Gündəm 

Praqa görüşü: Sülhə addım-addım yaxınlaşma prinsipinin növbəti həlqəsi

Çexiyada keçirilən «Avropa siyasi birliyi» Zirvə Toplantısında Prezident İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşünün yekununda qəbul olunan bəyanat ölkəmizin növbəti diplomatik uğurudur

İkinci Qarabağ müharibəsində qazandığı Zəfəri ilə bölgədə yeni reallıqlar yaradan, dünya siyasi arenasında rolu, dəstəklənən ədalətli siyasəti ilə fərqlənən Azərbaycan daha geniş mənada diplomatik platformaya çevrildi. Ölkəmizin çoxsaylı qonaqların iştirakı ilə siyasi, humanitar məsələlərin müzakirə olunduğu məkana çevrilməsi, respublikamızdan dünya ictimaiyyətinə ünvanlanan çağırışların dəstəklənməsi beynəlxalq təşkilatların müxtəlif ölkələrdə yerli sakinlər arasında keçirdikləri sorğularda həmkarlarını qabaqlayan Prezident İlham Əliyevin qazandığı birinciliyin, liderliyinin təsdiqidir. Ötən ay Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində, BMT-nin Məskunlaşma Proqramının, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda ölkəmizin təşəbbüskarlıq ənənəsinin yüksək dəyərləndirilməsi dövlət başçımız İlham Əliyevin diplomatik səylərinin növbəti uğurları kimi tarixə yazıldı.

Bu günlərdə Praqada ilk dəfə geniş tərkibdə keçirilən, « Avropa siyasi birliyi» Zirvə Toplantısında iştirak edən Prezident İlham Əliyevə göstərilən səmimi münasibətlər də Azərbaycanın Cənubi Qafqazın lider dövləti olduğunu təsdiqlədi. Siyasi əlaqələndirmə platforması kimi dəyərləndirilən «Avropa siyasi birliyi»”in məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün dialoqları və əməkdaşlığı inkişaf etdirmək, qitədə təhlükəsizliyi, sabitliyi və rifahı gücləndirməkdir.

44 ölkənin dövlət və hökumət başçılarının iştirak etdikləri «Avropa siyasi birliyi”» Zirvə Toplantısında dünyanın siyasi müstəvisinin aktual problemləri olan iqtisadi , enerji böhranı ilə bağlı müzakirələr, fikir mübadilələri aparıldı. Məntiqi nəticə isə budur: Qarşılıqlı anlaşma, əməkdaşlıq sayəsində gərginliklərin aradan qaldırılması dünyada sülhün bərpası üçün alternativsiz yoldur.

Əvvəla qeyd edək ki, bütün tədbirlərdə rəsmi açıqlamalar kimi, bəlkə də çoxlarının fərqinə varmadığı «bədən dili»ni əks etdirən görüntülər liderlərin dünya siyasətindəki rolunu, tutduğu yeri, satbalını açıq-aşkar göstərdi. Prezident İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşılanma mərasimi, hər iki dövlət başçısına yanaşmaq istəyində olan çoxsaylı jurnalistlər arasında yaranan canlanma, səmimiyyət, eyni zamanda Türkiyə-Azərbaycan birliyinin dünyanın daha bir siyasi arenasında təsdiqi idi. Belə isti münasibətlə müqayisədə Ermənistanın baş nazirinə göstərilən etinasızlıq bütün görüşlərdə forpost kimi, ələbaxan rolunu oynayan Nikol Paşinyanın siyasi çıxdaş obrazını nümayiş etdirdi. Nikol Paşinyanın dünya siyasətində həmişə aldığı «qeyri-kafi» qiymət tədbirdə iştirak edən rəsmi nümayəndələrin birgə çəkdirdikləri xatirə fotosundan da bəlli oldu.
Zirvə Toplantısı Avropada yeni reallıqlara, təhlükəsizlik, siyasi əlaqələr sisteminə baxış idi. Bu beynəlxalq toplantıda Azərbaycan ən yüksək səviyyədə təmsil olundu, sayılıb-seçilən ölkələr arasında fərqləndi. Prezident İlham Əliyevə bütün səviyyələrdə xoş, isti münasibət Azərbaycanın Vətən müharibəsindəki Zəfərinin, bölgədə yaratdığı reallıqların beynəlxalq səviyyədə təsdiqi idi. Zirvə Toplantısında «Azərbaycanın diplomatik uğurlarına yeni səhifələr yazıldı» desək yanılmarıq. Dövlət başçımızın tədbirin davam etdiyi müddətdə daim önəmli sima olması, müzakirələr üçün siyasi hazırlıqlı, təcrübəli lider kimi maraq doğurması ilk baxışdan diqqəti cəlb edirdi. Görüşlər çox olsa da diqqət çəkən məqam Prezident İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən tarixi əhəmiyyətli görüş oldu. Görüşün və müzakirələrin nəticəsi olaraq qəbul edilən bəyanatı Avropa ölkələrinin Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına ümidverici münasibət kimi dəyərləndirmək olar. Böyük əhəmiyyətə malik bəyanatın Praqa toplantısında, Azərbaycanın, Ermənistanın, Fransanın, Avropa İttifaqı Şurasının iştirakı, Avropanın demək olar bütün siyasi rəhbərlərinin şahidliyi ilə qəbul edilməsi böyük tarixi hadisə idi”.
Dünya öz sözünü dedi, Azərbaycanın ədalətli mövqeyi dəstəkləndi, Ermənistan prinsipial məsələ olan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etməklə bəlkə də başqalarından asılılığına, «sözə baxımlılığına» son qoydu. Artıq belə bir əminlik yaranır ki, Azərbaycanın təklif etdiyi 5 bənddən ibarət sülh müqaviləsinin imzalanması istiqamətində ciddi irəliləyişlər olacaq. Brüssel danışıqlarının, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bölgədə sülhün təminatı üçün göstərdiyi səylərin məntiqi nəticəsi olan Praqa görüşləri dünyanın siyasi salnaməsinç mühüm hadisə kimi yazıldı.

Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində Zirvə Toplantısını və dördtərəfli görüşü Azərbaycanın maraqlarını əks etdirən və sülhə doğru atılan addım adlandıran,ölkəmizin təklifləri əsasında Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması istiqamətində ciddi səy göstərən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin də bu sahədəki fəaliyyətini yüksək qiymətləndirən Prezident İlham Əliyev müzakirələri sülh müqaviləsinin imzalanmasına doğru uğurlu addım adlandırdı. Fikrini «Hesab edirəm Praqa görüşləri – həm bu gün səhər Şarl Mişellə bir saat yarım görüş keçirdik, bir çox məsələləri müzakirə etdik və indiki görüş, axşam keçiriləcək görüş də bir məqsədi güdür ki, tezliklə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalansın» sözləri ilə bildirən Prezident İlham Əliyev bu cür təmasların, qitə dövlətlərinin enerji ilə təchizatında ölkəmizin artan rolunun davamlı olacağını söylədi.

Xatırladaq ki, cari ilin iyul ayının 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen Bakıya səfəri zamanı Prezident İlham Əliyevlə birlikdə mətbuata bəyanatla çıxışında Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan «Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”»nu yüksək dəyərləndirərək ölkəmizin qitə dövlətlərinin enerji təchizatındakı rolunu əməkdaşlığa töhfə kimi dəyərləndirdi. O, Azərbaycanın Avropa üçün ən etibarlı enerji bazarı olduğunu bu sözləri ilə bildirdi: «Siz təkcə təchizat təhlükəsizliyi sahəsində deyil, həmçinin iqlim neytrallığı sahəsində də hər zaman etibarlı olmusunuz. İndicə imzaladığımız Anlaşma Memorandumu bizim enerji tərəfdaşlığımızı daha da gücləndirir.»
Təbii ki, ölkəmizin qitə dövlətləri, xüsusilə Avropa İttifaqı ilə əməkdaşlığı təkcə enerji sahəsini əhatə etmir. Gündəlikdə olan siyasi, nəqliyyat, ticari məsələlər ilə bağlı aparılan dialoqlar dünya siyasətinə müsbət təsir göstərən əməkdaşlığın bariz nümunəsidir.
« Avropa İttifaqı bizim üçün çox önəmli tərəfdaşdır və yeni saziş üzərində iş aparılır. Sazişin böyük əksəriyyəti artıq razılaşdırılmışdır və qalan məsələlər o qədər də böyük prinsipial xarakter daşımır. Nəqliyyat sahəsində əməkdaşlıq üçün yeni imkanlar yaradılıb. Çünki Azərbaycanın coğrafi vəziyyəti və müasir nəqliyyat infrastrukturu Avropa üçün də çox önəmlidir. Həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərini nəzərdə tuturam. Avropa İttifaqı ölkələri bizim əsas ticarət tərəfdaşlarımızdır. Azərbaycanın geosiyasi məkanda artan rolu, əlbəttə, iqtisadi sahədə də, sərmayə qoyuluşu sahəsində də özünü göstərir» sözləri ilə tərəfdaşlığın coğrafiyasının genişləndiyini bildirən dövlət başçımız qarşılıqlı olaraq təhsil, humanitar sahədəki müzakirələri də tərəflər üçün əhəmiyyətli amil adlandırdı.

