Siyasət 

Ortaq tarixdən ortaq hədəflərə…

Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana ilk rəsmi səfəri strateji müttəfiqlik əlaqələrində yeni mərhələnin başlanması baxımından mühüm əhəmiyyət daşıyır

Sülh naminə əməkdaşlıq, mehriban qonşuluq və dostluq münasibətləri beynəlxalq arenada Azərbaycanın xarici siyasətinin əsas prioritetlərini təşkil edir və bütün bunlar ölkəmizin nüfuzunun artmasını şərtləndirən əsas amillərdəndir. Təsadüfi deyil ki, bu gün Azərbaycan əksər qonşu ölkələrlə ikitərəfli əlaqələrini daha da inkişaf etdirir, bəzi dövlətlərlə isə bu münasibətlər artıq strateji əməkdaşlıq səviyyəsinə yüksəlib. Bu sırada ölkəmizin də aparıcı üzvlərindən olduğu Türk Dövlətləri Təşkilatında (TDT) təmsil olunan ölkələrin hamısı ilə, əsasən də Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digərləri ilə əlaqələrin yüksələn xətt üzrə inkişafı müşahidə edilməkdədir. Dövlət başçıları, dövlət və hökumət nümayəndələri səviyyəsində tez-tez reallaşdırılan qarşılıqlı səfərlər, imzalanan strateji müttəfiqlik bəyannamələri və digər çoxsaylı sənədlər TDT-nin üzvü olan ölkələrin və onların xalqlarının daha da yaxınlaşmasını şərtləndirir. Dünyanın müasir geopolitik mənzərəsi isə bu yaxınlaşmanın nə qədər vacib olduğunu bir daha sübut edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 11-12-də dost və qardaş Qırğızıstana ilk rəsmi səfəri strateji müttəfiqlik əlaqələrində yeni mərhələnin başlanması baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycanla Qırğızıstan arasında əlaqələrin daha da inkişafını zəruri edən başqa bir məqam isə ondan ibarətdir ki, hər iki xalq eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdir. Bizi, eyni zamanda, dil yaxınlığı və din eyniliyi də birləşdirir. Hazırda Qırğızıstanda 20 mindən artıq soydaşımız yaşayır və onlar dost ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edirlər. Məlumat üçün onu da qeyd edək ki, Qırğızıstanda yaşayan azərbaycanlıların əksəriyyəti 1930-cu illərdə qaniçən Sovet rəhbərliyinin repressiyaları zamanı Azərbaycandan sürgün olunanlar və onların övladlarıdır. Qırğızıstandakı Azərbaycan diasporunun nümayəndələri ölkənin biznes sahəsində, iqtisadiyyatın digər sahələrində fəal iştirak edirlər. Ölkənin tanınmış cərrahları, iş adamları arasında da azərbaycanlılar çoxdur. Əsasən Bişkek, Talas, Qara-Balta şəhərlərində yaşayan soydaşlarımız tarixi yurdlarından ayrı düşmələrinə baxmayaraq dil və adətlərini bu gün də qoruyub saxlayırlar.

Həm Azərbaycan, həm də Qırğızıstan çar Rusiyası və Sovetlər ittifaqı dönəmində vahid mərkəzdən idarə olunub. SSRİ-nin tərkibində olan dövrdə iki müttəfiq respublika arasında sıx iqtisadi və mədəni əlaqələr formalaşıb. Nəhəng imperiya 70 illik ömrünü başa vurduqdan və postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlayıb.

Azərbaycanla Qırğızıstan arasında diplomatik əlaqələr 1993-cü ilin yanvar ayının 19-da qurulmuşdur. 1996-cı ilin ortalarında Azərbaycan Respublikasının Qırğızıstanda, 1998-ci ilin may ayında isə Qırğızıstanın ölkəmizdə səfirlikləri fəaliyyətə başlayıb. Ölkələrimiz BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY və s. kimi beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edirlər.

Sevindiricidir ki, diplomatik münasibətlərin qurulmasının 30 illiyi ərəfəsində iki türk dövləti münasibətlərini artıq strateji müttəfiqlik səviyyəsinə çatdırıblar.

Xatırladaq ki, Qırğızıstan Prezidenti Sadır Japarovun 2022-ci il aprelin 20-də Azərbaycana rəsmi zəfəri zamanı iki ölkənin dövlət başçılarının iştirakı ilə “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” və “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının yaradılması haqqında Memorandum”, həmçinin müxtəlif sahələri əhatə edən ümumilikdə 10 sənəd imzalanmışdı. Məhz həmin vaxtdan etibarən iki dost və qardaş türk dövlətinin münasibətlərində yaranmış strateji tərəfdaşlıq rəsmiləşmişdir və bu gün iki ölkə arasında heç bir siyasi ziddiyyət yoxdur.

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə türkdilli dövlətlərlə əlaqələrin inkişaf etdirilməsinin prioritet məsələlərdən biri olduğunu qeyd edib. Bu baxımdan dövlətimizin başçısının Qırğızıstana ilk rəsmi səfəri ticari-iqtisadi, nəqliyyat, logistika, mədəni-humanitar sahələrdə  əməkdaşlıq üçün mühüm əhəmiyyət daşıyır.

Bu gün dinamik inkişaf edən Azərbaycan-Qırğızıstan əlaqələri iki ölkə arasında əldə edilən razılaşmalarla, imzalanan sənədlərlə yeni müstəviyə qədəm qoymuş olur. Qarşıdakı hədəf isə dialoqun daha da möhkəmlənməsi, daha sıx iqtisadi əlaqələrin qurulması, o cümlədən nəhəng investisiya layihələrinin birgə reallaşdırılması, beynəlxalq platformalarda fəal qarşılıqlı əlaqələrin, habelə mədəni-humanitar əməkdaşlığın gələcək inkişafına nail olmaqdır. Eyni soykökə malik iki qardaş xalqın digər türk xalqları ilə birlikdə əl-ələ verib, çiyin-çiyinə dayanıb, kürək-kürəyə söykənib daha qüdrətli, daha yenilməz gücə çevriləcəyi gün yaxındadır…

Daha çox xəbərlər