Zaqatalada heyvandarlıq məhsullarının istehsalı artıb
Cari ilin yanvar-sentyabr aylarında Zaqatala rayonunda bütün növ heyvandarlıq məhsulları istehsalında dinamik artım qeydə alınıb. Belə ki, bu ilin 9 ayında rayonda 6 min 986,6 ton diri çəkidə ət, 32 min 694,4 ton süd, 17 milyon 225 min ədəd yumurta, 304,3 ton yun istehsal olunub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 13,9 ton, süd istehsalı 275 ton artıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Zaqatala Rayon Statistika İdarəsindən məlumat verilib.
Qurumdan bildirilib ki, istehsal olunan ətin 6 min 971,4 tonu, südün isə 32 min 677,6 tonu əhali və sahibkar təsərrüfatlarının payına düşür. Rayonda fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələrində isə 9 ayda 15,2 ton ət, 16,8 ton süd istehsal olunub.
2022-ci il oktyabrın 1-i vəziyyətinə rayonun təsərrüfatlarında 59 min 949 baş iribuynuzlu mal-qara, o cümlədən 28 min 976 baş inək və camış, 166 min 265 baş qoyun və keçi olub.

