Dost dar gündə tanınar…
Azərbaycan Vətən müharibəsində haqqın yanında olanları heç vaxt unutmayacaq
İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana qarşı bütün təzyiqlərə, ədalətsiz mövqelərə rəğmən bizi yolumuzdan heç bir qüvvə döndərə bilmədi. 2020-ci il sentyabrın 27-də erməni hərbi birləşmələrinin ölkəmizə hücum etməsinə cavab olaraq başlanan döyüşlər 30 ildir gözlədiyimiz ədalətin bərpası ilə nəticələndi. Torpaqlarımızı işğaldan azad etmək hüququmuzun təmin olunması hüququnu bizə beynəlxalq qanunlar, BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktı, eləcə də beynəlxalq münasibətlərdə prioritet olan ərazi bütövlüyü prinsipi verir. Bu prinsipi heçə sayan, beynəlxalq qanunları tapdalayan, hətta Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənədlərə atdıqları imzalara belə hörmət etməyən ölkələr İkinci Qarabağ müharibəsi zamanı yenə də bizə qarşı ədalətsiz mövqe nümayiş etdirdilər. Lakin bu haqq mübarizəsində yanımızda olan ölkələr də çox idi.
Qardaşın qardaşa dəstəyi
Qardaş Türkiyə erməni hərbi birləşmələrinin Azərbaycana qarşı təxribat hücumuna başladığı ilk gündən bizim yanımızda oldu. Türkiyə rəhbərliyi işğala son qoyulana qədər Azərbaycanın apardığı hərbi əməliyyatları dəstəkləyəcəyini bəyan etmişdi. Bu dəstək hazırda da davam edir. O zaman Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan etdi ki, Azərbaycanın yanındadırlar: “Ermənistan bölgədə sülh və sabitliyin önündəki ən böyük təhdid olduğunu növbəti dəfə göstərib. Türk milləti hər zaman olduğu kimi, bu gün də bütün imkanları ilə azərbaycanlı qardaşlarımızın yanındadır.”
Eyni dəstək Türkiyə Xarici İşlər Nazirliyi (XİN), Müdafiə Nazirliyi və digər səviyyələrdə də nümayiş etdirildi. Hərbi əməliyyatların başladığı ilk gündən qardaş Türkiyə “Bir millət, iki dövlət” kəlamına uyğun davrandı.
Bir millət, üç dövlət…
Vətən müharibəsi zamanı biz “Bir millət üç dövlət” kəlamını da eşitdik. Qardaş Türkiyədən sonra Azərbaycana ən çox dəstək verən ikinci ölkənin məhz Pakistan olduğunu desək yanılmarıq. Pakistan Müdafiə Nazirliyinin “Bir millət, üç dövlət” paylaşımı hər şeyi ifadə edir. Bu ölkənin o zamanki baş naziri İmran Xan sona qədər Azərbaycanın yanında olduqlarını bəyan etdi. Pakistan Xarici İşlər Nazirliyi isə Ermənistanın işğalçı və təcavüzkar siyasətinə qarşı bəyanatlar verdi.
Vətən müharibəsi zamanı Pakistanın rəsmi mövqeyi belədir: “Pakistan qardaş Azərbaycan xalqını dəstəkləyir və onun özünümüdafiə haqqını tanıyır. Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyini dəstəkləyirik və bu, yekdilliklə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının qərarlarına uyğundur.”
Pakistanın hərbi-siyasi rəhbərliyi ilə yanaşı, xalqı da Azərbaycan xalqının yanındadır.
Sadiq ölkə
Azərbaycan-İsrail münasibətləri təkcə bu günün hərbi-siyasi əməkdaşlığına yox, tarixi köklərə söykənir. Ölkəmizdə yaşayan yəhudi icmasının Vətənimizin bütövlüyü uğrunda mübarizə aparması da tarixi bağlılıqdan irəli gəlir. İsrail dövləti yəhudilərin Azəbaycanı ikinci Vətən olaraq qəbul etməsini unutmur, biz də bu dövlətin ədalətin yanında olmasını unutmayacağıq.
İsrailin sabiq müdafiə naziri, ölkənin ən nüfuzlu siyasətçilərindən olan Aviqdor Liberman bəyan etdi ki, Qarabağ həmişə Azərbaycan ərazisi olub: “…Azərbaycanın ərazi bütövlüyünü və sərhəd toxunulmazlığını birmənalı dəstəkləyirik. Bu, İsrailin rəsmi mövqeyidir.”
Azərbaycan İslam aləmində İsraillə yüksək səviyyəli münasibət quran ilk ölkədir və bəzən bununla bağlı tənqidi fikirlərin də hədəfində olub. Hərçənd, indi Körfəz ölkələrinin İsraillə münasibətlər qurmaq istiqamətində intensiv addımlar atdığını, ikitərəfli əlaqələrin inkişafı üçün anlaşmalar imzaladıqlarını görürük. Bunun fonunda Prezident İlham Əliyevin necə uzaqgörən siyasətçi olduğu və milli maraqlarımız naminə uğurlu addımlar atdığı təsdiqini tapır.
Etibarlı tərəfdaş
Qonşu Gürcüstan da Azərbaycan kimi ərazi bütövlüyünün pozulmasından əziyyət çəkir və Qarabağ münaqişəsində daim yanımızda olub. İşğalçı Ermənistana silah daşınmasında tranzit olmaqdan imtina edən bu ölkə Prezident İlham Əliyevin də dediyi kimi, özünü etibarlı tərəfdaş kimi apardı. Sentyabrın 27-dən başlayan hərbi əməliyyatlarda tərəfləri atəşkəsə çağırsa da, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini rəsmi şəkildə bəyan etdi. Bildirildi ki, Gürcüstan hökuməti, eləcə də ictimaiyyəti bu müharibədə Azərbaycanın yanındadır.
Azərbaycana açıq dəstək
Rəsmi Kiyev hərbi əməliyyatların ilk günündən Azərbaycana dəstəyini ifadə etdi. Ukrayna XİN ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən mövqe sərgilədi. Nazirlik bəyan etdi ki, “Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində ərazi bütövlüyümüzü dəstəklədiyi kimi, biz də Azərbaycanın ərazi bütövlüyünü davamlı olaraq dəstəkləyirik. Bu prinsip bizim üçün tamamilə dəyişməz olaraq qalır.”
Ukrayna Prezidenti Volodimir Zelenski də Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini dəfələrlə vurğulayıb.
Ərazi bütövlüyümüzə dəstək verən digər ölkələr
Eləcə də Bosniya və Herseqovina, Əfqanıstan, Kolumbiya, həmçinin BMT-dən sonra dünyada ikinci ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının üzvü olan 120 dövlət Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi.
Qoşulmama Hərəkatının Vətən müharibəsi ilə bağlı xüsusi bəyanatında təşkilatın üzvləri Azərbaycan Respublikası ilə həmrəy olduqlarını bildirirdi. Bu bəyanat 120 dövlətin Azərbaycana dəstəyi, Ermənistanın işğalçı siyasətinə qarşı olması deməkdir. İslam Əməkdaşlıq Təşkilatı, Türk Şurası və digər beynlxalq təşkilatlar da erməni işğalına son qoyulmasını tələb edirdilər.
Azərbaycanın ədalətli mövqeyini təkcə ölkələr və beynəlxalq təşkilatlar yox, müxtəlif ölkələrin ictimai və siyasi xadimləri də müdafiə edirdilər. Mövqeyimizi dəstəkləyən, haqqın cəbhəsində yer alanların sayı kifayət qədərdir. Azərbaycan onlara minnətdardır və bunu heç vaxt unutmayacaq.

