ABŞ-da yaşayan repçimiz 6 il sonra Vətənə döndü və onunla görüşmək istəyən ŞƏHİDİ ZİYARƏT ETDİ – FOTOLAR
Bir zamanlar böyük dinləyici kütləsi toplayan keçmiş HOST qrupunun üzvü, uzun müddət ABŞ-da yaşayan tanınmış repçi Orxan Zeynallı bir həftə öncə 6 illik həsrətə son qoyaraq Vətənə qayıdıb. Daim vətənpərvərlik göstərən, müharibə dövründə ordumuza dəstək olub, şəhidlərimizin xatirəsini əziz tutan ifaçı Azərbaycana gələr-gəlməz Mingəçevirdə dəfn olunan şəhid Əzəmi Hüseynovun qəbrini və ailəsini ziyarət edib. Niyə məhz bu şəhidi?
ARANTV.AZ xəbər verir ki, bu barədə Orxan Zeynallı özünün “İntagram” səhifəsində yazıb.
Belə ki, 3 gün əvvəl paylaşdığı fotoların şərh yerinə repçi bu sözləri əlavə edib:
“2 il öncə, məhz bu gün, 8 oktyabr, Əzəmi Hüseynov döyüşdən öncə səngər yoldaşına bir gün mənimlə görüşməyi arzuladığını demişdi. Həmin gecə Əzəmi haqq dünyasına qovuşsa da, onun istəyini mənə çatdırdılar. Ailəsi ilə də danışanda Azərbaycana gələr-gəlməz onun məzarını ziyarət edəcəyimə söz vermişdim.
Könül istərdi ki, Əzəmi ilə Mingəçeviri dostca gəzək, yemək yeyək və söhbət edək, lakin onun ehsanını yeyib ailəsinin, dostlarının onun gözəl ürəyi haqqında danışıqlarını dinləmək qismət oldu.
Əzəmi bətndə olarkən anası və bacıları Şuşanı məcbur tərk ediblər. Özü isə 3 ay sonra dünyaya gəlib. 28 il sonra, Şuşa alınandan 1 ay öncə isə şəhid olub. Sənin ata yurdun sayəndə azaddır və bir igidin ömrü qədər çəkən həsrətə sənin kimi qəhrəmanlar son qoydu. Ruhun şad olsun, dostum!”







