Tarixin qızıl səhifəsi
Heç şübhəsiz, müstəqil Azərbaycanın qazandığı bütün uğurların memarı, banisi ümummilli lider Heydər Əliyevdir. Məhz Ulu Öndərin Prezidentlik dövrü Azərbaycan xalqının taleyində mühüm rol oynamış bir dövr kimi tarixə qızıl hərflərlə yazılıb. Həmin illərdə Azərbaycan bir çox xalqların bir neçə əsr ərzində çatdığı zirvələri qısa müddətdə fəth etməyi bacardı. Ölkə daxilində sabitlik bərqərar oldu, beynəlxalq təşkilatlarla əməkdaşlığın əsası qoyuldu. Nəticə etibarı ilə Azərbaycanın çoxşaxəli inkişaf xətti müəyyən edildi və bununla da dövlətimiz qısa zaman kəsiyində böyük tarixi uğurlara imza atdı.
Ulu Öndər tərəfindən müəyyən edilən çoxvektorlu siyasət kursunu bu gün Onun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev uğurla davam etdirməkdədir. Düz 19 il bundan əvvəl demokratik qaydada keçirilən prezident seçkilərində Azərbaycan xalqı öz seçimini etdi – azad, ədalətli və şəffaf şəkildə keçirilən seçkilərdə İlham Əliyev ümumi seçicilərin 2 milyon 438 min 787 nəfərin səsini qazanaraq, yəni 76.84% faizdən çox səs toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu tarix həm də ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan uğurlu daxili və xarici siyasət strategiyasının yeni, müasir formada davam etdirilməsinin başlandığı şərəfli, eyni zamanda, qürurlu bir andır. Azərbaycan xalqı etdiyi bu seçimdən əmin idi. 2 milyon 438 min 787 nəfərin əminliyi bu gün bütün sahələrdə özünü aydın şəkildə göstərir. İlham Əliyevin qazandığı uğurlar dünya dövlətləri tərəfindən ən ali, yüksək mükafatlara layiq görülür, müasir Azərbaycan modeli dünyada nümunəyə çevrilib.
Məlum olduğu kimi, dünyada baş verən geosiyasi proseslər sözün bütün mənalarında bütün dövlətlər üçün əsl sınağa çevrilib. İstər hərb, istərsə də diplomatik cəhbədə gedən müharibə və münaqişələr, qarşıdurmalar – hazırda cərəyan edənlər sanki ölkələr üçün olum ya ölüm məsələsidir. Başqa sözlə, yenidən formalaşmaqda olan yeni geosiyasi vəziyyət, təhdidlər, təzyiqlər fonunda müstəqilliyi, stabilliyi qoruyub saxlamaq heç də asan deyil. Əksinə, bəlkə də dünya tarixinin ən çətin dönəmidir. Hazırkı durum meydanda yalnız və yalnız düzgün, dəqiq və təmkinli davranmağı tələb edir. Bunun üçün isə fenomenal xüsusiyyətlərə malik məqsədyönlü, uzaqgörən lider tərəfindən düzgün strategiyanın yürüdülməsi əsas şərtdir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan belə bir çətin proseslərin getdiyi bir vaxtda öz inkişaf dinamikasını, sabitliyini qoruyub saxlamağı bacarır.
İlham Əliyev siyasətinin uğurları kifayət qədərdir – ölkəmizdə bütün sahələr inkişaf etdirilir, uğurlu kadr islahatları aparılır. Bununla bərabər beynəlxalq arenada da ölkəmiz böyük nüfuza sahibdir. 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması isə İlham Əliyev siyasətinin zirvəsi hesab olunur. Müharibənin başlandığı ilk günlərdən dövlət başçımız bütün yükü öz üzərinə götürdü. Ali Baş Komandan olaraq verdiyi tapşırıqlar, xaricdən gələn təhdidlərin sərrastlıqla qarşısının alınması, qərəzli sualların cavablandırılması. Özü də qeyd edilən bütün məqamlar uğurlu fəaliyyətin yalnız bizə görünən tərəfidir. Görülən işlər isə yalnız bir nəticəni hasil edə bilərdi – qələbə. Elə də oldu. Azərbaycan cəmi 44 gün ərzində 30 illik işğala son qoydu – torpaqlarını işğaldan azad etdi. Bu gün isə Azərbaycan üçün yeni dövr başlayıb – quruculuq dövrü. Hazırda işğaldan azad edilmiş ərazilərdə dövlət başçımızın rəhbərliyi altında yüksək səviyyəli abadlıq-bərpa-quruculuq işləri aparılır. Sevindirici haldır ki, Azərbaycan xalqı demək olar ki, hər gün hansısa tikinti işinin, layihənin başa çatmasına şahidlik edir. Bu gün Azərbaycan bütün dünya dövlətlərinin etibarlı tərəfdaşına çevrilib. Əminliklə deyə bilərik ki, qarşıda bizi daha böyük uğurlar, nailiyyətlər gözləyir.
Aydan Dilqəmli,
YAP Xətai rayon təşkilatının fəalı

