Narkomaniya ümumbəşəri bəladır
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planına uyğun olaraq yerli təhsil orqanları və təhsil müəssisələri tərəfindən yerlərdə narkomaniyaya qarşı mübarizə və antinarkotik tərbiyə sahəsində təbliğat və maarifləndirmə işləri 2022-ci il ərzində də davam etdirilmişdi. Bu məqsədlə şagird və tələbələr arasında təşviqat xarakterli görüşlər, seminar və konfranslar, “dəyirmi masa”lar, müsabiqələr, idman və intellektual oyunlar təşkil edilmişdir.
İl ərzində təhsil müəssisələri tərəfindən narkomaniyaya qarşı mübarizə sahəsində maarifləndirmə işləri aparılmış, bu məqsədlə şagird və tələbələr arasında “Narkomaniyaya “yox” deyək!” mövzusunda görüşlər, “dəyirmi masa”lar təşkil edilmiş, tədbirlərə hüquq-mühafizə orqanlarının nümayəndələri və səhiyyə işçiləri dəvət olunmuşlar. Eyni zamanda, “Narkotik maddələrin ziyanı”, “Narkomaniyanın fəsadları” barədə uşaqlara və gənclərə, valideynlərə və təhsil işçilərinə məlumatlar verilmiş, bu mövzuda hazırlanmış çap materialları, bukletlər paylanılmışdır. Bununla yanaşı, 5 aprel 2022-ci il tarixində paytaxtdakı 20 nömrəli məktəb-liseydə Bakı Uşaq və Gənclər Teatrının “Həyatla oyun” tamaşası nümayiş olunmuşdur. Tamaşa “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq antinarkotik təbliğat işinin gücləndirilməsi, şagirdlərin sağlam həyat tərzi ilə bağlı maarifləndirilməsi məqsədilə hazırlanmışdır.
Uşaq, yeniyetmə və gənclərin asudə vaxtlarının daha səmərəli təşkili, zərərli vərdişlərdən uzaqlaşdırılması məqsədilə dərsdənkənar vaxtlarda təhsil müəssisələrində təşkil olunan müxtəlif dərnək, klub və studiyalarda profillər üzrə bilik və bacarıqlarını, yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək üçün onlara lazımi şərait yaradılıb. Ötən il ərzində paytaxtın təhsil müəssisələrində “Azərbaycan gəncləri narkotikə yox deyir”, “Narkomaniya ümumbəşəri bəladır”, “Narkomaniyaya yox deyək, sağlam həyat seçək”, “Narkomaniyasız gələcək”, “Narkotik vasitələr və onun törətdiyi bəlalar”, “Gələcəyimizi sağlam quraq”, “Narkomaniya və zərərli vərdişlərlə mübarizə yolları”, “Narkotiklərin fiziki təsirləri”, “Milli təfəkkürümüzə, milli-mənəvi dəyərlərimizə yad olan təzahürlərə yox deyək”, “QİÇS və narkomaniyaya qarşı mübarizəyə sən də qoşul”, “Narkomaniyanın yayılmasının qarşısının alınması yolları”, “Sağlam həyat tərzi” mövzularında konfrans, seminar, mühazirə, “dəyirmi masa”, “açıq dərs” və sinif saatları, təbliğat və təşviqat xarakterli aksiyalar, inşa yazı müsabiqələri, rəsm sərgiləri, mədəni-kütləvi tədbirlər və idman yarışları keçirilib. Tədbirlərdə antinarkotik təbliğat aparılmış, narkotikin insan sağlamlığı, mənəviyyatı, ümumilikdə isə cəmiyyət üçün törətdiyi fəsadlar barədə maarifləndirici söhbətlər, müzakirələr aparılıb. Maarifləndirmə tədbirlərində narkomanlıq və onun fəsadlarından, habelə insan səhhətinə vurduğu sağalmaz yaralardan bəhs edən videoçarx nümayiş etdirilib.
