Erməni vəhşiliyi sərhədsizdir
Torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan Ermənistan həm Birinci, həm də İkinci Qarabağ müharibələrində hərbi cinayətlər törədərək dinc əhalini hədəfə alıb, Xocalı kimi dəhşətli qətliam törədib, beynəlxalq konvensiyaları pozaraq əsirlərə, girovlara misli görünməmiş işgəncələr verib. Üstəlik, işğaldakı ərazilərimizə qarşı da terror həyata keçirib, şəhərlərimiz, kəndlərimiz tamamilə dağıdılıb, təbii sərvətlərimiz talan edilib, mədəni-dini irsimizə, təbiətə qarşı vandalizm həyata keçirilib.
İşğala məruz qalmış ərazilərdə ermənilər türk-islam mədəniyyətinə aid dini-tarixi abidələri, xüsusən məscidləri, alban məbədləri, qədim məzarlıqları, arxeoloji tapıntıları, muzeyləri, kitabxanaları, rəsm qalereyalarını, dövlət teatrlarını, musiqi məktəblərini dağıdıblar. Zəbt edilmiş muzeylərdən çoxsaylı qiymətli əşyaları, milyonlarla kitab və tarixi əlyazmaları Ermənistana daşıyıb və ya məhv ediblər. Bundan başqa, işğal müddətində ermənilər ərazilərimizdə məqsədli şəkildə Azərbaycan izini itirməyə çalışaraq bütün toponimləri erməniləşdirmişdilər. Belə ki, 30 il işğal altında qalmış ərazilərdə Ermənistan tərəfindən 927 kitabxana, 60-dan çox məscid, 44 məbəd, 473 tarixi abidə, saray və muzeylər dağıdılıb, eləcə də 40 min muzey eksponatı qanunsuz olaraq daşınıb.
İşğaldan azad edilmiş ərazilərdə aparılan qazıntı işləri burada ermənilərin müharibə cinayətlərinə dair çoxsaylı yeni faktlar üzə çıxarır. Belə ərazilərimizdən biri də Edilli kəndidir. Xocavənd rayonunun inzibati ərazisində yerləşən Edilli kəndində bu günlərdə daha bir kütləvi məzarlığın aşkarlanması erməni vəhşiliyini bir daha sübut etmiş oldu.
Geyimlər və əşyalar onların Azərbaycan hərbçiləri olduğunu təsdiqləyir. Qeyd olunub ki, skeletlərin əksəriyyətinin baş sümüklərində güllə deşikləri müəyyənləşdirilib. Bu fakt əsir azərbaycanlı hərbçilərin erməni cəlladları tərəfindən yaxın məsafədən vurulduqlarını təsdiqləyir. Əsirlərin və girov götürülmüş şəxslərin amansızcasına qətlə yetirilməsi və kütləvi məzarlıqda basdırılması isə ən ağır beynəlxalq cinayətdir.
Birinci Qarabağ savaşında 4 minə yaxın azərbaycanlı itkin düşüb və Ermənistan basdırıldığı ehtimal olunan kütləvi məzarlıqların yerlərini verməkdən imtina edir. Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadındır. İtkin düşmüş şəxs kimi qeydiyyata alınan azərbaycanlıların Ermənistan silahlı qüvvələri tərəfindən əsir və girov götürüldüyü faktlarla sübutunu tapıb. Bundan əlavə, əsir və girov götürülmüş şəxslərin böyük əksəriyyətinin erməni əsirliyində qətlə yetirilməsi, işgəncə və xəstəliklərdən vəfat etməsi, bir hissəsinin isə gizlədilərək Ermənistanda və işğal dövründə Qarabağda ermənilər tərəfindən ağır fiziki işlərdə qul kimi istifadə olunması sübuta yetirilib.
Zamanında qarşısı alınmayan bu erməni vəhşiliklərinə görə, həm də 30 illik işğal müddətinə susub göz yuman beynəlxalq təşkilatlar və dövlətlər də məsuliyyət daşıyır. Çünki biz torpaqlarımız işğal olunandan azad olunduğu günə qədərki dövr ərzində Ermənistanın beynəlxalq humanitar hüququn hamılıqla tanınan norma və prinsiplərini pozmasına, BMT qətnamələrinə belə etinasızlıq göstərməsinə qarşı beynəlxalq səviyyədə ciddi etirazların heç vaxt şahidi olmadıq.

