (“Gənclik” metro stansiyasının yaxınlığı) yarmarkasında satışa çıxarılan arıçılıq məhsullarının qiymət və keyfiyyətləri ilə bağlı hazırladığı reportajı təqdim edirik.
Əvvəla ondan başlayaq ki, növbənöv bal çeşidləri, arı pətəkləri, arı südü, çiçək tozları və saymaqla bitməyən müxtəlif arıçılıq məhsulları yarmarkaya başqa bir gözəllik və şirinlik qatırdı.
Maraqlıdır, builki yarmarka digərlərindən nə ilə fərqlənir?
Yarmarkada ilk dəfə Qarabağ və Şərqi Zəngəzurdan olan fermerlər öz məhsullarını satışa çıxarıblar

“Aqrar Tədarük və Təchizat” ASC-nin nümayəndəsi Qalib Bəhrəmov “İki sahil”ə açıqlamasında bildirdi ki, ilk dəfədir arıçılıq təsərrüfatları olan bütün rayonlardan məhsul satışa çıxarılıb: “Bal yarmarkasının 6-cı günüdür. Yarmarkanın təşkilində əsas məqsəd arıçılar üçün satış platforması yaratmaqdan ibarətdir. Hazırda yarmarkada 250 arıçı iştirak edir. Hər arıçı yarmarkaya maksimum 400 kq bal və maksimum 30 ədəd arı şanı satışa çıxarıb. Yarmarkada Azərbaycanın bütün iqtisadi zonalarından və ilk dəfə olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarından fermerlər öz məhsullarını satışa çıxarırlar.

Arıçılıq məhsullarının keyfiyyətinə də ciddi nəzarət olunub. Belə ki, satılan arıçılıq məhsulları Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasında yoxlanılıb. Normativlərə uyğun olan məhsulların yarmarkada satışına icazə verilib. Bu baxımdan əminliklə deyə bilərik ki, yarmarkaya çıxarılan məhsullar ən keyfiyyətli məhsullardır. “
Q.Bəhrəmov qeyd edib ki, bu il xüsusi qablaşdırılmış şəkildə satılan arıçılıq məhsulları daha çoxdur: Əvvəllər bal standart şəkildə boş bankalara süzülürdü. Bu il isə etiketlənmiş, markalanmış, brend məhsul forması istiqamətində ilk addım atan arıçılarımız daha çoxdur. Həmin məhsullara alıcılar tərəfindən maraq yüksəkdir. Həmsöhbətimiz vurğuladı ki, satışa çıxarılan məhsulların qiyməti birbaşa arıçıların özləri tərəfindən müəyyənləşir. Yarmarkada müxtəlif qiymətə bal təklif olunur. Fermer burada balın istehsalının maya dəyərini nəzərə alır.
Görəsən, satışda olan məhsulların keyfiyyəti, çeşidi və ən əsası da qiyməti necədir?
Suallarımıza cavab tapmaq üçün yarmarkadakı arıçıların bəziləri ilə həmsöhbət olduq.
Qiymətdə endirim edirəm

Arıçı-fermer Qəhrəman İbrahimov Astara rayonunun balı ilə yarmarkaya qatılıb: “Arıçılıq sənəti ilə uşaqlıq illərindən məşğul oluram. Hər zaman çalışırıq ki, məhsulumuz yüksək səviyyədə olsun. Yarmarka təzə başladığından alıcılıq qabiliyyəti hələki zəifdir. Ümid edirəm ki, sərginin sonunadək gətirdiyim bütün məhsulları satacağam. Meşə balı 35-40 manat, gözəl ətirli dağ çiçəyi balı 40 manata, cökə balı 35 manata, may balı isə 30 manatadır. Alıcılar daha çox cökə və meşə balına maraq göstərir. Alıcılar endirim istəsə edirəm. Propolis (vərəmum) və ya arı yapışqanı da adlanan məhsul da satıram. Qramı 60-70 qəpikdir. Propolis təbii antibiotik hesab edilir. Propolis təkcə bakteriyaları deyil, virus və göbələkləri də məhv edə bilir.”
Qəhrəman İbrahimov fermerlər üçün yaradılan şəraitdən məmnunluğunu da ifadə etdi: “Məhsulumuzun satışı üçün yaradılan bu gözəl şəraitdən razıyam və buna görə də Kənd Təsərrüfatı Nazirliyinə öz təşəkkürümü bildirirəm.”
Alıcıların marağı daha çox çiçək balınadır

