Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına tarixi müraciəti
Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyəti, Azərbaycan xalqının çətin zamanlarında şəraiti düzgün qiymətləndirərək dövləti bu qarışıq vəziyyətdən xilası daim qeyd olunur. Xüsusən, ölkə müstəqillik qazandıqdan sonra yaranmış siyasi gərginliyi aradan qaldırmaq üçün təcrübəli, Vətənini sevən liderə ehtiyac duyulurdu. Ömrünün 60 ilini xalqına xidmət edən və böyük siyasi təcrübəyə sahib Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin belə çətin dövrdə hakimiyyətə qayıdışı dövləti yenidən gücləndirməyə başladı.
Ulu Öndər Heydər Əliyevin tarix boyü xalqa bir çox mühüm, əhəmiyyətli müraciətləri olmuşdur. Onlardan sonuncusu 1 oktyabr 2003-cü ildə etdiyi çıxışıdır. Bu tarixi müraciət Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərliyinin 34, müstəqil Azərbaycan dövlətinə Prezidentliyinin tamamının10 ilində baş tutmuşdu. Müraciətin mahiyyəti Azərbaycanın çətin anında hakimiyyətə gələrək onu həmin gərginlikdən xilas edən, bu stabilliyin davamlı olması üçün tövsiyyələrini əsirgəməyən liderin düşüncələri idi.
Müraciətində Ulu Öndər azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, onun rəhbəri, Prezident kimi xalqa sonsuz sevgisini dilə gətirmiş, fəaliyyəti boyu mənəvi gücünü, iradəsini xalqdan aldığını bildirmişdir. Onun ən böyük amalı çətin günlərdə belə, xalqın iradəsinə, gücünə arxalanaraq dövlətçiliyi, ölkənin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur.
Azərbaycan xalqının Ümummilli Lideri siyasi fəaliyyətinin on ilini müstəqil Azərbaycana xidmət etdiyini bildirərək dünya ölkələri arasında artan nüfuzundan söz açmışdır. Lakin hələ də görüləcək mühüm işlərin, perspektivli planların olduğunu vurğulayan Heydər Əliyev prezidentliyə namizədliyini siyasi kursunun davamçısı İlham Əliyevin xeyrinə geri götürdüyünü qeyd etdi. Heydər Əliyev xalqa müraciətində bildirmişdir: “Üzümü Sizə — həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər”.
Xalq Ulu Öndərin bu tarixi müraciətinin əhəmiyyətini müasir Azərbaycanın artan iqtisadi, siyasi yüksəlişilə bir daha görür. Bir sıra siyasi hadisələr, xüsusən, Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin tutduğu siyasi yol onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bahar Məmmədova,
Bakı şəhəri, Xətai rayon İlqar Mirzəyev adına 98 №li tam orta məktəbin Təlim Tərbiyə İşləri üzrə direktor müavini,
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilat sədri

