Gündəm 

Müstəqil dövlət quruculuğu

Bu gün Lider sözü bir neçə təfsir almışdır: müsabiqədə ön sıralarda nəticə göstərən, həyatda müvəffəqiyyətli olan, bir qrup məşhur, dövlət başçısı olan və s.
Lakin, ilk növbədə, lideri öz məqsədlərini və məqsədlərini yerinə yetirmək üçün nəzarət etmək, motivasiyə etmək və özünü yönəltməyi öyrənmiş şəxsdir.
Belə bir sual meydana gəlir: Niyə insanların bəziləri lider ola bilir, bəziləri ola bilmir?!

Bəli, əslində istənilən şəxs lider ola bilməz çünki liderə məxsus olan xüsusi əlamətlər var: İtiağıllılıq, enerjilik, möhkəm iradə, təşkilatçılıq qabiliyyəti, səriştəlilik, məsuliyyətə cavabdehlik, uzaqgörənlik, natiqlik məharəti, nəzakətlilik, yumor hissi, zahiri görkəm və s. Bütün bunlar müasir lideri səciyyələndirən keyfiyyətlərdir.

Lider olmaq və proseslərin nəbzini öz barmaqları altında saxlamaq istəyi çoxlarında ola bilər. Lakin bu istəklə real lider olmaq arasında qət edilməsi əksər hallarda mümkün olmayan məsafə mövcuddur. Özlərinin müstəsna keyfiyyətləri sayəsində bu məsafəni qət etməyi bacaranlar liderə çevrilə bilirlər. Müasir dünyamızda insanları ən çox düşündürən suallardan biri də XXI əsrin siyasi liderinin hansı keyfiyyətlərə malik olması ilə bağlıdır. Hazırkı, olduqca mürəkkəb dövrümüzün insanı liderin ümumi keyfiyyətləri, siyasi portretinin ən incə məqamları haqqında kifayət qədər təsəvvürlərə malikdir. Lakin yaxın və uzaq dünyada gedən dinamik dəyişikliklər liderin obrazının yeni əlamətləri haqqında düşünməyi tələb edir. Çünki, müasir dövrün xüsusiyyətləri klassik liderlikdən bir çox cəhətlərinə, keyfiyyətlərinə görə ciddi fərqlənən yeni liderlik institutunun formalaşmasını şərtləndirir. Düşüncə tərzinə, davranış taktikasına və digər şəxsi keyfiyyətlərinə görə fərqlənən müasir lider lokal və qlobal səviyyədə dünyanı dəyişməyi bacaran lider.

Lakin, yaxın və uzaq siyasi, iqtisadi, mədəni arealda cərəyan edən proseslərin dərindən təhlili az sayda olsa da, belə liderlərin varlığını müəyyənləşdirməyə imkan verir. Həm klassik liderlik konsepsiyası, həm də müasir liderə münasibətdə irəli sürülən və ya təbii olaraq meydana çıxan tələblər prizmasından yanaşmaqla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının əsl liderin bütün cizgilərini özünün mənəvi və siyasi simasında təcəssüm etdirdiyini asanlıqla görmək olar. İlham Əliyevin siyasi portretinin ən səciyyəvi xüsusiyyəti öz ifadəsini onun patriot və qurucu lider olmasında tapır. İnsan bir qayda olaraq müəyyən həyat fəaliyyəti sahəsində ümumi məqsədlərə çatılması istiqamətində məsuliyyəti öz üzərinə götürməklə, ətrafdakıların onu lider kimi qəbul etməsini şərtləndirir. Bu baxımdan, əksər hallarda liderlik konkret fəaliyyət sahəsinin çərçivəsinə sığdırılmaqla onun miqyasının hüdudları göstərilir.