Elm və Təhsil Nazirliyi tərəfindən seçilmiş ümumi təhsil müəssisələrində həyata keçirilən “Sağlam təhsil – sağlam millət” layihəsi çərçivəsində hazırlanmış “Sinif gigiyenası” adlı vəsaitdə sağlam həyat tərzinin təbliği və narkomanlığın ziyanı ilə bağlı məlumatlara da geniş yer verilmişdir.
Respublikada fəaliyyət göstərən internat məktəblərində daxili işlər və səhiyyə orqanlarının nümayəndələrinin iştirakı ilə narkomaniya, narkotik vasitələr və onun orqanizmə zərərli təsiri barədə maarifləndirici tədbirlər keçirilmişdir. Tədbirlərdə narkomaniya, narkotik vasitələr, alkoqollu içkilərin, tütün və tütün məmulatlarının orqanizmə zərərli təsiri, reproduktiv sağlamlıq, narkomaniyaya qarşı mübarizə mövzusunda mühazirələr oxunmuşdur.
Peşə təhsili müəssisələrində yerli hüquq-mühafizə orqanlarının əməkdaşlarının iştirakı ilə tütündən istifadə, narkomaniya və digər psixoaktiv maddələrin qəbulu, QİÇS və digər infeksion xəstəliklərə yoluxmanın qarşısını almaq məqsədilə mühazirələr, maarifləndirici və profilaktik görüşlər təşkil edilmiş, videomateriallar nümayiş etdirilmiş və “Narkomaniyaya yox deyək”, “Antinarkomaniyaya qarşı təbliğatın gücləndirilməsi barəsində maarifləndirmə işinin aparılması”, 26 iyun – BMT-nin Narkotiklə Mübarizə Günü, “Narkomaniya əsrin bəlasıdır”, “Zərərli vərdişlər və onların profilaktikası”, “Narkomaniya ağ ölümdür” kimi mövzularda tədbirlər təşkil edilmişdir.
Təhsilalanların təlim-tərbiyəsinə, məşğulluğuna, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması istiqamətində məktəbdənkənar təhsil müəssisələri tərəfindən il ərzində müxtəlif formatda tədbirlər həyata keçirilmişdir. Gənclərin yaradıcı təfəkkürünün, bilik və məlumatlılıq səviyyələrinin artırılması, onların asudə vaxtlarının səmərəli təşkil olunması, istedadlarının üzə çıxarılması, sağlam həyat tərzinin təbliğ olunması və zərərli vərdişlərdən uzaqlaşdırılması məqsədi ölkədaxili və beynəlxalq səviyyəli idman yarışları, yaradıcılıq müsabiqələri, intellektual oyunlar, sərgilər, festivallar, forumlar, “dəyirmi masa”lar və digər tədbirlər təşkil olunmuşdur. Bu sahədə keçirilən tədbirlər kütləvi informasiya vasitələrində geniş işıqlandırılmışdır.
Dövlət Proqramının aidiyyəti tədbirlərinin icrasını təmin etmək məqsədi ilə bir çox ali və orta ixtisas təhsil müəssisələrində konfranslar, disputlar, seminarlar keçirilmiş, sərgilər təşkil olunmuş, bu tədbirlər çərçivəsində narkomaniyaya düçar olmuş şəxslərin aqibətini əks etdirən müxtəlif tamaşalar, “Gənclər zərərli vərdişlərə qarşı”, “Tütün və tütün məmulatlarının istifadəsinin azaldılması”, “Sağlam həyat tərzi” və “Tələbələrə fiziki aktivliyin aşılanması” mövzularında videoçarxlar nümayiş etdirilmişdir.
Ali, orta ixtisas, peşə təhsili müəssisələrinin tələbələri və ümumtəhsil məktəblərinin şagirdləri arasında sağlam həyat tərzini təbliğ etmək, onların idman ustalıqlarını artırmaq, asudə vaxtlarını səmərəli təşkil etmək, o cümlədən, zərərli vərdişlərdən uzaqlaşdırılması məqsədilə tədbirlər keçirilmişdir.
Röya Musayeva,
Elm və Təhsil Nazirliyinin Hesabatvermə və icraya nəzarət sektorunun böyük məsləhətçisi

