Cəmiyyət 

Ağdam yenidən bərpa edilərək Azərbaycanın ən gözəl şəhərləri sırasında olacaq

Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. Üçtərəfli bəyanat Azərbaycanın Qələbəsidir, torpaqlarımızın qayıtmasıdır, bayrağımızın ucaldılmasıdır. Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək  öz yurisdiksiyasına qaytardı. Bu gün yaşadığımız günlər, yaşadığımız anlar hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq

Ağdam rayonu 1930-cu ildə yaradılıb. 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal edib. İşğal edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayondur. İşğaldan əvvəl Ağdam rayonunda 143 min insan yaşayırdı. Hazırda Ağdam rayon sakinlərinin sayı 204 mindir. Ərazisi 1 094 kv.km olan Ağdamın 846,8 kv.km-i, yəni 77,4%-i, bir şəhər və 80 kəndi ermənilərin əlinə keçib, o vaxta qədər Ağdamın 1 şəhər, 124 kəndi vardı. Bu işğal rayona 13 milyard ABŞ dolları məbləğindən çox ziyan vurub. Ağdamlılar həm Birinci, həm də İkinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşmuşlar, çoxlu şəhidlər vermişlər.

2010-cu ilin noyabr ayında erməni separatçıları Ağdamın adını dəyişərək “Akna“ qoymuş və rayonun işğal edilmiş ərazilərində 360 nəfər qanunsuz olaraq daimi məskunlaşmışdır.

Ağdam ağır yeyinti və yüngül sənayeyə, inkişaf etmiş kənd təsərrüfatına malik bir rayon idi. Rayonda dəzgah avadanlıqları, arekosmik və rabitə cihazları, metiz – furnitur, traktor və avtomobil təmiri, asfalt, konserv, yağ – pendir, barama toxumu, pambıq, şərab və mexanikləşdirilmiş çörək zavodları, xalça fabriki, taxıl məhsulları, tikinti materialları və ət kombinatları, iki dəmir yolu. İşğalçı rejim İkinci Qarabağ müharibəsinin son günlərinədək Ağdamda qanunsuz arxeoloji qazıntılar aparmış və tapılmış artefaktlar Ermənistana daşınmışdır.

Ağdamda olan evləri dağıtmaqla yanaşı onun daşlarını da söküb aparmışlar. Mədəni abidələri talan edərək bütün infrastrukturu məhv edilmiş,  Çörək Muzeyi, Tarix Ölkəşünaslıq Muzeyi, tarzən Qurban Pirimovun Xatirə Muzeyi və Ağdam Şəkil Qalereyası,  Xaçındərbənd kəndindəki 1314-cü ildə tikilmiş Qutlu Sarı Musa oğlu Künbəzi, Kəngərli kəndindəki XIV əsrə aid Türbə və Daş abidələr, Papravənd kəndində XVIII əsrə aid gümbəz və məscid, Ağdamda İmarət deyilən yerdə XVIII əsrə aid abidələr, Xan qızı Xurşidbanu Natəvanın və onun oğlunun türbələri, Şahbulaq ərazisində Şahbulaq qalası və Karvansara vəhşicəsinə dağıdılmışdır. Bundan əlavə, dini ibadətgahlardan rayonun Papravənd kəndində yerləşən Şeyx Nigar, Seyid Miriş ağa, Qara Pirim və digər ziyarətgahlar darmadağın edilib. Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan məscid və onun minarələri də vəhşicəsinə uçurulub.

Bu vəhşilik, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarını, “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının 1999-cu il protokolunun (Ermənistan bu protokolun üzvüdür), “Arxeoloji irsin qorunması haqqında” 1992-ci il tarixli Avropa Konvensiyasının tələblərinin pozulmasıdır. Azərbaycan erməni vandalizminin cəzalndırılması üçün bütün hüquqi imklanlardan istifadə edəcək.

Ağdam yenidən bərpa edilərək Azərbaycanın ən gözəl şəhərləri sırasında olacaq.

Ağdam rayonu yenidən Azərbaycanın ən zəngin, mədəniyyətin, aqrar sənayenin, kənd təəsrrüfatının gur inkişaf etdiyi rayonlarından birinə çevriləcək. Ağdam şəhərinin bərpası üçün baş plana uyğun , mütəxəssislər cəlb olunun, infrastruktur layihələri planlı şəkildə icra edilir, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görülür. Vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən kömək göstərilir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi artıq həll olunub. Azərbaycan döyüş meydanında parlaq Qələbə qazanaraq siyasi meydanda da istədiyinə nail ola bilmişdir. İşğalçı Ermənistan döyüş meydanında məğlub olaraq bütün dünya qarşısında rəzil oldu bundan sonra bu damğa ilə yaşayacaqlar, “məğlub edilmiş ölkə” damğası ilə yaşayacaqlar.

Ağdam bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Şahin Qurbanov,
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, Bakı Reabilitasiya Mərkəzi PHŞ-in direktoru

Daha çox xəbərlər