Prezident İlham Əliyevin liderliyinin miqyasının sərhədlərini isə müəyyənləşdirmək qeyri-mümkündür. Prezident İlham Əliyev dünyadakı çox nadir liderlərdəndir ki, onun siyasi portreti çərçivəsinə mənəvi, siyasi, hərbi lider obrazlarını yerləşdirmək mümkündür. Bu, ondan xəbər verir ki, İlham Əliyevin hərtərəfli potensialı ona həyat fəaliyyətinin bütün sahələrində məsuliyyəti öz üzərinə götürmək imkanı verir. O, bütövlükdə dövlətin məsuliyyətini daşıyır və qlobal məsələlərlə bağlı ciddi təsir imkanlarının mövcudluğunu ortaya qoyur. Müasir dünya dövlətlərinin böyük əksəriyyətinin təcrübəsi göstərir ki, ölkə rəhbəri olmaq hələ lider olmaq demək deyildir. Çünki, bir çox hallarda dövlət başçısı öz ölkəsinin məsuliyyətini ya ümumiyyətlə daşıya bilmir, ya da qismən daşıya bilir. Belə siyasi subyektlərin qlobal proseslərə təsir imkanlarından isə ümumiyyətlə, danışmaq üçün əsas olmur.

Qloballaşmanın insanın həyat fəaliyyətinin bütün sahələrinə sürətlə nüfuz etdiyi və dünya xalqlarının və dövlətlərinin qarşılıqlı asılılığının gücləndiyi hazırkı dövrümüzdə siyasi liderin keyfiyyətini ifadə edən əsas məqam onun həm öz dövlətnin məsuliyyətini tam daşımaq, həm də qlobal məsələlərdə fəallıq nümayiş etdirmək bacarığı ilə bağlıdır.

Prezident İlham Əliyev heç bir halda dövlətinin milli maraqları məsələsində güzəştə getməməklə, ölkəsinin məsuliyyətinin mahiyyətini dəqiqliklə dərk etdiyini və bu məsuliyyəti ləyaqətlə daşımağı özünün həyat kredosu kimi müəyyənləşdirdiyini sübut edir. Siyasi lider kimi İlham Əliyevin siyasi portretinin ən qabarıq və vacib cizgilərindən biri də ondan ibarətdir ki, o, özünün bütün istiqamətlərdəki fəaliyyətində sistemliliyi gözləyir. Bu, İlham Əliyevi digər xalqların liderlərindən fərqləndirən əsas cəhətlərdəndir. Azərbaycan Respublikasında qarşıda duran ümummilli məqsədlərə səmərəli çatılmasını şərtləndirən də məhz ölkə rəhbərinin bu keyfiyyətidir.

O, yeni əsrin yeni lideri olaraq Azərbaycanı mətinliklə, inamla irəli aparır. Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərin hər günü bu dövlətə, bu cəmiyyətə qazandırdığı nailiyyətlərlə mahiyyətcə əsrə bərabərdir. Onun hakimiyyət dövrü Azərbaycanın dinamik inkişaf, sürətli modernləşmə mənzərəsidir. Dövlətimizin rəhbəri kifayət qədər gərgin və mürəkkəb coğrafiyada, geopolitik güclərin maraqlarının toqquşma nöqtəsində yerləşən, müstəqilliyini yenicə əldə etmiş kiçik bir ölkəni öz qətiyyətinin, diplomatiyasının gücü ilə bütün dünyada böyük nüfuz və söz sahibinə çevirə bilib.

Beynəlxalq güclər Prezident İlham Əliyevin mövqeyi ilə hesablaşırlar. Fərqindədirlər ki, hər hansısa təzyiq üsulları ilə onu Azərbaycanın milli maraqlarından çəkindirmək əsla mümkün deyil. İlham Əliyev ölkəmizin milli mənafelərini hər zaman, hər yerdə, bütün səviyyələrdə qətiyyətlə qoruyur, müstəqil xarici siyasət yürüdür. Bütün məsələlərlə bağlı Azərbaycan Prezidentinin öz fikri, öz sözü, öz mövqeyi var! Bu, eyni zamanda Azərbaycan xalqının fikridir, sözüdür, mövqeyidir! Bütün qərarlarında o, xalqın rəyini ifadə edir, vətəndaşlarımızın dəstəyinə güvənir.

