Gündəm 

Qardaşlığımız sözdə deyil, əməldədir

Azərbaycan-Türkiyə-Pakistan birliyi Avrasiyada yeni aparıcı güc mərkəzinin formalaşmasını şərtləndirir

Oktyabrın 12-də Qazaxıstana işgüzar səfəri çərçivəsində Prezident İlham Əliyevin paytaxt Astanada Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşündə iki dost ölkə arasında əlaqələrin yüksələn xətlə inkişaf etməsi ilə bağlı məmnunluq ifadə olunub.

Dövlətimizin başçısı Özbəkistanın Səmərqənd şəhərindəki görüşdən bir ay sonra Astanada keçirilən bu səmimi söhbətin ölkələrimiz arasında əlaqələrin dinamikliyini bir daha göstərdiyini qeyd edib. Görüş əsnasında Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli əməkdaşlığının önəmi vurğulanıb və bu çərçivədə əlaqələrin daha da genişləndirilməsi barədə danışılıb.

Son vaxtlar Azərbaycan-Türkiyə-Pakistan birliyi hərbi-texniki, ticarət, enerji, kənd təsərrüfatı, nəqliyyat-logistika sahələrində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində müzakirələr aparır. Azərbaycan dost ölkələrlə bütün səviyyələrdə əlaqələrini daha da gücləndirir. Hər üç ölkə çoxtərəfli münasibətlərin inkişafını strateji prioritet kimi müəyyənləşdirib. Bu ölkələr arasında çoxvektorlu münasibətlər praqmatik xarakter və qlobal önəm daşıyır. Xüsusilə də qarşılıqlı etimad mühiti münasibətlərin inkişafına xidmət edən strateji amil kimi çıxış edir. İkinci Qarabağ müharibəsində Türkiyə və Pakistan Azərbaycanın haqlı mübarizəsinə qətiyyətli dəstək nümayiş etdiriblər. Bu siyasi və mənəvi dəstək əsl qardaşlıq nümunəsidir.

2020-ci ilin iyul ayının 27-də Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin birinci üçtərəfli görüşünün yekunlarına dair Bakı Bəyannaməsinin imzalanması da bu kontekstdə xüsusi vurğulanmalıdır. Bu addım tarixi-mənəvi və siyasi-strateji baxımdan olduqca mühüm əhəmiyyətə malikdir, eləcə də dost, qardaş və strateji tərəfdaş olan üç ölkə arasında çoxşaxəli münasibətlərin yeni mərhələdə daha da möhkəmləndirilməsinə xidmət edən, tərəflər üçün yeni perspektivlər yaradan strateji amildir. Tərəflər arasında parlamentlərarası üçtərəfli əməkdaşlıq formatının təsis edilməsi, eyni zamanda, əməkdaşlığın dərinləşdirilməsi, inteqrasiyanın intensivləşdirilməsi prosesinə vacib töhfədir. Buraya hərbi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi də daxildir. Bu baxımdan Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən “Üç Qardaş” beynəlxalq təlimləri dostluq, qardaşlıq və hərbi-siyasi tərəfdaşlıq münasibətlərinin bariz nümunəsi kimi qiymətləndirilməlidir.

44 günlük İkinci Qarabağ müharibəsi dövründə yadda qalan məqamlardan biri də ölkə boyu hər yerdə – küçələrdə, binalarda, müxtəlif tədbirlərdə Azərbaycan və Türkiyə bayraqları ilə yanaşı, üçüncü dövlətin – Pakistan bayrağının qaldırılması oldu. 2021-ci il iyun ayının 21-də Pakistanın Quru Qoşunlarının komandanı, ordu generalı Qamar Caved Bacva ölkəmizə səfəri zamanı Prezident İlham Əliyevlə görüşərkən deyib ki, Azərbaycanın Qarabağ müharibəsində Qələbəsi və öz ərazi bütövlüyünü bərpa etməsi hər bir müsəlman, hər bir pakistanlı üçün möhtəşəm hadisədir. Həmin görüşdə Prezident Əliyev “Pakistanın və Azərbaycanın iki qardaş ölkə” olduğunu və İslamabadın Bakıya verdiyi dəstəyi qeyd edib: “Biz, xüsusilə İkinci Qarabağ müharibəsində Pakistanın Azərbaycana göstərdiyi çox fəal dəstək mövqeyinə görə minnətdarıq.”

Pakistan 1990-cı illərin əvvəllərində Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlətdir. Pakistan, həmçinin Azərbaycan ərazisini işğal etməsi faktına görə uzun illər Ermənistanı tanımayıb və onunla diplomatik əlaqələr qurmayıb. Digər belə ölkə isə Türkiyədir. Pakistan, öz növbəsində, Azərbaycan müstəqilliyini elan edən ilk gündən onun ərazi bütövlüyünü dəstəkləyib və hazırda ölkəmizlə hərbi əlaqələri genişləndirməyə çalışır. Azərbaycan üçün Pakistanın siyasi dəstəyi vacibdir. Pakistanın əhalisi 250 milyondur və İndoneziyadan sonra ən çox əhalisi olan ikinci müsəlman dövlətidir. Pakistanla sıx müttəfiqlik əlaqələri Bakı üçün ilk növbədə İslamabadın verdiyi etibarlı siyasi dəstək anlamında qiymətlidir.

İki ölkə arasında mövcud əlaqələrin yüksək səviyyədə olduğu qeyd olunur. Vətən müharibəsi dövründə Pakistanın sərgilədiyi prinsipial mövqeyi, ölkəmizin haqq işinə verdiyi siyasi-mənəvi dəstəyi Azərbaycan xalqı daim yüksək qiymətləndirir. Azərbaycan tərəfi işğaldan azad edilmiş ərazilərində aparılan genişmiqyaslı yenidənqurma və bərpa işlərində Pakistan şirkətlərini də görmək istədiyini bildirib.

Azərbaycan-Pakistan iqtisadi əlaqələri də sürətlə inkişaf etməkdədir. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-avqust aylarında isə iki ölkənin ticarət dövriyyəsinin dəyəri 16 milyon 172 min ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.3 dəfə çoxdur. Hazırda Azərbaycanda 2 mindən çox Pakistan şirkəti var.

Bütövlükdə Türkiyə, Pakistan və Azərbaycanın strateji müttəfiqliyi Avrasiyada yeni aparıcı güc mərkəzinin formalaşmasını şərtləndirir. Bu yeni güc mərkəzinin fəaliyyəti, heç şübhəsiz, rifah və inkişaf vəd edir, regional və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsinə, təhlükəsizliyin təmin olunmasına xidmət edir.

Daha çox xəbərlər