Siyasət 

Qarabağ və Şərqi Zəngəzura yeni həyat gəlir…

Qırx dörd günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz qazandığı Qələbə ilə tarix yazdı. Ali Baş Komandanımızın və şanlı ordumuzun qəhrəman əsgər və zabitlərinin sayəsində işğal altında qalan torpaqlarımız azad olundu. Tarixi ədalət bərpa olundu, ərazi bütövlüyümüz təmin edildi.

Bununla da Qarabağa Böyük Qayıdışın əsası qoyuldu. Tarixi torpağımız olan Qarabağın gələcək inkişafı üçün mühüm əhəmiyyət kəsb edən infrastruktur layihələrinin-Füzuli-Şuşa magistral yolunun və Füzuli Beynəlxalq Hava Limanının təməli qoyuldu. Ali Baş Komandanımız Qarabağın xilaskarı kimi Şuşa şəhərini addım-addım gəzdi, dağılmış, xarabazara çevrilmiş məscidlərin, tarixi abidələrin bərpası üçün göstərişlər verdi. Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacəbəylinin, Xan qızı Natəvanın, Bülbülün büstlərini, yaşadıqları evləri, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsini ziyarət etdi. 30 illik işğal dövründə erməni vandallarının törətdikləri vəhşilikləri dünyaya göstərdi.

Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də qeyd olunduğu kimi, ölkəmizin ərazi bütövlüyünün təmin olunması xalqımızın çoxəsrlik tarixində möhtəşəm yer tutur. Dövlət sərhədlərini bərpa etməklə xalqımız son bir əsrdə hərbi və diplomatik sahədə ən böyük zəfərə nail oldu. Qələbənin əbədiləşdirilməsi üçün öz doğma torpaqlarından köçkün düşən insanların vətənə qayıdışı təmin olunmalıdır. Bu Böyük Qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir vəsilə olacaq. Regionda yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizinin bərpa olunması ölkəmizin qlobal bazarlara çıxış imkanlarını artırmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin inkişafına əhəmiyyətli təkan verəcək.

Qarabağda və Şərqi Zəngəzurda bərpa quruculuq işləri gündən-günə sürətlənir. Yeni avtomobil və dəmir yolları, körpülər, tunellər, hava limanları, elektrik və su xətləri, müasir yaşayış kompleksləri, məktəblər, xəstəxanalar, su-elektrik stansiyaları tikilir. Bölgədə böyük infrastruktur işləri görülür, yaşayış binaları inşa olunur. Zəngilan rayonunda Ağalı kəndi “ağıllı kənd” layihəsi əsasında istifadəyə verilib, həmçinin beş şəhərin Baş planı təsdiqlənib, yeni yaradılacaq   kəndlərin əraziləri müəyyənləşdirilib.  Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib, yaxın zamanlarda Zəngilan Beynəlxalq Hava Limanı da işə düşəcək. İşğaldan azad edilmiş ərazilərdə yerləşən sənaye parkları bölgənin iqtisadi potensialının reallaşdırılması və ölkə iqtisadiyyatına reinteqrasiyasının vacib mexanizmidir.

Hazırda Azərbaycan azad edilmiş ərazilərdə xarici investorlara böyük imkanlar təqdim edir. Respublikamız xarici investorları cəlb etməklə azad edilmiş ərazilərin bərpası və inkişafı layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır.

Bu günlərdə Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov mətbuata açıqlamasında bildirib ki, hazırda minaların təmizlənməsi üzrə intensiv işlər aparılır, infrastruktur və kommunikasiyalar bərpa olunur və yenidən yaradılır, iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir: “Keçmiş məcburi köçkünlərin ilk qrupu artıq doğma yurdlarına qayıdıb. İşğal dövründə dağıdılmış şəhərlərin baş planları hazırlanıb və təsdiq edilib”. Həmçinin qeyd edilib ki, yaşayış məntəqələrinin bərpası üzrə tikinti işləri “ağıllı” şəhər və kənd konsepsiyasının istifadəsi ilə yerinə yetirilir. Qarabağ həm də “yaşıl” enerji zonası elan edilib. Alternativ enerjinin istifadəsi, sıfır tullantı konsepsiyasına xüsusi diqqət yetirilir. Bütün layihələr müasir texnologiyaların istifadəsi və ekoloji standartlarla icra olunur.

Göründüyü kimi, Qarabağa Böyük Qayıdışa hazırlıq sürətlənir. Görülən işlər, həyata keçirilən tədbirlər deməyə əsas verir ki, bu məqsədlə qəbul olunmuş proqram uğurla icra olunacaq, quruculuq-bərpa işləri tezliklə başa çatacaq, insanlarımız yurd həsrətinə son qoyaraq öz doğma torpaqlarında firavan yaşayacaqlar. “Bizim yarışacağımız əsas tərəf müqabili zamandır” söyləyən Prezident İlham Əliyev bildirib: “Planlaşdırdığımız məsələləri həll edəcəyik. Çünki yaxın tarix də göstərib, nəyi hədəfləmişiksə, ona da çatmışıq”

Bəli, işğaldan azad olunmuş ərazilərdə aparılan sürətli bərpa və quruculuq işləri bütün dünyaya bir daha göstərdi ki, bu torpaqların əsl sahibi kimdir. Həmçinin bir daha sübut olundu ki, təcavüzkar Ermənistandan fərqli olaraq Azərbaycan qurucu, yaradıcı olmaqla yanaşı, regionda, eləcə də bütün dünyada inkişaf, sülh, əməkdaşlıq, tərəqqi üçün var qüvvəsi ilə çalışan güclü dövlətdir.

Daha çox xəbərlər