Biz də “bazar olsun” deyərək yaxınlaşırıq digər arıçı Şahin Məmmədova: “Yarmarkaya 400 kiloqram bal məhsulu və 24 ədəd şan balı gətirmişəm. Çiçək balı 35 manata, cökə balı 30 manata, çiçək tozunu qramı 8 manat, arı südünün qramı isə 5 manat, qaratikan balını isə 25 manata təklif edirəm. Alıcıların marağı daha çox çiçək balınadır.”
Qiymətlər 25- 35 manat arasında dəyişir

Bol müştəri və qazanc arzu edib yarmarkada maraqlı piştaxtası ilə seçilən “Şan balı” arı məhsulları istehsal kooperativinin nümayəndəsi Aleksandr Əhmədova yaxınlaşırıq. O, Qax rayonunun Turaclı kəndinin arılarından hazırladığı məhsullarla yarmarkaya qatılıb: “3 növ balla (meşə, çiçək və cökə) yarmarkaya qatılmışam. Məhsullarımızın keyfiyyəti yüksəkdir. Qiymətlər 25- 35 manat arasında dəyişir. Paytaxtdakı alıcılar balı yaxşı tanımırlar, onlar daha çox dadına baxıb bəyəndiklərini alırlar. Məhsullarımızın keyfiyyəti yüksək, sululuğu az, tam təbiidir. Çiçək balı səhər yeməyi üçün, cökə balı çay içmək üçün, dərman bitkiləri hazılamaq üçün meşə balı məsləhətlidir. Çiçək tozlarının 100 qramını 10 manata satıram. Qurudulmuş ləpələrin balla qarışımını isə müştərilərə 10 manata təklif edirəm.”
Alıcıların da bal yarmarkası haqqında təəssüratlarını öyrəndik:

Xanım Bağırovanın bildirdi ki, ilk dəfədirbal yarmarkasına gəlirəm: “Qiymətlərdən və məhsulların keyfiyyətindən razıyam. Burada keyfiyyətsiz məhsul satıla bilməz. Çünki yarmarkadan öncə müvafiq yoxlanışdan keçirlər. Balların keyfiyyətinə əmin olduğum üçün buraya üz tutdum. Məmnun qaldım. Belə əlverişli və rahat satış bazarı yaradılması vətəndaşlar üçün çox böyük köməkdir. Çünki burada təbii məhsullar gətirib satırlar. Həm də qiymətlər bazarla müqayisədə yaxşıdır. Təşkilatçılara və fermerlərə təşəkkür edirəm.”
Keçən illə müqayisədə qiymətdə artım var

Fazil Süleymanov isə bal yarmarkalarında əvvəllər də iştirak etdiyini vurğuladı: “Keçən illə müqayisədə məhsulların qiymətində artım var. İstərdik ki, yarmarkada satışa çıxarılan məhsullar arasında Kəlbəcər və Laçın zonalarından gətirilən ballara üstünlük verilsin ki, paytaxt sakinləri də belə möhtəşəm təamları dada bilsinlər. Mən özüm də Kəlbəcər və Laçın balı aldım. Belə yarmarkaların təşkilini yüksək dəyərləndirirəm.”
Qeyd edək ki, balsevərlər oktyabrın 20-dək hər gün saat 09:00-dan 19:00-dək yarmarkadan keyfiyyətli və qida təhlükəsizliyi göstəriciləri yüksək olan bal və arıçılıq məhsullarını əldə edə bilərlər.
Yaqut Ağaşahqızı, “İki sahil”








