“Qafqazın Xirosiması” gülüstana çevriləcək
30 ilə yaxın dövr ərzində işğal altında olan torpaqlarımız öz azadlığına qovuşduqdan sonra həmin ərazilərdə böyük quruculuq işlərinin aparılması geniş vüsət alıb. Düşmən əsarətindən qurtulmuş şəhər və rayonlarımızda dövlət başçısı İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq, düşmən əsarətindən qurtulmuş şəhər və rayonlarımızda bu gün irimiqyaslı tikinti layihələri həyata keçirilir, infrastruktur əsaslı şəkildə yenilənir. Elə ərazilərimizdən biri də Ağdam rayonudur. İşğaldan əvvəlki dövrdə olduğu kimi, bu gün bərpa və yenidənqurma işləri sayəsində öz əvvəlki “Qarabağın Sənaye Mərkəzi” statusuna qayıtmaqdadır.
2021-ci il 28 may tarixində Ağdamın Baş planı Azərbaycan ictimaiyyətinə təqdim olundu. 125 hektarlıq Ağdam şəhər meşə-parkında ağacların əkilməsi, Bərdə-Ağdam avtomobil yolunun, Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının, Ağdam Sənaye Parkının, Zəfər muzeyi və açıq hava altında İşğal muzeyinin, 140 illik tarixi olan Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlqoyma mərasimləri keçirildi və Ağdam şəhərinin bərpasının təməl daşı atıldı.
Ağdamı qaranlıqdan çıxaracaq 110/35/10 kV-luq “Ağdam-1” və “Ağdam-2” elektrik yarımstansiyaları işə salındı. “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzi istifadəyə verildi. Burada ən son innovativ texnologiyalar əsasında Prezidentin xüsusi nümayəndəliyinin qərargahı fəaliyyət göstərir. Qərargahda innovativ tikinti materiallarından istifadə olunmaqla, yüksək keyfiyyətli modul tipli isti və soyuğa davamlı, ekoloji fərdi yaşayış və inzibati binalar inşa olunub. Təhlükəsizliyin təmin edilməsi məqsədilə müasir kamera müşahidə məntəqəsi yaradılıb, açıq və qapalı idman zalları, futbol, basketbol və voleybol meydançaları, ilkin tibbi yardım məntəqəsi, müxtəlif tədbirlər üçün iclas zalı və avtomobil dayanacaqları tikilib.
Qərargahda günəş və bioqaz enerjisindən istifadə sistemləri quraşdırılıb və daxili yollar müasir işıqlandırma sistemləri ilə təchiz edilib. Ümumilikdə 3300 kvadratmetr sahədə salınmış yaşıllıq zolağında ilin hər fəslinə uyğun 30-dan çox növdə ağac və bitki kolları əkilib. Yaşıllıqların suvarılması üçün 3500 metr avtomatlaşdırılmış damcılama və çiləmə sistemləri quraşdırılıb.
Heydər Əliyev Fondu tərəfindən aparılan Ağdam Cümə məscidinin bərpa-restavrasiya işlərini də xüsusi qeyd etmək lazımdır. Ağdamın tarixi abidələrinin qorunması, bərpası da diqqət mərkəzində saxlanılır.
Eyni zamanda, Qarabağın gözəl iqlimi, füsunkar təbiəti onun turizm potensialından da xəbər verir. Elə buna görə də bu potensialı üzə çıxarmaq, inkişaf etdirmək həm də turizm infrastrukturunun qurulmasına bağlıdır. Bu məqsədlə 110 nömrədən ibarət olacaq “Park Forest Otel Agdam” mehmanxanasının təməli qoyuldu. 2024-cü ilin dekabrında otel istifadəyə veriləcək.
Bundan başqa, Ağdamın sənaye potensialının üzə çıxarılması üçün Ağdam Sənaye Parkında iki müəssisənin təməli qoyuldu. Yaxın gələcəkdə Ağdam Sənaye Parkında onlarla müəssisə işə başlayacaq. Bu, çox vacibdir, çünki qayıdışdan sonra Ağdam sakinlərinin məşğulluq məsələlərinin həllində buradakı müəssisələrin rolu böyük olacaq.
