Cəmiyyət 

Bu yol Zəfər yoludur! FOTO

Xətai RİH-in, YAP Xətai rayon təşkilatının və Heydər Əliyev adına Hərbi İnstitutun birgə təşkilatçılığı ilə bu adda konsert proqramı təqdim edildi

Oktyabrın 11-də paytaxtın Xətai rayonundakı Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfərə həsr olunmuş konsert proqramı keçirildi.

“Bu yol Zəfər yoludur!” adlı möhtəşəm tədbirdə hərbi vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı və Milli Müdafiə Universitetinin tabeliyindəki Heydər Əliyev adına Hərbi İnstitutun beynəlxalq müsabiqələr laureatı olan Hərbi Orkestrinin tanınmış solistləri ifalarını təqdim etdilər.

Xətai Rayon İcra Hakimiyyətinin (RİH), Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının və Heydər Əliyev adına Hərbi İnstitutun birgə təşkilatçılığı ilə Zəfər tədbirində Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin böyük cəsarəti və əzmkarlığı sayəsində Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı möhtəşəm Qələbədən söhbət açıldı.

Xətai rayonunun idarə, müəssisə və təşkilat rəhbərlərinin, şəhid ailələrinin, qazilərin, ziyalıların,  Milli Müdafiə Universitetinin kursantlarının və sakinlərin qatıldıqları konsertdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra Zəfər tədbirində Vətən müharibəsində Xətai rayonundan olan 67 şəhidlə bağlı video-çarx nümayiş etdirildi. Tədbir iştirakçıları Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı dilədilər. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Silahlı Qüvvələrimizə minnətdarlıq ifadə olundu.

Konsertdə Heydər Əliyev adına Hərbi İnstitutun beynəlxalq müsabiqələr laureatı olan Hərbi Orkestrinin tanınmış solistləri – Emin Kazımzadə, Günay Qasımova, Rauf Məmmədov, Leyla Əliyeva, Fərhad Ələkbərov, Vüsal Ağayev tamaşaçılara biri-birindən maraqlı ifalar təqdim etdilər.

Sonra səhnəyə dəvət alan məşhur ifaçı Şəmistan Əlizamanlı tədbirin təşkilatçılarına təşəkkür etdi, şəhidlərin ruhu qarşısında baş əyərək onlara Allahdan rəhmət, qazilərə cansağlığı dilədi.

Qarşıdan gələn 8 Noyabr – Zəfər Günü ilə bağlı tədbirlərin rəhbərlik etdiyi “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyi tərəfindən mütəmadi olaraq keçiriləcəyini vurğulayan Ş.Əlizamanlı tamaşaçılara hərbi vətənpərvərlik mövzularında möhtəşəm mahnılarını təqdim etdi.

Tədbirdə, həmçinin şəhid atası, Xalq artisti Əli Nur çıxış edərək qəhrəman əsgər və zabitlərimizin şanlı döyüş yolundan bəhs etdi, Vətənə və şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirdi.

Tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanan Zəfər konserti zamanı səhnədə quraşdırılmış ekranda Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfərlə bağlı kadrlar nümayiş etdirildi.

Cavid Əkbərov,
Vüsal Cahanov (foto),

“İki sahil”

Daha çox xəbərlər