Bu gün dünya Azərbaycanı tam yeni obrazda qəbul etməkdədir. O, öz ardıcıl, məqsədyönlü və sistemli fəaliyyəti ilə sübut etdi ki, Azərbaycan demokratik ideallara sadiq, dünyanın bütün ölkələri ilə konstruktiv əməkdaşlığa açıq ölkədir. İlham Əliyev dünyada cərəyan edən proseslərdə ciddi fəallıq nümayiş etdirərək Azərbaycanı bu proseslərin təsirli iştirakçısına çevirmişdir. Təsadüfi deyildir ki, bu gün Avropanın enerji təhlükəsizliyi problemindən bəhs edilərkən ilk yada düşən məhz Azərbaycan Respublikası olur. Regionda həyata keçirilən nəhəng enerji layihələrinin əsas iştirakçısı olmaqla Azərbaycan beynəlxalq enerji təhlükəsizliyinin əvəzolunmaz subyektinə çevrilmişdir. Bu prosesdə liderin həlledici rolu danılmazdır.

Belə ki, bütün beynəlxalq əməkdaşlıq sahələrində Azərbaycanın etibarlı tərəfdaş kimi tanınması İlham Əliyevin qətiyyəti, çevik davranışları, müdrik siyasi manevr etmə qabiliyyəti sayəsində mümkün olmuşdur.

Son dövrlərdə Azərbaycan ən mötəbər beynəlxalq tədbirlərə nəinki uğurlu ev sahibliyi etmişdir, həmçinin, belə tədbirlərin ən yüksək səviyyədə və təhlükəsizlik şəraitində həyata keçirilməsinin yeni standartlarını yaratmışdır.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Vətən savaşında qazandığı qələbə yeni bir reallıq yaratdı. Tariximizdə tamam başqa bir səhifə açdı, tarixin axarında böyük dönüş nöqtəsinə çevrildi. Azərbaycan Prezidenti tək 30 illik problemi həll etmədi, iki əsrin münaqişəsinə son qoydu! İki keşməkeşli yüzillik boyu bağrımızın başında qövr edən, əcdadlarımızdan üzübəri bu yurdun insanına rahatlıq verməyən yaranı kəsib atdı!

Amma bu da Ali Baş Komandanımızın, Ordumuzun qazandığı parlaq Zəfərin tarixi mahiyyətini tam əhatə etmir. Azərbaycan düz beş əsrdən sonra ilk dəfədir öz torpaqlarını geri qaytara bildi!

İlham Əliyevin xalqımıza bəxş etdiyi bu tarixi qələbə mahiyyət etibarilə Şah İsmayılın qurduğu mərkəzçi dövlətlə, müsəlman Şərqinin ilk demokratik cümhuriyyəti faktı ilə, Heydər Əliyevin uğurla həyata keçirdiyi müstəqil dövlət quruculuğu ilə bir sırada dayanan tarixi nailiyyətdir!

Cənab İlham Əliyev adi bir düşmənə qalib gəlmədi. O, arxasında böyük imperiyaların, dünyanı lərzəyə salan fövqəlgüclərin dayandığı və geopolitik maraqlarını həyata keçirmək üçün onların əlində maşa rolunu oynayan, mənəviyyatsızlığı, həyasızlığı sərhəd tanımayan, comərdlik nədir bilməyən son dərəcə rəzil bir düşmənə zəfər çaldı.

İlham Əliyevin bu qələbəsi Azərbaycan tarixindəki böyük gözləntiləri reallığa çevirməklə möhtəşəmliyinə görə dünya siyasətində, dünya sərkərdəliyində, dünya hərb tarixində özünə daim parlaq yer tutacaq. Çünki bu, ən incə detalına qədər düşünülmüş, hər bir məqamı böyük strateq səbri, müdrikliyi, əzmi və qətiyyəti ilə nəzərə alınmış bir döyüşün zəfəridir.

Azərbaycan indi tamamilə yeni dövrə qədəm qoyur. Bu dövrün adı inkişafdır, sosial rifahdır, milli barış və vəhdətdir. Hər bir vətəndaşa həssas münasibətdir, hər bir insana bərabər imkanlar mühitinin yaradılmasıdır… Vətəndaşların həllini arzu etdikləri problemlərin aradan qaldırılmasıdır, dövlətin insanlara ən doğma adamları qədər əlçatan olmasıdır..

Prezident İlham Əliyev yeni əsrin yeni lideri olaraq Azərbaycanı mətinliklə, inamla irəli aparır!

Aytac Əkbərzdə,
Heydər Əliyev adına liseyin İnformatika müəllimi

Daha çox xəbərlər