2023-cü ilin dekabrında başa çatdırılması nəzərdə tutulan 209 mənzildən ibarət 6 yaşayış binasının inşasına və 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisinə start verildi. Bu tibb müəssisəsində qəbul, terapiya, kardiologiya, cərrahiyyə, travmatologiya-ortopediya, ürək-damar cərrahiyyəsi, oftalmologiya, LOR, pediatriya, doğum, ginekologiya, yoluxucu xəstəliklər, anesteziologiya-reanimasiya, hemodializ şöbələri və əməliyyat bloku fəaliyyət göstərəcək. Xəstəxananın ambulator xidmət hissəsi isə konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələrindən, klinik diaqnostika laboratoriyasından və aptekdən ibarət olacaq.
Binanın zirzəmi hissəsindən isə stasionar tibbi xidmət və sığınacaq kimi istifadə ediləcək, ehtiyac yaranarsa, dərhal hərbi hospital kimi fəaliyyət göstərəcək.
Ağdam üçün nəzərdə tutulan tibb müəssisələri bununla məhdudlaşmır. Növbəti mərhələdə burada Gigiyena və Epidemiologiya Mərkəzi, Təcili Tibbi Yardım Stansiyası, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin binası, çoxprofilli modul tipli xəstəxana, onkoloji, psixiatriya və vərəm əleyhinə xəstəxanalar, Narkoloji Dispanser, Regional Perinatal Mərkəz və QİÇS-lə Mübarizə Mərkəzi, həkim məntəqəsi və ya kiçik həcmli Ailə Sağlamlıq Mərkəzi, Regional Tibb Kolleci də inşa olunacaq. Yəni, bir rayonun sıfırdan formalaşması üçün nə lazımdırsa, bütün işlər Ağdamın inkişaf planına daxil edilib və mərhələli şəkildə yerinə yetirilir.
Hazırda Ağdama qaz xətlərinin çəkilişi layihəsi işlənilir, eyni zamanda, içməli suyun gətirilməsi, o cümlədən Xaçınçay su anbarının təmiri layihəsi İnvestisiya Proqramında öz əksini tapıb.
Bildiyimiz kimi, oktyabr ayının 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Ağdam rayonuna səfər ediblər. Səfər zamanı dövlət başçısı yeni çəkilən Bərdə-Ağdam avtomobil yolunda aparılan işlərlə tanış olub. Ağdam rayonunun Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin, Xıdırlı və Kəngərli kəndlərinin, şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin, “City Hotel Agdam” mehmanxanasının, Ağdam şəhərində keçmiş məcburi köçkünlər üçün inşa olunacaq 470 mənzildən ibarət yaşayış məhəlləsinin, şəhərin dəmir yolu və avtovağzal kompleksinin, rayonun Sarıcalı kəndinin təməli qoyulub.
Ağdam şəhərində Dəmir yolu və Avtovağzal Kompleksinin təməli də qoyulub. Kompleks Ağdam rayonunun logistik imkanlarını genişləndirəcək. Dəmir yolu vağzalı gündəlik 800-1000 nəfər sərnişinin daşınmasına imkan verəcək. Avtovağzal isə gündəlik 1300-1500 nəfər sərnişinə xidmət edəcək.
Göründüyü kimi, Ağdamın qısa zaman içərisində öz sakinlərini qəbul edə bilməsi burada infrastrukturun tam formalaşmasından asılıdır. Əminik ki, Ağdamda hər daş üstünə daş qoyulduqca, onun əvvəlki acı mənzərəsinin yerinə müasir, işıqlı, öz sakinlərinin isti nəfəsi ilə canlanmış gözəl Ağdam keçəcək. İşğal dövründə “Qafqazın Xirosiması” kimi tanınan Ağdam Azərbaycan Prezidentinin təşəbbüsü və rəhbərliyi ilə regionun ən gözəl şəhərlərindən birinə çevriləcək. Ağdam sülh, əmin-amanlıq şəhəri olacaq, doğma yurdlarından 30 il ayrı qalmış insanların bu torpaqlara təhlükəsiz şəraitdə qayıdışı təmin ediləcək.

