Böyük işlərin görüldüyü dördüncü böyük şəhər
Milli Şəhərsalma Forumunun Ağdamda keçirilməsi Azərbaycan həqiqətlərinin növbəti dəfə dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında mühüm rol oynadı. Qırxdan çox ölkənin nümayəndələrinin iştirak etdiyi Forumda Prezident cənab İlham Əliyev çıxış edərək Azərbaycanın 30 il ərzində erməni işğalından əziyyət çəkdiyini bir daha diqqətə çatdırdı. Ermənistan torpaqlarımızı işğalda saxladığı müddətdə erməni barbarlığı və vandalizmi əsla sərhəd tanımayıb. Bütün şəhər və kəndlər yerlə yeksan edilib, Azərbaycan xalqına məxsus tarixi, mədəni, dini abidələr məhv edilib. Milli Şəhərsalma Forumunun keçirildiyi Ağdam da erməni vandalizminin qurbanı olub. Ağdam Birinci Qarabağ müharibəsi dövründə deyil, sonradan, işğal müddətində ermənilər tərəfindən məqsədli şəkildə məhv edilib. Ümumiyyətlə, Ermənistan işğalda saxladığı hər bir ərazini dağıtmış, şəhər və kəndləri xarabalığa çevirmişdir. Ağdamda erməni barbarlığı o dərəcədə olub ki, işğaldan sonra bura səfər edən xarici ekspert və jurnalistlər Ağdamı “urbisid qurbanı”, “ruhlar şəhəri”, “Qafqazın Xirosiması” olaraq adlandırıblar. Təssüflər olsun ki, beynəlxalq ictimaiyyət Ermənistanın işğalı nəticəsində ölkəmizin üzləşdiyi humanitar fəlakətə göz yummuş, işğalçıya qarşı heç bir təsir və ya təzyiq göstərilməmişdir. Bu isə öz növbəsində Ermənistanı işğalçılıq siyasətini davam etdirməyə sövq etmişdir. Lakin Azərbaycan xalqı sübut etdi ki, işğalla barışmayıb və rəşadətli ordumuz öz gücünə işğala son qoyaraq torpaqlarımızı düşmən tapdağından azad etdi.
Milli Şəhərsalma Forumunda Prezident cənab İlham Əliyev öz çıxışında bu haqda danışarkən bildirdi ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə bərabər beynəlxalq hüququ da bərpa edib. Artıq Azərbaycanın heç bir vasitəçiliyə ehtiyacı yoxdur. Ölkəmiz uzun illər Ermənistanın işğalı ilə üzləşməsinə baxmayraq Vətən müharibəsində Zəfər qazandıqdan sonra bu ölkəyə sülh müqaviləsi imzalamağı təklif edib. Ümumiyyətlə, Azərbaycan hər zaman sülh tərəfdarı olub, 30 il ərzində ölkəmizin səbr nümayiş etdirməsi də bunu sübut edir. Azərbaycanın regionda sülh və təhlükəsizlik tərəfdarı olmasını sübut edən digər bir amil isə hərbi əməliyyatlar bitdikdən dərhal sonra Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərinə start verilməsidir. İşğaldan azad edilmiş hər bir ərazidə bu gün müasir standartlar əsasında sürətli bərpa-quruculuq işləri həyata keçirilir. Dövlətimiz keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün imkanlarını səfərbər edib. Ölkə başçısının Ağdama səfəri zamanı təməlini qoyduğu Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərində maksimum iki ildən sonra bir neçə min insan yaşayacaq. Bundan əlavə, Ağdamda görülən böyük miqyaslı işlər, yaşayış komplekslərinin yaradılması tezliklə insanların müasir bir şəhərə qayıdacağından xəbər verir. Müasir Ağdam ölkənin sayca dördüncü böyük şəhəri olacaq. Bir Ağdamda deyil, ümumiyyətlə, işğaldan azad edilmiş bütün ərazilərimizdə hər bir yaşayış məntəqəsi “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyası əsasında qurulur. İnsanların rahat yaşaması və işləyə bilməsi üçün lazım olan bütün infrastruktur yaradılır. Hava limanları, avtomobil və dəmir yolları, tunellər, körpülər, məktəb və xəstəxalanar, otellər, eləcə də digər bütün infrastruktur obyektlərinin yaradılması insanların rahat yaşam tərzi ilə bərabər yüksək səviyyəli iş mühitinin də təmin edilməsinə hədəflənmişdir.
Milli Şəhərsalma Forumundakı çıxışında Prezident cənab İlham Əliyev bütün azad olunmuş ərazilərdə elektrik təchizatının tamamilə bərpa edildiyinə diqqət çəkərək bu ərazilərimizdə yüksək bərpaolunan enerji potensialının olduğunu, həmçinin bölgənin gələcəkdə ölkə iqtisadiyyatında aparıcı qüvvəyə çevriləcəyini qeyd etdi.
Anar Şahmuradov,
YAP Ağdaş rayon təşkilatının əməkdaşı

