Gündəm 

Müstəqil Azərbaycan dövlətçiliyinin yeni epoxası formalaşır

Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin  və çoxşaxəli  irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır.

Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə ulu öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir. Müasir Azərbaycan tarixinin bütöv bir epoxası, önəmli bir mərhələsi ulu öndərimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ümummilli liderin 34 illik rəhbərliyi dövrü Azərbaycan tarixinin ən yüksək inkişaf mərhələsi olmuşdur. Müstəqil ölkəmizin bugünkü uğurları Heydər Əliyev strategiyasının təntənəsidir. Azərbaycan bu gün hərtərəfli və  dinamik inkişaf yolundadır, həyatımızın bütün sahələrində yüksəliş, tərəqqi var. İqtisadi artım tempinə görə respublikamız son illər bütün dünyada lider mövqeyə yüksəlib.

Biz bu gün onun yaratdığı fundamental təməl üzərində ucalır, dünyanın inkişaf etmiş ölkələri sırasına çıxırıq. Ümummilli  liderimiz Heydər Əliyevin xalqımız qarşısında ən böyük və tarixi xidmətlərindən biri də ondan ibarətdir ki, o, sürətli inkişaf yoluna qədəm qoymuş Azərbaycanı cəsarətlə idarə etməyə qadir olan layiqli davamçısını yetişdirmişdir.  Belə ki, ölkə Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü daxili və xarici siyasət nəticəsində demokratik inkişaf və tərəqqi, sağlam vətəndaş cəmiyyətinin yaradılması, hüquqi dövlətin formalaşması prosesləri dönməz xarakter almış və görülmüş, eləcə də görüləcək bütün nəhəng və qlobal işlər ancaq bir məqsədə – Azərbaycanın dövlət müstəqilliyinin daha da gücləndirilməsinə xidmət etməklə, ulu öndərin təbirincə desək, onun suverenliyini sözün əsl mənasında, əbədi və daimi etmişdir.

Yüksək təfəkkür, zəngin dövlətçilik və idarəçilik təcrübəsi qazanmış, müasir düşüncəli, praqmatik lider İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inamla irəliləyir.  Bu gün Ali Baş Komandan, bizə qələbə sevinci yaşadan cənab Prezident zəngin dövlətçilik məktəbindən dərs alan  biri kimi qəbul edilir.  Sevindirici haldır ki, ümummilli liderimizin siyasi xətti bu gün Prezident İlham Əliyev tərəfindən qloballaşan dünyanın  tələbinə uyğun olaraq yeni məzmun və keyfiyyətdə uğurla davam etdirilir.

Prezident cənab İlham Əliyevin çoxcəhətli, məqsədyönlü və yorulmaz fəaliyyəti, dövlətçilik işinə çoxaspektli düşünülmüş yanaşmaları, analitik təfəkkürü, müdrik siyasəti, dərin düşüncəsi ilə müstəqil  Azərbaycan dövlətçiliyinin yeni epoxası formalaşır. Artıq hər kəsə yaxşı məlumdur ki, milli mənafenin, dövlətçilik maraqlarının daim üstün tutulması Prezident İlham Əliyev siyasətinin təməl prinsipidir. Dövlət başçısı İlham Əliyevin siyasətində ən müxtəlif mövqelərdən, fərqli bucaqlardan ifadə olunan siyasi yanaşmaların hamısı azərbaycançılıq fəlsəfəsində, Azərbaycanın hərtərəfli inkişafı naminə aparılan qlobal işlərdə tamamlanır. Yeni tarixi mərhələdə də azərbaycançılıq bu böyük və müdrik siyasətin nüvəsini təşkil edir.

Ölkəmizin rəhbəri İlham Əliyev XXI əsrdə müstəqil Azərbaycanın yeni siyasətini müəyyən edən, təzə istiqamətlər açan, yol göstərən, bələdçilik funksiyasını həyata keçirən görkəmli dövlət xadimidir. Bacarıqlı dövlət başçısında bu tip yüksək siyasətçi məharətinin, qəti və aydın mövqeyinin olması müstəqil  dövlətin inkişafının və xalqın xoşbəxt həyatının böyük təminatıdır.

Bu mənada yeni tarixi epoxada məhz İlham Əliyev kimi böyük siyasətlə yüksək idarəçiliyi, qətiyyət  və geniş elmi dünyagörüşünü özündə cəmləşdirən görkəmli bir dövlət xadiminin və böyük siyasətçinin  Azərbaycana rəhbərlik etməsi ölkənin və xalqın tarixi şansıdır.

Yeganə  Məhərrəmova,
Bakı şəhəri, Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin direktoru

Daha çox xəbərlər