Dünya üçün örnək model…
Gələn ildən Böyük Qayıdış üçün tələb olunan əsas layihələrə start veriləcək
2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev tərəfindən Ağdam şəhərində 11 müxtəlif təməlqoyma mərasimi keçirilib.
Bu gün Azərbaycan dövləti böyük bir meqalayihəni – Böyük Qayıdış proqramını heç bir dəstək olmadan, öz vəsaiti və gücü hesabına həyata keçirir. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında bildirib ki, artıq bu ilin sonuna qədər baza infrastrukturu ilə bağlı əsas layihələrimiz yekunlaşmaq üzrədir. Gələn ildən sosial təsisatlar – yəni həm şəhərin mərkəzi, həm də kəndləri ilə bağlı bərpa və yenidənqurma işlərinin, Böyük Qayıdışın baş verməsi üçün, tam mənalı həyatın azad olunmuş ərazilərə qayıtması üçün tələb olunan əsas layihələrə start veriləcək.
Hazırda əsas məsələlərdən biri azad olunmuş ərazilərdə turizmin inkişaf etdirilməsidir. Qarabağ öz zəngin təbiəti ilə Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətli bölgələrindən biridir. Qarabağın turizm potensialından istifadə etmək yalnız 3 əsas amil nəzərə alınmaqla mümkündür. Birincisi, ərazidə təhlükəsizliyin təmin edilməsi, ikincisi, infrastruktur yaradılması və üçüncüsü isə əhalinin geri qayıtması faktorudur. Ağdam və Füzulidə Zəfər və açıq hava altında işğal muzeyimiz olacaq. Hazırda Füzuli və Ağdam meşə parkının müfəssəl layihə planı hazırlanma mərhələsindədir. Azad olunmuş ərazilərdə bütün infrastrukturu təmin etməklə yanaşı, əhalinin qayıtması da təmin ediləcək. Bu qayıdış xarici turistlər arasında da regionun təhlükəsiz olması ilə bağlı böyük güvən hissi yaradacaq. Təbii ki, vətəndaşımızın qayıdışını təmin edəcək əsas amillərdən biri iş yerlərinin yaradılmasıdır. Təkcə Qarabağda 150 min iş yerinin yaradılmasını təmin edəcəyik.
Hadrut və Tuğun turizm potensialından istifadə ediləcək
Hazırda Azərbaycan hökuməti tərəfindən yerli və beynəlxalq ekspertlərlə Qarabağ bölgəsinin potensialı diqqətlə araşdırılır. Regionun investisiya və turizm potensialı təhlil edilir. Hazırda Qarabağın əsas turizm bölgələrindən birinə çevrilməsi üçün ardıcıl tədbirlərin həyata keçirilməsinə başlanılıb. Hadrut qəsəbəsinin və Tuğ kəndinin turizm potensialı çox genişdir. Ağdam və Füzuli ilə müqayisədə Xocavənd rayonu ciddi şəkildə dağılmayıb. Xocavənd rayonunun turizm potensialı geniş və çoxşaxəlidir. Dünyanın ən qədim insan məskənlərindən olan Azıx mağarası da bu rayonda yerləşir.
Xatırladaq ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər 30 ilə yaxın doğma yurdun həsrətini çəkən məcburi köçkün həmvətənlərimizin işğaldan azad edilmiş ərazilərdəki doğma yurd yerlərinə qayıtmasına imkan yaradıb. Köçkünlük həyatı yaşadıqları dövrdə onlar daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunublar. Bu sahədə ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin davam etdirdiyi strateji xətt məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin, məşğulluğunun təmin olunmasına istiqamətlənib və hazırda ardıcıllıqla həyata keçirilir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva da məcburi köçkünlərlə bağlı məsələlərə daim xüsusi həssaslıqla yanaşır, onların problemlərinin həllinə kömək göstərir.
Mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtdıqdan sonra üç il müddətində dövlətin onlar üçün müəyyən etdiyi sosial müdafiə tədbirlərindən yararlana biləcəklər.
Azad olunmuş ərazilərə Böyük Qayıdış üzrə strateji çərçivə
“2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış məqsədinin reallaşdırılması üçün əhalinin dayanıqlı məskunlaşması təmin olunacaq. Bu məsklunlaşma ərazilərdə planlaşdırılan zəruri ilkin şərtlərin yaradılması ilə dəstəklənəcək. İşğaldan azad edilmiş ərazilərin təhlükəsizlik sistemi və infrastrukturla tam şəkildə əhatəsinə nail olunacaq.
Qabaqcıl şəhərsalma qaydaları nəzərə alınmaqla bölgədə yaşayış və qeyri-yaşayış kompleksləri inşa ediləcək, müasir infrastruktura malik “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları həyata keçiriləcək. Bu əsasda bütün bölgə qabaqcıl standartlara uyğun sosial-iqtisadi və mədəni infrastrukturla tam təmin ediləcək. Kommunal xidmətlər şəbəkəsi, xüsusilə tullantıların səmərəli idarə edilməsi sistemi qurulacaq. Sosial xidmət infrastrukturu bərpa olunacaq. Nəticədə ilkin strateji mərhələdə əhalinin təhlükəsiz, ləyaqətli və dayanıqlı əsasda planlaşdırılan məskunlaşmasına nail olunacaq.

