Gündəm 

Son 19 ilin uğurları

Prezident İlham Əliyevin xalqın mütləq əksəriyyətinin səsini qazanmaqla müstəqil Azərbaycan dövlətinin başçısı seçildiyi 2003-cü ilin 15 oktyabr tarixindən 19 il ötür. İlham Əliyevin keçdiyi həyat yolu, ictimai-siyasi proseslərdə fəal iştirakı, idarəetmədə qazandığı təcrübə, intellektual səviyyəsi və müasir dövrün siyasi xadimləri üçün xarakterik olan bütün yüksək keyfiyyətləri mənimsəməsi 2003-cü il oktyabrın 15-də Azərbaycanda keçirilən prezident seçkilərində onun şəksiz qələbəsini təmin etdi. Bu taleyüklü seçkilər ərəfəsində xalq Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısını özünün şəriksiz lideri kimi görürdü. Azərbaycan seçiciləri İlham Əliyevin diplomatik məharətinə onun Milli Məclisin deputatı kimi Avropa Şurasının Parlament Assambleyasındakı (AŞPA) daimi nümayəndə heyətimizin başçısı olarkən əldə etdiyi uğurlardan yaxşı bələd idilər. AŞPA münaqişə tarixində ilk dəfə olaraq Ermənistanı işğalçı dövlət kimi tanıyan rəsmi sənəd qəbul etdi. İlham Əliyev həm ARDNŞ-in birinci vitse-prezidenti, həm Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti, həm də Azərbaycan Respublikasının Baş naziri vəzifələrində mükəmməl bir idarəçilik təcrübəsi qazanıb. İlham Əliyevin 1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə isə sədrin 1-ci müavini seçilməsindən sonra siyasi həyatda nümayiş etdirdiyi fəallıq gələcək Prezidentin özünəməxsus liderlik keyfiyyətlərini də ortaya qoydu. Beləliklə, öz diplomatik uğurları, xarizmatik keyfiyyətləri, idarəetmə məharəti və iqtisadi proseslərə dərindən bələd olması ilə xalqın liderinə çevrilməsi İlham Əliyevin 2003-cü ilin oktyabrındakı qələbəsini şərtləndirən mühüm amillər idi. Xalq bu reallıqları düzgün qiymətləndirməyi bacardı.

Seçki ərəfəsində İlham Əliyev haqqında Ulu öndər Heydər Əliyevin söylədiyi belə bir fikir də xalqın qəlbinə hakim kəsilmişdi: “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bu gün Azərbaycanın dünya miqyaslı uğurlar qazanması Ulu Öndərimizin həmin ümidlərinin doğrulması deməkdir.

“Əsl siyasət konkret, real iş görməkdən ibarətdir” deyərək ictimai fəaliyyətə başlayan cənab İlham Əliyevin hələ 2003-cü ildə söylədiyi “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam, hər bir Azərbaycan vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün bacarıq və qabiliyyətimi əsirgəməyəcəyəm” fikirləri ilə real məzmun kəsb etməyə başladı.

