Cəmiyyət 

“Bizim həyət”: Baxdıqca könül açılır, göz sevinir

İDEA-nın təşəbbüsü ilə Nəsimi rayonunda 1500 sakinin yaşadığı həyət yenilənib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsinə uyğun olaraq aparılan abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması uğurla davam etdirilir.

1500 sakin üçün müasir, təmiz,  abad və rahat həyət

Oktyabrın 7-də “Bizim həyət” layihəsi çərçivəsində yenilənən növbəti həyət sakinlərin istifadəsinə verilib. Nəsimi rayonu, 5-ci mikrorayon, Asif Məhərrəmov küçəsi 64 və 20 Yanvar küçəsi 4/66 ünvanlarında 1500 nəfər sakinin yaşadığı çoxmərtəbəli binaları əhatə etdiyi  və bir vaxtlar təmirsiz və baxımsız vəziyyətdə olan  bu həyət  indi müasir,  təmiz,  abad və rahat görkəm alıb.

Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarını səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğul olma refleksinin yaradılması məqsədilə ərazidə süni örtüklü minifutbol stadionu, şahmat meydançası, müxtəlif idman qurğuları, uşaq meydançaları salınıb. Eyni zamanda, ərazidə 2 söhbətgah, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular, quş yuvaları və küçə heyvanları üçün evciklər quraşdırılıb. Sakinlərin istək və maraqları nəzərə alınaraq həyətdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasad və blokları, kanalizasiya xətləri tam təmir olunub, asfalt və dam örtüyü yenilənib.

Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, 100 ədəd müxtəlif növ ağaclar əkilib, 1200 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətin ətraflarında adi daşsarmaşığı və digər sarmaşan bitkilər əkməklə “yaşıl sədlər” (green barriers) yaradılıb. Yaşıl səddlər adi daş sarmaşığı kimi sarmaşan, sıx bitən və havadakı zərərli toz hissəciklərini effektiv şəkildə tutub-saxlaya bilən bitki növlərindən ibarətdir ki, onların digər bitkilərlə yanaşı əkilməsi hava çirklənməsinin əhəmiyyətli dərəcədə azaldılmasına töhfə verir.

Bəs, bu yenilik, gözoxşayan dəyişiklik haqqında sakinlər nə düşünür?

“İki sahil” sakinlərin təəssüratlarını  təqdim edir.

Binamızın sakinlərindən xahişim odur ki…

Məlahət İsmayılova  bildirdi ki, 1993-cü ildən bu binada yaşayıram: “Əvvəl həyətimiz çox bərbad gündə idi. Rayonumuzda görülən  belə genişmiqyaslı abadlıq işlərinə, xüsusilə də çoxmənzilli binaların  həyətlərinin təmir olunmasına görə ölkə Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevaya minnətdarlığımı bildirirəm. İstərdim ki, paytaxtdakı bütün binaların həyətlərində  də belə abadlıq işləri görülsün.  Binamızın sakinlərindən isə xahişim odur ki, yaradılan şəraiti dağıtmasınlar, bərbad günə qoymasınlar. Nəzərə alaq ki, əvvəl bura nə gündə idi, indi isə  adam baxır ürəyi açılır. Həyətimizin gözəlliyini qoruyaq.”

Qorumalıyıq ki, həyətimiz abad qalsın

20 ildən artıq bu binada yaşayan Faiq Divanov isə deyir ki,  əvvəllər  həyətimizin vəziyyəti çox pis idi: “ Çox sevinirik ki,  abadlaşdırılan həyətlərdən biri də bizimki oldu. Abadlaşan həyətimizdə çoxlu yeni ağaclar əkilib, yaşıllıqlar salınıb.  Bu da həm həyətimizi daha da gözəlləşdirib, həm də məhəllə sakinlərinin sağlamlığına xidmət edir. Sakinlərimiz adından  həyətimizin gözəlləşməsində və yeniləşməsində  çəkdikləri əziyyətə hər kəsə təşəkkür edirəm. Yaradılan şəraitdən çox məmnunam. Sakinlərimiz isə  bu cür gözəl şəraiti hər zaman qoruyub saxlamalıdılar ki, həyətimiz abad qalsın.”

Əvvəl həyətimiz bərbad vəziyyətdə idi

Sücaət Əhmədova qeyd etdi ki, 30 ildir burada yaşayıram: “Əvvəl həyətimiz bərbad vəziyyətdə idi. İndi isə yaradılan belə gözəl şəraitə, abadlığa, təmizliyə baxıb sevinirik. Yeni həyətimizdə uşaqlar üçün rəngarəng və maraqlı əyləncə zonası yaradılıb. Uşaqlarımız əylənir, yaşlılarımız isə dincəlir. Həyətimizin  abadlaşmasında, gözəlləşməsində əziyyət çəkən  hər kəsə təşəkkür edirəm. Gərək binamızın sakinləri bu gözəlliyi qoruyub saxlamağı bacarsınlar ki, həyətimizin abadlığı və təmizliyi uzunömürlü olsun.”

Həyətimizin bugünkü görkəmindən çox razıyam

Əhməd Şükürov isə vurğuladı ki, 16 ildir bu məhəllədə yaşayıram: “ Həyətimizin bugünkü görkəmindən çox razıyam, burada çox gözəl işlər görülüb.  Bütün yaş qrupları üzrə uşaqların inkişafı,  gənclərin asudə vaxtlarını səmərəli keçirmələri  üçün əlverişli şərait yaradılıb. Bu da gənclərimizin zərərli vərdişlərdən uzaq olmasında mühüm rol oynayır. Məhəlləmizdə yaradılan   gözəlliyi dağıtmayaq, çalışaq ki, hər zaman qoruyaq və övladlarımızı da bu istiqamətdə tərbiyələndirək.”

35 ildir bu binada yaşayıram, nəhayət ki, bizim də həyətimiz abadlaşdı

Yeganə Hacızadənin sözlərinə görə, 35 ildir bu binada yaşayır. O deyir ki, əvvəl bərbad olsa da, nəhayət ki, artıq bizim də həyətimiz abadlaşdı: “Burada çox gözəl və əyləncəli park salınıb. Baxdıqca könül açılır, göz sevinir. Həyətimiz abadlaşarkən təkcə böyüklər yox, uşaqlar da nəzərə alınıb. Burada övladlarımız üçün oyun zonaları yaradılıb. Sakinlərdən xahişim odur ki, təmiz saxlasınlar,  avadanlıqları sındırmasınlar.”

Apardığımız müşahidələr əsasında bu qənaətə gəldik ki, Nəsimi rayonu ərazisində abadlaşan və müasir görkəm alan həyətin sakinləri hazırkı vəziyyəti böyük razılıqla qarşılayırlar. Rayon sakinləri görülən işlərə görə ölkə başçısına, Nəsimi Rayon İcra Hakimiyyətinə öz  dərin minnətdarlıqlarını bildirirlər.

“Bizim həyət” layihəsinə əsasən yenilənən həyətlərin abad və gözəl görkəmini, təmizliyini qoruyub saxlamaq isə bundan sonra sakinlərin başlıca vəzifəsi olmalıdır.

Qeyd edək ki, “Bizim həyət” layihəsinin əsas məqsədi ölkə ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

“Bizim həyət” layihəsi çərçivəsində ümumi yaşayış sahələrinin, həyətlərinin abadlaşdırılmasına dair məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.

Yaqut Ağaşahqızı, “İki sahil”

Daha çox xəbərlər