Qərbdən Orta Asiyaya sarsılmaz körpü: Prezident Əliyevin İKİ MİSSİYASI – DETALLAR
“2009-cu il Naxçıvan sammitində Türkiyə və Azərbaycanın təşəbbüsü ilə əvvəlcə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaradıldı. Həmin təşkilat böyüdü. Artıq bu il Orta Asiyada keçirilən sammitə Türk Dövlətləri Təşkilatı adı ilə qoşulur. Artıq bu qurum TDT adı ilə adlandırılır. Burada Türkmənistan və Macarıstan da məşvərətçi səslə onun üzvüdür. Təbii ki, bu ideyanın yaradıcıları Prezident İlham Əliyevlə Türkiyənin cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğandır. Onlar bir növ çox sakit bir müstəvidə Türk dövlətlərinin birliyini qurmağa nail oldular”.
Bunu Publika.az-a açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana və Qırğızıstana səfərləri ilə bağlı fikirlərini bölüşərkən politoloq Cümşüd Nuriyev deyib.
Politoloq bildirib ki, bu il ən çox qarışdırılan, çaxnaşmalara təşəbbüs edilən ölkələr Qazaxıstanla Qırğızıstan idi:
“Qırğızıstanı daha çox İranın fitnəsi ilə farsdilli dövlət olan Tacikistan qarışdırdı. Amma o da anladı ki, ya normal qonşuluq əlaqələri olmalıdır, ya da İranın, Rusiyanın fitnəsi ilə bu işləri həyata keçirmək Düşəmbəyə baha başa gələ bilər. Ərdoğanın hər hansı addım atması daha çox səs-küyə səbəb olur. Ona görə də bu missiyanı cənab Prezident İlham Əliyev həyata keçirir. Özü də son zamanlar İlham Əliyevin həyata keçirdiyi missiyalar çox uğurla nəticələnib. Heç kəsin gözləmədiyi müsbət nəticələr əldə olunub. Türkiyə-İsrail, Türkiyə-Rusiya münasibətlərinin inkişafında İlham Əliyevin rolu danılmazdır. Ankara-Moskva münasibətlərinin normallaşmasında və inkişafında birbaşa İlham Əliyevin rolu var. Üstəlik, Türk Dövlətləri Təşkilatının formalaşması və inkişafında da İlham Əliyevin danılmaz xidmətləri mövcuddur. Qazaxıstan və Qırğızıstana İlham Əliyevin növbəti səfəri də məhz buna xidmət edən missiya xarakteri daşıyır. Çünki son zamanlar Qazaxıstan bu sahədə müsbət addımlar atır”.
Politoloqun fikrincə, bu ilin yanvar hadisələrindən sonra prezident Tokayev xalqın gücünü də, mövqeyini də gördü:
“Bir sözlə, Qazaxıstan prezidenti bu məsələlərə daha ağıllı mövqe ilə yanaşır. Bu da anlaşılandır, təbii ki, hər bir dövlət ilk növbədə öz maraqlarına uyğun hərəkət edəcək. Cənab prezidentin Qazaxıstan və Qırğızıstandan əvvəl Özbəkistana səfəri gerçəkləşmişdi. Bu səfərlər yenə də baş verəcək. Özbəkistan, Qazaxıstan və Qırğızıstan prezidentlərinin də Azərbaycana səfərləri bu əlaqələrin inkişafının göstəricisidir. Azərbaycan-Türkmənistan münasibətləri də hazırda çox yaxşı səviyyədədir. Burada Orta Asiyanın resurslarının Azərbaycan üzərindən Avropaya daşınması marağı da var. Təbii ki, Azərbaycan bir tranzit ölkə arasında Orta Asiya ilə Qərb arasında təkcə keçid dövləti rolunu oynamır, Bakı həm də Orta Asiyadakı Türk dövlətləri ilə Türkiyəni birləşdirməyə xidmət edir. Çünki Orta Asiya uzun müddət Rusiyanın tam təsiri altında olub. Orada daha çox sovet təfəkkürü formalaşıb”.
Cümşüd Nuriyev düşünür ki, Azərbaycan sovet təfəkküründən daha sürətlə qurtulmağa başlayıb:
“Biz bu məsələdə Orta Asiyadan ən azından iki addım qabaqdayıq. Biz mədəni və ideoloji cəhətdən Türkiyəyə daha yaxınıq. Biz dövlət və millət olaraq həm türk dilini, həm də rus dilini bildiyimiz üçün bunların arasında körpü rolunu oynayırıq. İlham Əliyev bütün bu işləri tam peşəkarlıqla həyata keçirir. Yəni, məqsəd hansısa dövlətlərin sərvətlərini Qərb bazarına çatdırmaq deyil. Bu, sadəcə bir vasitə və vəsilədir. Azərbaycandan bundan çox ustalıqla yararlanır. Niyə də olmasın?! Nə üçün Orta Asiyanın qazı və digər resursları Azərbaycan üzərindən daşınmasın?! Hazırda Avropada enerji təhlükəsizliyi ilə bağlı ciddi problemlər var. Burada İlham Əliyevin də rolu danılmazdır. Avropa ölkələri rəsmi görüşlərdə, hətta dövlət başçıları səviyyəsindəki toplantılarda da Azərbaycan Prezidentinin fəaliyyətini təqdir edirlər, bəyənirlər. Hətta onu çox yüksək səviyyədə tərifləyirlər. Ona görə də Orta Asiyanın enerji resurslarının Qərbə daşınması məsələsində Azərbaycan Prezidentinin rolu danılmazdır. İlham Əliyev əslində burada iki missiyanı həyata keçirir. Həm Türk Dövlətləri Təşkilatının güclənməsi, türk dövlətləri arasındakı əməkdaşlığın yeni müstəviyə keçirilməsi, həm də türk dövlətlərinin enerji resurslarının Azərbaycan üzərindən daşınması… Beləliklə, Azərbaycanın həm siyasi, həm də iqtisadi maraqları təmin olunur. Bu, türk dünyasının siyasi və iqtisadi maraqlarına uyğundur. Onu da deyim ki, Prezident İlham Əliyevin üzərinə çox ağır bir yük düşür. Çünki bu çox ağır missiyadır. Amma o, bunu çox uğurla həyata keçirir”.