Prezident İlham Əliyev 2003-cü il oktyabrın 31-də dövlət başçısı kimi ilk dəfə and içdi və həmin gündən başlayaraq ölkədə mükəmməl bir sosial-iqtisadi inkişafa start verildi. Prezidentliyinin ilk 5 ili ərzində İlham Əliyevin dövlətçiliyimiz tarixində yeni missiyasının həll etməli olduğu vəzifələrə Azərbaycanda bir çadır şəhərçiyinin belə qalmayacağı, məcburi köçkünlərin sosial müdafiəsinin təşkilinin əsas məsələ olacağı, yoxsulluğun aradan qaldırılması üçün daha səmərəli tədbirlər görüləcəyi, regionların iqtisadi inkişafı və aqrar islahatların ikinci mərhələsi ilə bağlı dövlət proqramları hazırlanacağı, sahibkarlığa dövlət qayğısının artıralacağı, transmilli layihələr çərçivəsində ölkənin yeni infrastrukturunun yaradılmasına nail olunacağı və s. daxil idi. İlham Əliyevin prezidentlik fəaliyyətinin qeyd edilən dövrü ərzində sadalanan bütün istiqamətlər üzrə nəzərəçarpacaq nailiyyətlər əldə olundu. 610 min yeni iş yerinin açılması, neft gəlirlərindən istifadə olunmaqla qeyri-neft sektorunun inkişaf etdirilməsi, sahibkarlığın inkişafına əlverişli şəraitin yaradılması, hər bir azərbaycanlı ailəsi üçün rifahın və təhlükəsizliyin təmin edilməsi, dövlət strukturlarının işinin səmərəli, dünya standartlarına uyğun şəkildə qurulması, milli birliyin və həmrəyliyin möhkəmləndirilməsi, beynəlxalq standartlara cavab verən demokratik parlament seçkilərinin keçirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsiplərinə uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə imkan verən müstəqil xarici siyasət kursunun yeridilməsi, Avropa və dünya strukturlarına inteqrasiyanın davam etdirilməsi həmin siyasətin real göstəriciləri hesab oluna bilər. Bütün bu uğurlar sonrakı vaxtlarda – 2008, 2013 və 2018-ci illərin prezident seçkilərində də onun xalqın yekdil iradəsi ilə dövlətimizin başçısı seçilməsini şərtləndirən əsas amillər oldu.

Məhz diplomatik məharəti hesabına Prezident İlham Əliyevin son 19 il ərzində ölkəmizin və eləcə də Avropanın enerji təhlükəsizliyinin təminatı istiqamətində atdığı çoxkombinasiyalı siyasi gedişləri heyranlıq doğurur. 2017-ci il sentyabrın 14-də beynəlxalq ictimaiyyət Azərbaycanın enerji təhlükəsizliyi sahəsində yeni və tarixi bir səhifə yazdığına şahidlik etdi. Həmin gün Azərbaycanın unikal enerji strategiyasının memarı olan Heydər Əliyevin adını daşıyan mərkəzdə “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni sazişin imzalanması ilə bu yataqların işlənilməsi 2050-ci ilə qədər uzadıldı.

Son 19 il ərzində Prezident İlham Əliyev ölkəmizi uca zirvələrə yüksəltməkdədir. 27 sentyabr 2020-ci ildə başlanan 44 günlük Vətən müharibəsində müzəffər Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirmişdir. 8 noyabrda Qarabağın incisi Şuşanın müasir hərb elminin ən nadir və unikal əməliyyatlarından birinin həyata keçirilməsi nəticəsində azad olunması düşmənin müqavimət potensialını heçə endirdi. Nəticədə 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanması ilə Ermənistanın uzun illər davam edən işğalına son qoyuldu. Noyabr ayının 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabr ayının 1-də isə Laçın rayonu bir güllə belə atılmadan, bir nəfər şəhid belə vermədən işğaldan azad olundu.

Prezident İlham Əliyev böyük uzaqgörənlik nümayiş etdirərək ordu quruculuğu məsələlərini prioritet sahə kimi müəyyən etmiş və bu istiqamətdə möhtəşəm addımların atılmasını təmin etmişdir.

Ordumuzda döyüş ruhu və hərbi-vətənpərvərlik hissinin ən yüksək səviyyəsi təmin edilmişdir. Ordumuz Vətən qarşısında xilaskarlıq missiyasını həyata keçirdiyindən güclü motivasiyaya malik olduğu halda, düşmən ordusu öz işğalçı mahiyyəti səbəbindən bütün bunlardan məhrumdur.

Cənab Prezident İlham Əliyev Azərbaycanın perspektiv inkişafı üçün qarşıda duran strateji hədəfləri inamla gerçəkləşdirmək, ölkəmizi yaxın illərdə ən müasir və inkişaf etmiş dövlətə çevirmək istiqamətində əzmlə, yorulmadan, qətiyyətlə çalışır.

Cavid Mehdizadə,
YAP Xətai rayon təşkilatının fəalı

Daha çox xəbərlər