Ölkəmizin yeni platforma olan «Avropa siyasi birliyi» Zirvə Toplantısında yüksək səviyyədə təmsilçiliyi , Azərbaycanın enerji diplomatiyasının məntiqi nəticəsi olan neft-qaz layihələrinin yüksək dəyərləndirilməsi, Avropada qaza olan tələbatın daha çox artdığı indiki məqamda respublikamızın müəllifi olduğu şaxələndirmə formatına marağın artması diplomatiyamızın uğurudur. Bu yaxınlarda Bolqarıstanda Yunanıstan-Bolqarıstan İnterkonnektorunun açılış mərasiminin keçirilməsi, Avropa İttifaqı ilə imzalanmış Memoranduma əsasən növbəti illərdə Avropaya qaz ixracatını ən azı iki dəfə artırılması ilə bağlı razılığın əldə olunması qitə dövlətləri ilə əməkdaşlığımızın istiqamətlərini genişləndirir.

Müsahibəsində Azərbaycanda bərpa olunan enerji növlərindən istifadə nəticəsində enerji təsərrüfatının səmərəliliyinin artırılması məsələsinə də aydınlıq gətirən Prezident İlham Əliyev reallığı əks etdirən rəqəmləri diqqətə çatdırmaqla vurğuladı ki, ölkəmizdə istehsal olunan təbii qaz, neft, elektrik enerji nəzərdə tutulduğu, vəd verildiyi səviyyədə və hazırlanan konkret layihələr əsasında Avropaya ixrac ediləcəkdir.
«Ona görə Azərbaycan Avropa üçün və təkcə Avropa üçün yox, dünya üçün çox önəmli, strateji enerji tərəfdaşı olacaqdır» sözləri ilə ölkəmizin dünya birliyi üçün önəmini diqqətə çatdran dövlət başçımız hazırda ölkəmiz üçün prioritet olan Azərbaycan ərazisindən hələ də təxribatlar törədən qanunsuz erməni silahlı birləşmələrinin çıxarılması məsələsinə də aydınlıq gətirdi. İkinci Qarabağ müharibəsi başa çatandan sonra belə bəzi yerlərdə ermənilər tərəfindən ən azı 1400 minanın basdırılmasını təxribat, hərbi cinayət adlandırdı. Amma əsas məsələ odur ki, artıq dünya ictimaiyyəti erməni faşizminin törətdiyi cinayətlərin şahididir. «Qarabağ Azərbaycandır!» sözləri ən yüksək səviyyədə təsdiqləndi. Artıq Azərbaycanın işğalçı dövlətə təklif etdiyi beş prinsiplə bağlı Ermənistanın və Avropa İttifaqının etiraz edəcəyi heç bir sual yoxdur. «Bu gün Fransa Prezidenti ilə görüş zamanı mən gördüm ki, bu beş prinsip qəbul edilir. Bu, təbiidir, çünki biz yeni heç nə icad etməmişik. Bu, münasibətləri normallaşdırmaq istəyən dövlətlər arasında münasibətlərə əsaslanan prinsiplərdir» sözləri ilə Qarabağın əzəli və əbədi Azərbaycan torpağının olması ilə bağlı tarixi həqiqətinin bütün səviyyələrdə qəbul olunması bölgədə sülhün möhkəmlənməsinə və Azərbaycanın ərazi bütövlüyümüzün toxunulmazlığına əminliyi artırır. Azərbaycan artıq tarixin arxivinə göndərilən «Dağlıq Qarabağ münaqişəsi»ni öz gücü ilə həll etdi. Ermənistanın işğalı altında qalan ərazilərimiz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Silahlı Qüvvələrimizin rəşadəti ilə əsl sahiblərinə qaytarıldı. Beləliklə, sülh müqaviləsinin imzalanmasına daha da yaxınlaşırıq. Ermənistan 2020-ci il noyabrın 10-da götürdüyü, amma yerinə yetirmədiyi öhdəlikləri bir daha xatırlamalı, gələn ay keçirilməsi planlaşdırılan Brüssel görüşündə istənilən nəticə ilə bağlı razılığını bildirməlidir. Bu seçim ilk növbədə Ermənistanın gələcək taleyi, varlığı üçün daha önəmlidir.

Daha çox xəbərlər